DTX əməkdaşları

DTX Bakı Beynəlxalq Hava Limanında əməliyyat keçirib, tutulanlar var

813
(Yenilənib 21:10 27.01.2018)
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib və çoxsaylı cinayət faktları qeydə alınıb.

DTX-nın İctimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

  • DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    © Photo : DTX mətbuat xidməti
  • DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    © Photo : DTX mətbuat xidməti
  • DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    © Photo : DTX mətbuat xidməti
  • DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    © Photo : DTX mətbuat xidməti
  • DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    © Photo : DTX mətbuat xidməti
  • DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar
    © Photo : DTX mətbuat xidməti
1 / 6
© Photo : DTX mətbuat xidməti
DTX və DSX tərəfindən aparılmış operativ çəkilişdən kadrlar

Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.

"Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə, ölkədə turizmin inkişafına zərər vurulması hallarının qarşısının alınması üçün bundan sonra da qətiyyətli tədbirlər görüləcək" — deyə, rəsmi məlumatda bildirilib.

813
Teqlər:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Dövlət Sərhəd Xidməti, əməliyyat, Dövlət Təhlükəsizliyi Xidməti
Əlaqədar
DTX: Azərbaycan banklarından pul oğurlayan haker ölkəyə ekstradisiya edilib
DTX-nın keçirdiyi antiterror əməliyyatının görüntüləri
DTX-dan vətəndaşlara mühüm çağırış
Bakı küçələrində dezinfeksiya işləri, arxiv şəkli

Paytaxt bir daha dezinfeksiya edildi

2
BŞİH-dən qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq.

BAKI, 24 oktyabr — Sputnik. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 15-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq. Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qorumaqdır: "Bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. Arzumuz budur ki, bu cür tədbirləri işğaldan azad edilən şəhərlərimizdə, o cümlədən Şuşa və Xankəndidə aparaq".

2

Qəhrəmanlıq tariximizin "Ağ atlı oğlan"ı - Tiqana

164
(Yenilənib 21:15 23.10.2020)
Cəbrayıl sakini: "Cəbrayıla ayaqyalın gedəcəyəm. Kol-kos bassın, vecimə də deyil. Qurban olum Qarabağın kol-kosuna".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Hər kəs onu "Tiqana" adı ilə tanıyırdı. 15 yaşında oyuncaq avtomatını odlu silahla əvəzləyən Tiqana, yəni Samir Əliyev Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O, eyni zamanda texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə, yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib-aparırdı. Anası Aminə Əliyeva onun döyüş şücaətlərindən Sputnik Azərbaycan-a danışıb: "Biz Cəbrayılın Qaracallı kəndindənik. 1993-cü il idi. Səhər oğlum, yoldaşım, mən və balaca qızımla səhər yeməyi yeyirdik. Ermənilər atan kimi Samir tələsik çıxdı. Ayaqqabısının birinin ipini bağladı, heç o birisini bağlamadan qaçdı. Ona əsgər paltarı vermişdilər. Dedim, getmə. Dedi "gedəcəm". Ermənilər başımızdan güllələr tökürdülər. Kəndin üstünü sanki qara buludlar örtdü. Bizi maşına doldurub Arpadərəyə apardılar. Oradan da Mahmudlu stansiyasına apardılar. Bir müddət qaldıq orada".

Samirin valideynləri onu gecə saatlarına qədər gözlədilər. Amma ondan heç bir səs-soraq çıxmadı: "Gecə də evə gəlmədi. Neçə yerə zəng elədik, Samirdən xəbər ala bilmədik. Sən demə, saat 22-23 radələrində ermənilər onu vurublar. Samiri qan aparıb. Ermənilər oğlumu götürməyə imkan verməyiblərmiş. Onu güc-bəla ilə güllələrin altından çıxarıb xəstəxanaya aparıblar. Amma xəstəxanada can vermişdi".

Samiri xəstəxanaya gətirəndə həkimə deyib, "qoyma ölüm, mən müharibəyə getmək istəyirəm". Amma xeyri olmamışdı, vəfat etmişdi. Aminə xanım deyir ki, Samir birinci dəfə ayağından yaralananda qonşusu onu döyüşmək fikrindən daşındırmaq istəsə də, buna müvəffəq ola bilmir: "Qonşumuz xəstəxanada işləyirdi. Onun nəşini qonşumuz tanımışdı. Əvvəl də yaralanmışdı, ayağı və qolu yaralanmışdı. Qonşumuz deyib, "Samir, evin bir oğlusan, get evə". O da deyib, "yox, dağda yaralılar var. Özü yaralı ola-ola 60 yaralı, 40 meyit çıxarıb. Bir meyit qalmışdı, onu çıxaranda erməni Samiri vurmuşdu. Şişqayada yaralanandan sonra bizimkilər çətinliklə də olsa, onu çıxara biliblər. Xəstəxanada canını tapşırmışdı".

Tiqananın ağ atı onun ölümünə dözməyib qəbrinin üstündə can verib: "Samir meşədən ağ at tapmışdı, ermənilər atın bir gözünə güllə vurub çıxarmışdılar. Samir ölən gün at onun qəbrinin üstündə fırlandı, elə onun qəbri üstündəcə can verdi. Yoldaşım o atı da orada basdırdı, gəldik".

Qəhrəmanımız danışır ki, oğlu öz öləcəyi günü bilirdi: "Bir gün Samir gəldi ki, "mənim albomumu, paltarımı apar, Mahmudluya qoy". Bir gün də gəldi ki, heyvanları çıxardın. Heyvanları Beyləqana göndərdik. O bilirdi, amma demirdi. Samir öldüyü günü bilirdi. Qonşumuza demişdi ki, Mirələmin ilində mən öləcəm. Mirələm qonşumuz idi, 1992-ci ildə şəhid olmuşdu. Erməni ona 30 güllə vurmuşdu. O qədər güclü idi ki, 29 güllə vurulmuşdu, ölməmişdi, 30-cu güllədə canını tapşırmışdı. Onu erməni vurduqca "Qarabağ bizimdir" deyib. Ermənilər onun meyitini özləri ilə götürmüşdülər, bizimkilərin xeyli mücadiləsindən sonra onun nəşini aldılar. Onun əsl adı Sahib idi, ermənilər onu Sahib deyə çağırırdılar, amma biz ona Mirələm deyirdik. Ermənilər sonradan dedilər ki, bilsəydik, o, Sahibdir, verməzdik".

Oğlunun ölümündən bixəbər ana o anları danışdıqca göz yaşlarına hakim ola bilmədi. Aminə xanım tezliklə oğlunun məzarını görmək, ziyarət etmək arzusundadır: "Mənim heç nədən xəbərim yox idi. Hamı yığılmışdı Mahmudluya. Bir nəfər gəldi, baldızımı çağırdı, nəsə dedi. Baxdım ki, baldızımın rəngi sapsarı saraldı. Getdim yanına, dedim, "nə olub?" Heç nə demədi. Əlimi atdım üzümə, saçımı, başımı yoldum, dedim, "Samir ölüb". Elə bil, ürəyimə dammışdı. Ondan sonra camaat qarışdı bir-birinə. Oğlumu gətirib Mahmudlu stansiyasında dəfn etdik. 3 gündən sonra orada da atışma başladı, qaçdıq Beyləqana".

"Bir neçə gün Beyləqanda qalandan sonra gəldik Mahmudluya, hələ onda işğal olunmamışdı. Amma atışma davam edirdi. Gəldik, gördük, qəbrin bir tərəfi çöküb. Getdik İcra Hakimiyyətinə dedik, onlar da dedilər ki, sabah bir maşın, bir neçə kisə sement verərik, əsgərlərlə birlikdə qəbri düzəldərsiniz. Gəldik Beyləqana ki, səhər gedib qəbri düzəltdirərik. Səhər eşitdik ki, camaat İrana qaçıb. Qəbir elə qaldı orada. Beyləqanda bir müddət yaşadıqdan sonra Bakıya gəldik. Qızım bu hadisələrdən qorxub sarılıq xəstəliyinə tutuldu. Bir müddət yaşıllaşdırma idarəsində ərimlə mən az məvaciblə işləməyə başladıq. Sonra evlərdə qulluqçu işlədim".

© Sputnik / Shahperi Abbasova
Samir Əliyevin anası Aminə Əliyeva

Hər kəsin sevgisini qazanan Tiqana haqqında məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib: "15 yaşında könüllü getdi. Əvvəllər su, patron daşıyırdı. Sonradan digər döyüş yoldaşları kimi o da vuruşdu. Bir gün Şəmistan Əlizamanlı kəndə gəlmişdi. Kəndin ayağında bunu görür, istəyir, onunla görüşsün, bu qaçır dağa. Gedib əsgərlərə xəbər verir ki, Şəmistan gəlib. Şəmistan deyib ki, "mən onu dərədə gördüm, bu buraya haradan gəlib çatdı?" Samir o qədər cəld, qoçaq uşaq idi ki, heç nə gözünü qorxutmurdu. "Ağ atlı oğlan" filmi ona həsr olunub. Hər dəfə o filmə baxanda pis oluram, həm də fəxr edirəm".

Ona "Tiqana" ləqəbinin verilməsinin səbəbi barədə də danışdı şəhid anası: "Bəzən gecənin bir aləmi gəlirdi evə, rayondan kəndə. Ona o qədər deyirdik ki, "uşaqsan, getmə", amma bizi dinləmirdi. Onun qoçaqlığına və qara olduğuna görə Elmidar adlı həmkəndlimiz ona "Tiqana" ləqəbi qoymuşu. Fransız futbolçusu Jan Tiqanaya oxşayırdı, həm də çox yaxşı futbolçu idi Samir. Ona görə "Tiqana" deyirdilər. Rəhmətlik Həsən Turabov da çox istəyirdi onu".

Aminə nənə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində strateji cəhətdən əhəmiyyətli olan bir neçə nöqtələri, eləcə də bir neçə kəndimizin işğaldan azad olunması xəbərinə hədsiz sevinib: "Sevincdən az qala dəli olacaqdım. Kəndimiz Qaracallıya ayaqyalın gedəcəyəm. Deyirlər, "ayaqlarına kol batacaq, hər yer kol-kosdur". Deyirəm, "qoy batsın, vecimə də deyil. Qurban olum kəndimin kol-kosuna". Oralar cənnət idi. Torpaqları bərəkətli idi. O qədər gözəl, dadlı meyvələr yetişirdi ki, heç burada o meyvələr yoxdur, dadı o dad deyil. Ağzımızın dadı da gedib. Torpaqlar alınsın, hər şeyi burada qoyub gedəcəm. Heç nədə gözüm yoxdur. Necə ki, Bakıya gələndə 1 stəkan da gətirməmişdim, eləcə də Cəbrayıla qayıdacam. Gedəcəm, əkib-becərəcəm, toyuq-cücə saxlayıb özümü dolandıracam".

"Həyat yoldaşım Qarabağ deyə-deyə dünyadan köçdü. Onu burada dəfn eləmişik. Amma söz vermişəm, onun nəşini də burada saxlamayacam, aparıb kəndimizdə dəfn edəcəyəm. Köhnə xəstəxana təmir olunmuşdu. Orada yaşı mindən artıq olan çinar ağacı var idi, onun üstündə çayxana var idi, ikimərtəbəli idi, altında bulaq var idi. Bir möcüzə idi. Yoldaşım həmin restoranda aşpaz işləyirdi. Ermənilərin o ağacı məhv etdiyini eşidəndə yoldaşım heç dözmürdü", - deyə Aminə nənə əlavə edib.

Həmsöhbətimiz Cəbrayıl rayonunun gözəlliklərindən danışdı: "Xarı-bülbül Şuşada bitir deyirlər. Amma bizim kəndin hər tərəfində xarı-bülbül bitirdi. O qədər ağac var idi ki, evlər görünmürdü. Həyətimiz dolu idi meyvə ağacları ilə. Həyətimizdə narla əncir ağacının ortasında mis, alüminium, tunc qazanlarımı, şüşə çayniklərimi, samovarlarımı basdırmışam. Qismət olsun, torpaqlarımız azad olunsun, minalardan təmizlənsin, gedib qazım çıxarım onları. İnşallah, ermənilər o qabları tapmazlar. Oranı bu dəqiqə getsəm, taparam. Erməni atırdı, bilirdik ki, gec-tez gedəcəyik".

164
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO
Айгул Исаева, политолог, фото из архива

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0