CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ veteranından qəribə plan: Xocalıya da belə getmək niyyətindədir

© Sputnik / Rahim MuradovƏkrəm Cabbarovun düzəltdiyi velofayton
Əkrəm Cabbarovun düzəltdiyi velofayton - Sputnik Azərbaycan
Abunə olmaq
"Kəndin uzaq hissəsində yaşayan məktəbliləri təmənnasız aparıb-gətirmək üçün bunu yaratdım"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Uşaqların təhsil almaları üçün çoxumuz əlimizdən gələni edirik. Öncə övladlarımızın təhsil müəssisəsinə gediş-gəlişini asanlaşdırmağa çalışırıq. Büdcəmizin imkan verdiyi təqdirdə, onlar üçün taksi tuturuq, çox vaxt iş-gücümüzü kənara atıb, özümüz aparıb-gətiririk məktəbə.

Təbii ki, bunlar daha çox şəhər və rayon mərkəzlərində təhsil alan uşaqlara aiddir. Çünki kənd məktəblərində oxuyan uşaqların, demək olar ki, hamısı məktəb yolunu piyada qət edirlər. Təbii ki, payız və qış aylarında bunun xüsusi çətinlikləri olur.

Masallı rayonunun Xanalion kənd sakini Əkrəm Cabbarov isə bu çətinliyi aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olan Əkrəm həm öz uşaqlarını, həm də ətrafda yaşayan uşaqları məktəbə aparıb-gətirmək üçün velofayton (arxasına fayton quraşdırılmış velosiped) yaradıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Ə.Cabbarov bununla həm də çoxdankı arzusunu reallaşdırdığını deyir: "Uşaqları sevindirmək üçün bunu yaratdım. Əvvəldən arzu edirdim ki, uşaqları məktəbə aparıb-gətirmək üçün bir vasitə yaradım. Yəni həm öz uşaqlarımı, həm də qonşu uşaqları, xüsusən də məktəbdən uzaqda yaşayan uşaqları aparıb-gətirmək üçün nəqliyyat vasitəsi yaratmaq istəyirdim".

© Sputnik / Rahim MuradovƏkrəm Cabbarovun düzəltdiyi velofayton
Əkrəm Cabbarovun düzəltdiyi velofayton - Sputnik Azərbaycan
Əkrəm Cabbarovun düzəltdiyi velofayton

"Allaha çox şükür ki, bunu yarada bildim. Buna görə də böyük həvəslə başladım işə və təxminən 25-30 günə ərsəyə gətirə bildim. 300 manata yaxın pul xərclədim velofaytonuma. Velofayton düzəldəndə qətiyyən qaynaqdan istifadə etmədim. Yalnız bolt, qayka istifadə etmişəm. Yeni il ərəfəsində isə uşaqlar əylənsinlər deyə velosipedi bəzədim ki, uşaqları məktəbə bayram əhval ruhiyyəsi ilə aparıb-gətirim" — müsahibimiz danışır.

İxtiraçı indi də ən böyük arzusunun düzəltdiyi velofaytonla Qarabağa səfər etmək olduğunu bildirir: "İndi ən böyük arzum, işğal altında olan Şuşa, Kəlbəcər, Xocalı və Laçın azad edildikdən sonra bu velofaytonla o torpaqlara səyahət etməkdir. Mən bu arzumun həyata keçməsini Allahdan istəyirəm. İnşallah prezidentimiz əmr verər və torpaqlarımız tezliklə geri alınar".

Əkrəm Cabbarov bu tip velosipedlərdən gələcəkdə kənd təsərrüfatında istifadə etmək üçün düzəldəcəyini də qeyd edir "Bir planım var, gələcəkdə başqa bir velosiped alım və onu təsərrüfatda istifadə etmək üçün, yəni torpaq şumlamaq üçün düzəldim. Velosipedə kotan qoşmaq fikrim var. Traktorların torpaq şumlamasını görmüsünüz yəqin. Kartof, soğan və digər tərəvəzlərin əkini üçün motorlu velokotan hazırlamaq istəyirəm və yaxın gələcəkdə onu da düzəltməyə başlayacam".

Həmsöhbətimiz onu da əlavə edir ki, toy karvanında da bəylə gəlini aparmaq üçün bu velofaytondan istifadə edəcək və artıq yayda baş tutacaq iki toy üçün sifariş var.

Xəbər lenti
0