Kafedə oturan adamlar

Sürətlə bütün ölkəyə yayılan qadağa: Hər kəs məcburiyyətdən məmnundur

402
(Yenilənib 17:36 18.01.2018)
Qapalı yerlərdə siqaret çəkmək qadağan ediləndən sonra ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı xəbərdarlıq və ya cərimə tətbiq edilməsi faktı ilə rastlaşmısınız?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun artıq rəsmən qüvvəyə minib. Qanunda tütündən istifadə (siqaret çəkmə) ilə bağlı çox ciddi məhdudiyyətlər var. Əsas məsələ qadağanın tətbiq ediləcəyi yerlərdir. Qadağan edilən yerlərdə, xüsusilə kafe, restoranlarda, qapalı yerlərdə, dayanacaqlarda və başqa məkanlarda siqaret çəkməyə görə məsuliyyət (30 manat cərimə) də var. Qanun tam işləməsə də, artıq bəzi məkanlarda siqaret çəkənlərə ciddi xəbərdarlıq edilir.

Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında yeni qanunun qüvvəyə minməsindən sonra hökm sürən vəziyyətlə bağlı sorğu keçirib. İstifadəçilərə "Qapalı yerlərdə siqaret çəkmək qadağan ediləndən sonra ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı xəbərdarlıq və ya cərimə tətbiq edilməsi faktı ilə rastlaşmısınız" sualı ünvanlanıb. Sualımıza verilən cavabları təqdim edirik:

Rauf Alagözov: "Bu qanun da bəzi qanunlar kimi kağız üzərində qalacaq. Qanunun tələbi olduğu kimi yerinə yetirilsə, çox müsbət haldır, lakin siqaret çəkilmək üçün xüsusi yerlər yoxdur. Belə məkana ancaq hava limanında rast gəlmişəm".

Nemət Orucov: "Ötən gün Nəsimi rayonunda yerləşən kafelərin birində əyləşmişdik. Siqareti yandırmaq istəyəndə yaxınlaşıb dedilər ki, içəridə siqaret çəkmək olmaz. Sonra diqqətlə baxıb gördüm ki, siqaret çəkənlərin cərimə ediləcəyi haqda elan vurulub. Bu səbəbdən də çıxıb çöldə çəkməli oldum. Qanun təzə olduğu üçün icrası bir qədər çətindir. Amma bəyənirəm yeni qanunu".

Səməd Ağayev: "Cərimə edildiyinin şahidi olmamışam. Amma qadağa tətbiq edilir. Doğrusu, bundan dolayı çox xoşbəxtəm. Son 1 həftə ərzində rayondan tutmuş Bakıya qədər hər yerdə bu qanuna əməl olunduğunu müşahidə etmişəm".

Mahir Orucov: "Zənnimcə, doğru, düzgün, hətta gecikmiş qərardır. Mən özüm də siqaret çəkirəm və hər zaman da məsuliyyətimi dərk etmişəm. Xüsusilə uşaqlar olan ərazidə siqaret çəkənləri daha da ağır şəkildə cərimələmək lazımdır. Hətta, evin içində də siqaret çəkənlərə rast gəlmək olur, bunlara qarşı isə daha amansız olmaq lazımdır".

Azər Həsrət: "Mən hər gün qayda pozuntusunun şahidi oluram. 3 gün öncə 81 saylı avtobusun sürücüsü sükan arxasında siqaret çəkirdi".

Əkbər Əsədov: "Qanunla qadağa olmayan vaxtlarda da siqaret çəkən zaman ətrafımda olanları narahat etməməyə çalışırdım. Hələ ki, cərimə olunma halları ilə rastlaşmamışam".

Rüstəm Musayev: "Bütün qapalı məkanlarda yazıblar ki, "siqaret çəkmək qadağandır". Amma siqaret çəkirlər. Biri mən özüm. Hələ cərimə ilə rastlaşmamışam".

Aytac Sanıyeva: "Universitetin dəhlizində siqaret çəkənlərə qadağa qoyulmasına baxmayaraq, tələbələrlə yanaşı müəllimlər də siqaret çəkirdi. 70 yaşlı müəllimin siqareti çəkməsi bir yana, çəkdikdən sonra kötüyünü də yerə atırdı. Həmin vaxt ağlımdan keçən ilk şey kötüyü götürüb həmin müəllimə vermək və "müəllim, bu sizindir, yerə düşdü" olurdu". Rayona gedən avtobusda sürücünün siqaret çəkməsi isə mənə görə tam bir müsibətdir. Sürücünün yanında olan pəncərə açıq olur və külək siqaretin tüstüsünü içəri vurur. Kiməsə bu haqda deyəndə deyir ki, "6-7 saatlıq yoldur, bəs nə etsin, harada çəksin?".

Ruslan İbrahimli: "Göyçayda, başqa ictimai yerləri deyə bilmərəm, qapalı çayxanalarda siqaret çəkmirlər".

Cəmilə Hüseynova: "30 manatı stolun üstünə qoyub çəkənlər var. Bəziləri var ki, bu qərarla razı olmur və səs-küy salırlar, ancaq tezliklə alışacaqlar. Amma siqaret çəkənlər restoranda az oturacaqlar. Çünki məcbur olub tez-tez çölə çıxaraq siqaret çəkmək heç kimə rahat deyil".

Şaiq Çələbi: "Çayxanalarda içəridə siqaret çəkmirlər artıq. Əvəzində hamı çıxır çöldə çəkir, mən getdiyim küçə başdan-ayağa siqaret kötükləridir".

Siqaret çəkmək qadağandır
Karikatura
Siqaret çəkmək qadağandır

402
Teqlər:
qapalı yer, məhdudlaşdırılma, tütün məmulatları, məkan, xəbərdarlıq, siqaret, qanun, qərar, cərimə
Əlaqədar
Diqqət: “Siqaret reydləri” başlayıb
Benzin, siqaret və spirtli içkilər bahalaşıb
"Siqaret çəkmək qadağandır" qorxusundan necə qurtulmaq olar - Hüquqşünas məsləhəti
Azərbaycana gələn şəxsin siqaret arzusu gözündə qaldı
"Onları siqaret çəkdiklərinə görə cərimələmək hüququmuz yoxdur"
Siqaret çəkənlərin nəzərinə!!!
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

5
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

5
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

13
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

13

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0