CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını öz evi sayan, "qamarcoba"ya "əleyküm salam" deyə cavab verən gürcü

Abunə olmaq
İrakli Qabriadze yad şəhərdə artıq xarici deyil, doğma bakılıdır. O, bu şəhərdə rus dilini və Azərbaycan dialektlərini öyrənib

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Məni həmişə bu sual düşündürür: görəsən Azərbaycanda yaşayan əcnəbilər buranı necə görür və necə hiss edir? Maraq məni bürüdüyündən və qismən də özüm üçün ayırd etmək istədiyimdən, bunu bütün dost və tanışlarımdan soruşuram.

Artıq 7 ildir ki, Bakıda yaşayan gürcü İrakli Qabriadze ilə görüşə hazırlaşarkən də düşünürəm ki, onunla hansı dildə salamlaşacam? Müxtəlif dillərdə salamı ifadə edən sözləri beynimdə götür-qoy edirəm: "Qamarcoba" (gürcücə salam), "Salam-əleyküm" (azərbaycanca), yaxud sadəcə "Dobrıy den" (rusca, günaydın). İrakli qarşıma çıxıb bərkdən "Salam" deyəndə, bütün fikir və şübhələrim dağıldı.

© Sputnik / Murad Orujovİrakli Qabriadze
İrakli Qabriadze - Sputnik Azərbaycan
İrakli Qabriadze

— İrakli, yeddi ildir Bakıdasınız. Az vaxt deyil, amma çox da deyil. Yəqin artıq burada özünüzü əcnəbi hesab eləmirsiniz…

— Bəli, mən elə ilk gündən burada özümü evimdəki kimi hiss edirəm (gülür). Beynəlxalq şirkətin Bakıdakı nümayəndəliyində qrup meneceri olaraq böyük dost çevrəsinə malikəm və dostlarımın içində digər xaricilərlə yanaşı azərbaycanlılar da var. Mən Bakıda yaşayan əcnəbilərlə əlaqə saxlayanda hamısı bir səslə deyirlər ki, biz burada xoşbəxtik. Dəqiq deyə bilərəm ki, Bakı mənim olduğum şəhərlər arasında ən canlı və təhlükəsiz şəhərdir.

İçəri şəhərdə gəzməyi çox sevirəm. Xəzərin sahillərində velosiped sürməyi sevirəm. Sizin mətbəxinizi sevirəm, hansı ki, onun qarşısında nəfsi cilovlamaq çox çətindir. Azərbaycanın hər yerinə səyahət etməyi sevirəm. Demək olar ki, ölkənin hər yerini gəzmişəm. Şəki isə mənim üçün əsl cənnət guşəsidir. Sizin xalqınızı sevirəm — həlim xasiyyətli və qonaqpərvərdirlər. Gürcülər burada qonaq, yaxud əcnəbi kimi qəbul olunmur. Mən burada öz evimdəyəm.

© Sputnik / Murad Orujovİrakli Qabriadze: Azərbaycan çox sürətlə inkişaf edir – burada həyat sanki qaynayır
İrakli Qabriadze: Azərbaycan çox sürətlə inkişaf edir – burada həyat sanki qaynayır - Sputnik Azərbaycan
İrakli Qabriadze: Azərbaycan çox sürətlə inkişaf edir – burada həyat sanki qaynayır

— Biz iki Qafqaz xalqıyıq. Sizcə bizim əsas fərqimiz nədir?

— İlk növbədə mədəniyyət fərqi var. Bakı sakinləri istiqanlı və sakit insanlardır. Mənə elə gəlir ki, Tbilisidə aqressiya daha çoxdur, nəinki burada. Gürcülər daha azad və emosionaldırlar, çünki həmişə etiraz aksiyaları və mitinqlərlə rastlaşırlar. Azərbaycanlılar isə əksinə, daha təmkinlidirlər. Amma ən əsası bizim xalqları bir şey birləşdirir — özünəməxsusluğunu, tarix və mədəniyyətini itirməmək.

— Siz bu yeddi il ərzində heç bir dəfə də olsun aqressiya ilə üzləşməmisiniz?

— Yox. Bakıda olduğum dövr ərzində qarşılaşdığım yeganə xoşagəlməz hal o olub ki, velosipedimi oğurlayıblar (gülür). Bax, bu gözlənilməz idi.

Amma siz o qədər qonaqpərvər xalqsınız ki, belə şeylər dərhal unudulur. Sizə bir hadisə danışım, ona gülümsəməmək mümkün deyil. Bir dəfə dostlarımdan biri yanıma gəldi və biz restoranda oturmalı olduq. Gecənin sonunda hesabı ödəmək vaxtı gələndə, bizim aramızda mübahisə başladı: o dedi, mən ödəyəcəm, mən dedim, yox mən ödəyəcəm. Bir sözlə, biz uzun müddət hesabı ödəmək üstündə, özü də ucadan mübahisə etdik. Qonşu stoldan bir azərbaycanlı bizə yaxınlaşıb dedi: "Uşaqlar, mən bütün hesabı ödəmişəm, mübahisə eləməyin". Sonra o da bizim stolda oturdu və biz birlikdə yenidən yeyib-içməyə başladıq (gülür).

© © Foto İ.Qabriadze tərəfindən təqdim olunubİrakli Qabriadze (solda) Bazardüzü zirvəsində
İrakli Qabriadze (solda) Bazardüzü zirvəsində - Sputnik Azərbaycan
İrakli Qabriadze (solda) Bazardüzü zirvəsində

Bakıya gələndə yalnız dil baryeri ilə üzləşdim. Mən təkcə ingilis dilini bilirdim və ofisdən qıraqda yerli əhali ilə təmas qurmaq çətin idi. Amma indi Bakının sayəsində rus dilini də bilirəm, burada öyrənmişəm. Dostlar deyirlər ki, mənim ruscam gürcü yox, azərbaycanlı aksentindədir (gülür). Hətta bu müddət ərzində mən yerli dialektləri də öyrənmişəm, xüsusilə Gəncə və Naxçıvan ləhcəsində danışıram. Və əlbəttə ki, Şəki ləhcəsini bilirəm. Şəkililər sanki ayrıca planetdirlər.

— İrakli, siz idmanla da məşğul olursunuz. Mümkünsə, bizə Bakıdakı fəal həyatınızdan danışın…

— Mən o prinsipin tərəfdarıyam ki, həyatda ürəyin istəyən hər şeyin dadına baxmaq lazımdır. Vaxtımın çoxunu idmana həsr edirəm. Həmişə yüksəklikdən qorxmuşam və bu qorxunu atmaq üçün Dubayda paraşütlə tullanmışam.

İki il əvvəl isə azərbaycanlı dostlarla Böyük Qafqaz silsiləsinin zirvəsini fəth etməyə getmişdik və Bazardüzü dağına qalxdıq. Mən həvəskar alpinistəm. Hər il dağlarda olmağa çalışıram. Ötən yay Türkiyə və Gürcüstan dağlarında olmuşam. İndi Elbrus zirvəsinə qalxmağı planlaşdırıram.

Bakıda mən "Formula-1"də də iştirak etmişəm, özümü Azərbaycan Qran-prisinin Bakı trekinin marşalı rolunda sınamışam. Bütün bunları öz gözümlə görmüşəm və bunu unutmaq, sözlə ifadə etmək mümkün deyil. Yeri gəlmişkən, mən Bakıda təlimlərə getmişəm və marşal lisenziyası almışam. İndi istənilən digər ölkədə keçirilən yarışlarda iştirak edə bilərəm. Bu il isə yenidən Bakıda olacam.

© Sputnik / Murad Orujovİrakli Qabriadze
İrakli Qabriadze - Sputnik Azərbaycan
İrakli Qabriadze

Bakıda tez-tez sərgiləri və digər performansları ziyarət edirəm. Foto sənətindən xüsusi zövq alıram və məni son zamanlar ən çox təəccübləndirən XX əsr fransız fotoqrafı Anri Kartye-Bressonun Heydər Əliyev Mərkəzindəki sərgisi olub. Ümumiyyətlə, deyim ki, Azərbaycan daim yeniliklərə yol açır.

— Bir sözlə, işgüzar həyat, sadəcə həyatınızın kiçik bir hissəsini təşkil edir…

— Doğrudur. Mən vaxtımı tez-tez təkcə dostların əhatəsində keçirmirəm, həm də Bakıda yaşayan gürcü ailələrinə qonaq gedirəm. Yeri gəlmişkən, sizin milli bayramlarınızı da sevirəm və onlardan ən sevimlisi baharın gəlişi münasibətilə keçirilən Novruzdur. Bu bayramın konsepsiyası — yeni həyatın gəlişi mənim xoşuma gəlir.

— Əgər sabah Amsterdama, yaxud Gürcüstana qayıtsanız, Bakı üçün darıxacaqsınız?

— Əlbəttə. Ən çoxu da istiqanlı insanları üçün.

— İrakli, bizim gənclərimizin bir qismi ölkəmizin potensialını qiymətləndirmir və onu tərk edirlər. Onlar deyirlər ki, başqa ölkələrdə perspektiv daha çoxdur. Siz bizim ölkənin biznes sahəsində olan adam kimi bu barədə nə deyə bilərsiniz?

— Bütün bunlar yaşla əlaqədardır. Bizim hər birimiz gəncliyimizdə dünyaya baxmaq istəyirik. Sanki hər birimiz kiçik inqilabçılarıq və bu, heç də pis bir şey deyil. Amma yaşa dolduqca, ağlımız özümüzə qayıdır və özümüzü dərk edirik. Bundan sonra əvvəlki fikirlərimizin çoxu geri qayıdır. Bu gün Azərbaycan ən sürətlə inkişaf edən ölkələrdən biridir. Burada həyat qaynayır, iqtisadiyyatın inkişafına impuls verən yeni uzunmüddətli layihələrə qol qoyulur. Əgər mənim Bakıya gəldiyim on il əvvəllə bu günü müqayisə etsək, fərq çox böyükdür.

Mənim gənclərə məsləhətim: Gedin, gəzin, əylənin, bütün dünyanı öyrənin və topladığınız bilik ehtiyatınızla birlikdə öz vətəninizə qayıdın.

İrakli ilə sağollaşanda artıq onun "Çox sağ ol" və "Necə məsləhətdir" ifadələri məni təəccübləndirmirdi. Və bu necə də əladır — yad ölkəyə getmək və burada özünü yad hiss etməmək.

Xəbər lenti
0