Gəzişən adamlar

Bütün Azərbaycan vətəndaşları qarşısında tələb!

7477
(Yenilənib 10:23 22.01.2018)
Və bu tələb heç bir şəkildə özündə zorakılıq ehtiva etməməlidir

BAKI, 22 yanvar — Sputnik. Bir günlük Gürcüstan gəzintisindən qayıdan qohumumu orda üzləşdiyi mənzərə necə yandırıb-yaxıbsa, tam üç gündür danışıb bitirə bilmir. Əslində, danışdığı hadisə doğrudan da çox acınacaqlı vəziyyətdən xəbər verir, sadəcə olaraq ona təsəlli vermək üçün forma tapa bilmirəm.

Əvvəlcə onun nəql etdiyi hadisə olduğu kimi: 

“Sınıq Körpü” sərhəd-keçid məntəqəsini keçib taksi axtarırdım. Bu vaxt qarşıdakı taksilərdən birinin sürücüsü yaxınlaşdı ki, “Qağa, sən ruscax bilirsənmi?”. Özümü idarə etdiyimi dedim. Qayıdasan ki, “Burda gürcü polislər var, bayaqdan nəsə qırıldadırlar, qanammıram. Sən Allah, gör nə istəyirlər”. 

Bunu Gürcüstan vətəndaşı olan bir azərbaycanlı deyirdi. Rus dilini bilməməsi qətiyyən qəbahət olmayan və mənimlə ana dilində danışması çox sevindirici olan bir azərbaycanlı. Amma vətəndaşı olduğu dövlətin dilini bilməyəcək və öz ölkəsinin məmurunun nə demək istədiyini qanmayacaq qədər cahil olan bir soydaşımız. Polislə danışdıqdan sonra öyrəndim ki, yazıq məmur onlardan gediş-gəlişə mane olmamaq üçün avtomobillərini bir az arxa tərəfdə saxlamalarını xahiş edirmiş. Bəli, məhz xahiş edirmiş, maşınlarını evakuatora doldurub cərimə meydançasına aparmırmış…”

Qohumumun danışdığı bu qədər. Burdan sonra mənim dərdim açılacaq. Bəlkə Gürcüstanda mövcud olan reallıq qədər acı, bəlkə də ondan daha acı olan dərdim.

Heç şübhəsiz ki, ölkənin bir vətəndaşının digər bir vətəndaşının danışdıqlarını anlamaq üçün başqa bir ölkənin vətəndaşından yardım istəməsinə, üstəlik həmin yardımın üçüncü bir ölkənin dilində təmin olunmasına bir ad vermək olar – BİABIRÇILIQ! Və bu biabırçılığı sənin qardaşın, soydaşın, eyni qanı daşıdığın biri törədirsə, insanın utancından yerə girməyi gəlir.

Həm Azərbaycandakı, həm də Gürcüstandakı düşünən insanlar on illərdir məhz bu biabırçılığın yaşanmaması üçün həyəcan təbili çalırlar. Oradakı soydaşlarımızın gürcü dilini öyrənmələrinin və Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalarının mütləq zərurət olduğunu izah etməyə çalışırlar. Yarım milyona yaxın azərbaycanlının varlığının Gürcüstan cəmiyyətində, ictimai-siyasi mühitində başqa heç cür hiss olunmadığı və olunmayacağı vurğulanır. Amma, nafilə!

Bu belə. İndi gələk işin digər tərəfinə — Azərbaycandakı acı reallığa. Bir müddət öncə hansısa jurnalistin şiddətə çağıran statusu və bunun nəticəsində onun işdən çıxarılması çoxumuzun yadındadır. Cəmiyyətin həmin hadisəyə münasibəti birmənalı olmasa da, əksəriyyətin mövqeyi haqlı olaraq ondan ibarət oldu ki, “İrqi, dini, milli ayrı-seçkiliyə, şiddətə, zorakılığa çağıran heç bir fikir qəbul edilə bilməz və həmin jurnalist çox böyük səhvə yol verib. Onun bu cür aqressiyası qəbuledilməz olduğu kimi, etdiyi davranışı ana dilinə olan sevgisinin kobud təzahürü olaraq qəbul etmək və onun “dar ağacına” çıxarılmasına da yol verməmək lazımdır”.

Qeyd olunduğu kimi, kimsəni başqa bir dildə danışdığı üçün asmaq, kəsmək, başını əzmək birmənalı şəkildə qəbuledilməzdir. Bu, qanunla məsuliyyət yaratdığı kimi, əxlaqi normalarla da ziddiyyət təşkil edir. Üstəlik, Ermənistan kimi monoetnik deyil, multikultural, çoxmillətli, çoxdinli və bütün bunları bir araya sevgi ilə gətirən tolerant bir ölkədə — Azərbaycanda.

Eyni zamanda, bizim bir haqqımız da var axı — Bu ölkənin hər bir vətəndaşından buranın dövlət dilini bilməsini tələb etmək haqqımız. Necə ki, Gürcüstandakı soydaşlarımızdan gürcü dilini, Rusiyadakı soydaşlarımızdan rus dilini, başqa bir ölkədə yaşayan soydaşımızdan həmin ölkənin dilini bilməsini tələb edirik, eyni tələbi burada yaşayan azərbaycanlı və qeyri-azərbaycanlının da qarşısına qoymaq bizim danılmaz haqqımızdır. 

Lakin nifrət aşılayan çağırışlarla, başlarını əzməklə, gözlərini çıxarmaqla deyil, hüquqi mexanizmlə. Məsələn, elə Rusiyanın özündə tətbiq olunan bir mexanizm (işləmək istəyirsənsə, rus dilindən və Rusiya tarixindən imtahan verməlisən) şəklində qurmaq olar bu işi. Axı, burada doğulub, böyüyüb, işləyib, pul qazanıb mənim ana dilimi anlamamağın mənə qarşı hörmətsizlik, dövlətimə qarşı etinasızlıqdır (hələ çox dərinə gedib “təhqir” kəlməsindən istifadə etmirəm).

Gürcüstanda – öz tarixi yurdunda yaşayan azərbaycanlı tarixi prosesləri incələmədən, niyə bu gün o dili öyrənməyə məcbur buraxıldığını dartışmadan, qeyd-şərtsiz gürcü dilini bilməlidir. Bu, onun vətəndaşlıq borcudur. 

Eləysə, mənim Vətənimdə yaşayanın dilimdən anlamamağa nə haqqı var? Heç bir şəkildə istisna edilməyəcək faktdır ki, Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dilini anlamalı, bu dildə danışmağı, yazmağı və oxumağı bacarmalıdır!

7477
Teqlər:
soydaş, dil, dövlət, vətəndaş, Gürcüstan, Azərbaycan
Əlaqədar
Yalvarıram, əl saxlayın!
Qarşımızda yeni məcburiyyət və gəl də bundan baş çıxar
Yeni nazir gəlir, həm də yeniliklərlə
Nəyiniz var-nəyiniz yox, evə daşıyın, qapıları bağlayın
O, artıq yoxdur, gözümüz aydın
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xanəndə Arif Babayevdən üzücü xəbər

50
(Yenilənib 22:58 30.09.2020)
Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

50
Azərbaycan bayrağı, arxiv şəkli

Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur

64
(Yenilənib 22:08 30.09.2020)
Məlahət Kəlbiyeva: "Ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb. Həddən artıq sifarişlər gəlir, inanın, çatdıra bilmirik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində başlayan hərbi əməliyyatlar hamıda mübarizə ruhunu oyadıb. Kimi ön cəbhədə, kimi isə arxa cəbhədə Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır.

Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

Sosial şəbəkələrdə isə mağazalarda bayraqların qiymətlərinin bahalaşması ilə bağlı müzakirələr yer alır. Şəbəkə istifadəçiləri bayraqların qiymətinin 2-3 dəfə bahalaşdığını iddia edirlər.

Sputnik Azərbaycan bir neçə mağaza ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirməyə çalışıb. Təbii olaraq, mağazalardan agentliyə bildiriblər ki, bayraqların qiymətində heç bir dəyişiklik olmayıb.

Bununla belə, bəzi mağazalarda bayraq satışı dayandırılıb. Mağazalar bunun səbəbini anbarlara yeni malların gətirilməməsi ilə izah ediblər. Satıcıların sözlərinə görə, hər gün vətəndaşlar bayraq üçün müraciət edirlər. Amma bayraqların qiymətində heç bir artım olmayıb.

Satıcılar hazırda anbarlarda bayrağın olmadığını da qeyd ediblər. 

Qiymətlərə gəlincə, masaüstü bayraqlar 3 manat, otaq üçün böyük ölçülü bayraqlar isə 25-90 manat arasında satılır.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, indiki müharibə şəraitində bayraqların qiymətlərinin bahalaşması yolverilməzdir. Əksinə, bayraq istehsalı ilə məşğul olan müəssisələr, şəxslər vətənpərvərlik ruhunu yüksək tutmaq üçün bayraqların qiymətini ucuzlaşdırmalıdır ki, hər kəs alıb, evindən, eyvanından, avtomobilindən asa bilsin. 

"Azəratribut" MMC-nin təsisçisi Məlahət Kəlbiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb:

"Həddən artıq sifarişlər gəlir. Nazirliklər, supermarket şəbəkələri, idarələr sifariş edir. İnanın, sifariş o qədər çoxdur ki, çatdıra bilmirik".

M.Kəlbiyeva qeyd edib ki, əksinə, vəziyyətlə əlaqədar olaraq bayraqların qiyməti ucuzlaşıb.

Onun sözlərinə görə, vətənin ağır günündə hamı bacardığı qədər yardım etməlidir: "Biz özümüz də ehtiyac olduğu təqdirdə bayraqları pulsuz veririk. Əvvəl 100 manata satdığımız bayraqları indi 50-60 manata satırıq. Belə günlərdə qazanc düşünmək olmaz. Bu, günahdır".

O qeyd edib ki, özü də sosial şəbəkələrdə müxtəlif mağaza və ticarət mərkəzlərində bayraqların baha satıldığı ilə bağlı məlumatlarla qarşılaşıb: "Bu, digər ölkələrdən gətirilmiş məhsullar ola bilər. Ancaq biz bacardığımız qədər bu günlərdə ucuz bayraqlarla xalqımıza dəstək verməyə çalışırıq".

64