Avtomobil yolu

Xoş xəbər: Vətəndaşları narahat edən yol yenidən qurulur

475
(Yenilənib 16:51 24.01.2018)
Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək

BAKI, 24 yanvar — Sputnik. Kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən ötən il Bakı şəhərində 10 qəsəbələrarası avtomobil yolu yenidən qurulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O, bildirib ki, cari ildə 11 qəsəbəarası yolun yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi tərəfindən müvafiq işlərə başlanılıb.

Yol təmiri, arxiv şəkli
© Photo : PUBLIC DOMAIN

"Bu ilin ilk qəbələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9.1 km təşkil edir. Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək" – deyə Nəcəfli bildirib.

Artıq yolun 4.6 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun 60 min m2-dən çox sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 3 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və 1 ədəd mövcud 5 metr uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunacaq.

Uzun müddət istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti yolun hərəkət hissəsində dağılma və çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılacaq, ən əsası 3 yaşayış məntəqəsinin 43 minə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yolun birləşdirdiyi qəsəbələrarası yük və sərnişin daşıması rahatlaşacaq.

475
Teqlər:
Avtomobil Yolları Dövlət Agentliyi, avtomobil yolu, təmir, Anar Nəcəfli
Əlaqədar
Bu yolun da təmiri başa çatdı
Daha bir küçə təmirə bağlanıb
Məktəbi kim təmir etdirməlidir: valideyn yoxsa nazirlik?
Daha bir küçəmiz təmir edilir - Sürücülərin diqqətinə
Əhalinin narahatlığına səbəb olan yolun təmiri başa çatır