Ev itləri

Onlar olan evə mələk girməz: 1500 ilin mübahisəsi bitəcəkmi?

2207
(Yenilənib 10:31 31.01.2018)
"Evdə it saxlanan zaman evə mələklər girə bilmirsə, onda iti olan evlərə ölüm mələyi necə girir? Bu doğru olsa, hər kəs evdə it saxlayar və ölüm mələyi evlərə girə bilməz"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Dünyada əksər insanlar heyvanları sevir və evlərində müxtəlif ev heyvanları, hətta bəzi vəhşi heyvanları belə saxlayırlar. İtlər isə xüsusi sevilən ev heyvanlarından biridir. Bir çox ölkələrdə insanlar, itləri hətta ailələrinin bir üzvü hesab edir.

İt və sahibi, arxiv şəkli
© Sputnik / Pavel Lisitsyn

Ancaq Azərbaycanda itlərin evdə saxlanmasına münasibət birmənalı deyil. Bəzi din xadimləri iddia edir ki, Quranda və hədislərdə itin evdə saxlanması günah kimi göstərilib. Onu da vurğulayırlar ki, it saxlanılan evlərə mələklər daxil olmaz. Bir qrup din adamı isə bu məsələdə başqa cür düşünür. Bildirirlər ki, iti incitmək olmaz, iti vuran, incidən insanlar hətta axirətdə belə cavab verməli olacaqlar.

Maraqlıdır, bu deyilənlər həqiqətə nə qədər uyğundur? İslam dinində itlərlə bağlı hansı qadağalar, məhdudiyyətlər mövcuddur? Sputnik Azərbaycan dini ekspertlərlə bu suallara aydınlıq gətirməyə çalışıb.

Dini ekspert Rəsul Mirhəşimli bildirib ki, İslam dinində insanların heyvan saxlamağına pis baxılmır, əksinə, insanlardan heyvanlarla mərhəmətli davranmaq tələb olunur: "Kimlərsə İslam dininin qaydalarına əməl etmir, yaxud dini inanclarla yaşamırsa, başqasının öz evində it, pişik və ya başqa heyvanları saxlamasına qarışa bilməz. Lakin ibadət edən şəxsin evdə it saxlaması ilə dinin qaydaları bir-birinə uyğun gəlmir".

Bayramov Həşim yaşadığı ərazidəki sahibsiz itlərin hücumuna məruz qalıb
© Sputnik / Shahperi Abbasova

R.Mirhəşimli onu da deyib ki, İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə evdə it saxlanılması ilə bağlı ayə yoxdur: "Quranda yalnız Əshabi-Kəhfin iti barədə söz açılır. Allahın Rəsulu (s) hədislərinin birində buyurur ki, "İt saxlayan kimsənin savabından hər gün bir az əksilir". Hədislərin birində də "it saxlanılan evə mələklər girməz" — deyə söz açılır. Lakin həyətdə it saxlamaq, ov itləri ilə ova getmək heç bir halda qadağan olunmur".

Ekspert itin murdar olması ilə bağlı fikirləri də şərh edib. Bildirib ki, bu, hər məzhəbin öz fiqh üsullarına görə dəyişir: "Bəzi məzhəblərə görə, əgər it namaz qılan insanın paltarına toxunarsa, həmin geyimdə namaz qılmaq olar. Ancaq itin ağzının suyu murdardır. Başqa bir məzhəbə görə isə itin rütubətli halda toxunduğu hər şey murdar olur. Eyni zamanda, həmin məzhəbi qaydalarda bildirilir ki, itin tükü yapışmış paltarda namaz qılmaq batildir".

Teoloq Elşad Mirinin məsələyə münasibəti isə tamam fərqli olub. O, bildirib ki, bu məsələ ilə bağlı uydurma rəvayətlər var: "Rəvayətlərdə bildirirlər ki, qara itlər və şeytan öldürülməlidir. Amma konkret olaraq Qurani-Kərimdə belə bir hökm yoxdur. Qurani-Kərimdə "Kəf" surəsində gənclərdən bəhs olunur və onların yanında olan itdən danışılır".

İlahiyyatçının it saxlanılan evlərə mələklərin girməməsi ilə bağlı fikirlərə münasibəti isə maraqlı olub: "Evdə it saxlanan zaman evə mələklər girə bilmirsə, onda iti olan evlərə ölüm mələyi necə girir? Bu doğru olsa, hər kəs evdə it saxlayar və ölüm mələyi evlərə girə bilməz. Bunlar doğru olmayan fikirlərdir. Allahın yaratdığını bu cür təqdim etmək, haram olduğunu demək doğru deyil. Belə bir qadağa yoxdur, bunlar sonradan düşünülmüş məsələlərdir".

E.Miri vurğulayıb ki, evdə it saxlamağın ancaq tibbi cəhətdən zərərləri ola bilər: "Sadəcə tibbi yönümdən baxanda bu cür yanaşmaq olar ki, it olan ev sakinlərində bəzi xəstəliklər ola bilər. Məsələn, qadınlarda toksoplazma virusu aşkarlana bilər. Amma burada günah olan heç nə yoxdur".

Həkim Adil Qeybulla da bildirib ki, heyvandan insana heyvan mənşəli infeksiyalar keçə bilər: "Bruselyoz, toksoplazma, parazitar infeksiyalar, qurdlar və s. bu kimi infeksiyalar yoluxa bilər. Ona görə də, heyvanlarla təmas zamanı gigiyenik qaydalara riayət etmək lazımdır. Doğrudur, bəzi heyvanların ətindən, südündən də həmin xəstəliklər keçə bilər".

A.Qeybulla isə evdə, ümumiyyətlə heyvan saxlamağı məsləhət görməyib: "İnfeksiyalara yoluxmamaq üçün bəzən ət və süd məhsulları da yoxlandıqdan sonra yeyilməlidir. Evdə saxlanılan ev heyvanları da mütləq mütəmadi olaraq baytar nəzarətində olmalıdır. Hər hansı infeksiya aşkarlanarsa, müalicə olunmalıdır. Amma mən bir həkim kimi evdə heyvan saxlamağı məsləhət görmürəm".

Həkim ev heyvanlarının peyvənd olunmasına da münasibət bildirib: "Peyvənd profilaktika məqsədilə edilir. Heyvan müəyyən infeksiyalara yoluxubsa, artıq peyvənd ona kömək etməyəcək. Mütləq müalicə olunmalıdır. Peyvənd başqa bir şeylərə qarşıdır. Əksər qurd parazitləri və digər xəstəliklər, xüsusilə itlər vasitəsi ilə insana keçir. Heyvanda quduzluq xəstəliyi olur ki, bu da mütləq şəkildə yoxlanmalıdır. İtin tükü isə allergiya xarakteri daşıyır və orqanizm üçün mənfi təsir göstərir. Bir sözlə, çalışmaq lazımdır evdə it, pişik saxlanılmasın".

2207
Teqlər:
mübahisə, Rəsul Mirhəşimli, Elşad Miri, Adil Qeybulla, namaz, it, ev
Əlaqədar
Daha bir qadağa gəlir, ilkin mərhələdə razılıq var
Sürətlə bütün ölkəyə yayılan qadağa: Hər kəs məcburiyyətdən məmnundur
Millət vəkili: "Siqaret qadağasından dolayı əziyyət çəkirəm"
Hələ qanunun "sağı-solu" bəlli deyil, lakin şəhəri qadağa elanları bürüyüb
Fətva verildi: bitkoin İslamla qadağan edilir
Banu Şucai, arxiv şəkli

Azərbaycanın ən gözəl qızı oğlanı onlayn seçdilər

78
(Yenilənib 23:44 10.07.2020)
Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Modellər Banu Şücai və Elçin Dadaşov Miss&Mister Azerbaijan-2020 milli gözəllik müsabiqəsinin qalibi olublar.

Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası səbəbindən müsabiqə ilk dəfə onlayn keçirilib. Münsiflər heyətinə layihənin yaradıcısı və təşkilatçısı Anelya Orduxanova, baş koordinator, quruluşçu xoreoqraf Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov (Mister Super Model 2018) və müsabiqənin piar-meneceri, psixoloq Səxavət Qabiloğlu daxildirlər. 

© Photo : Courtesy organizers of the contest Miss & Mister Azerbaijan-2020
Banu Şücai və Elçin Dadaşov

Models Production model şirkətinin nümayəndəsi də finala qatılaraq iştirakçıların çıxışını onlayn izləyib.

Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar. Finalçılar Bakıdan və Azərbaycanın digər regionlarından şəbəkəyə qoşularaq məharətlərini münsiflərə nümayiş etdiriblər.

Səsvermə nəticəsində Banu Şücai və Elçin Dadaşov birinci olublar.

Banu Şücai Miss Globe International və  Miss smile titullarının sahibi, “Səs Azərbaycan” milli musiqi layihəsinin iştirakçısı olub. Dünyada bir çox beynəlxalq moda həftələrində model kimi iştirak edib. Elçin Dadaşov da moda və gözəllik sənayesi ilə bağlı müxtəlif layihələrə qatılıb.

 

78
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

329
(Yenilənib 22:56 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

329
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər