BAKI, 17 yanvar — Sputnik. Bakının bir hissəsində su təchizatında məhdudiyyət olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər olan ərazinin su təchizatında məhdudiyyət olacaq: "Bakı Metropoliteni"nin bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, bu gün Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq".
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.