Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. Deyirlər, yol mədəniyyətdir. Amma Qax rayonunun Xələftala kənd sakinləri üçün bu məfhum yaddır. Adıçəkilən kəndin sakinlərinin sözlərinə görə, bu yol onlara hələ ki, problem, dərd-sərdən başqa heç nə verməyib.
Məsələn, Sofi Quloşvili adlı sakin kəndin yol probleminə görə həmin kəndi ailəsi ilə birlikdə tərk edib. O, yaşadıqları çətinlikləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladır: "Kəndimiz çox səfalıdır. Hər tərəf meşədir. Lap cənnəti xatırladır. Amma bu "cənnət"in yol problemi imkan vermədi ki, mən ömrümün axırına qədər orada yaşayım".
"O kənddə mənim uşaqlığım keçib, orada torpaqlarımız var. Xəstəliyimlə əlaqədar rayon mərkəzinə tez-tez gedib-gəlməliydim. Lakin yolsuzluq üzündən mümkün deyildi. Nəticədə məcbur olub ailəmizlə birlikdə başqa bir kəndə köçdük. Xələftalada artıq çox az adam yaşayır. Onlar imkansızlıqdan kənddən köçə bilmirlər" — Quloşvili danışır.
Yaşlı Sofi xanımın sözlərinə görə, taksi sifariş edəndə sürücü onlardan beşqat pul alır: "Həyat yoldaşım xəstə idi. Təcili yardım çağırdıq, yol probleminə görə ambulans gəlib çatmadı, yoldaşım can verdi. Kənd sakinləri də avtomobil almırlar, çünki bu yolla ancaq bir-iki dəfə gedib-gələ bilərlər. Taksi sürücüləri də kəndin adını eşidəndə ya yüksək qiymət deyirlər, ya da ora getməkdən imtina edirlər".
Bənzər problem rayonun Qımır kəndində də hökm sürür. Kənd sakini İsa İsayev bildirir ki, kənddə nə yol var, nə də tibb məntəqəsi: "Yaşlı adamam, bəzən gecənin bir aləmi halım pisləşir, evdəkilər bilmir nə etsinlər. Təcili yardım çağıranda da həkim gəlib çıxınca, əksər hallarda iş-işdən keçmiş olur".
"Nə qədər insan tanıyıram ki, təcili yardım gəlib çatmayıb, maşınla rayon xəstəxanasına aparılarkən yolda keçinib. Axı biz də insanıq, biz də bu ölkənin vətəndaşıyıq. Məgər biz yoldan ötrü əziyyət çəkməliyik, hansı dövrdə yaşayırıq?" — deyə İ.İsayev gileylənir.
Digər kənd sakini Mehman Abdurrahmanov isə məlum problemlə bağlı rayon icra hakimiyyətinə məlumat verdiyini deyir: "Mən bir dəfə icra başçısından xahiş etdim, o da texnika göndərdi, yolu bir az genişləndirdilər. Amma yol asfaltlanmadığından dizə qədər palçığa batırıq. Yayda bataqlığa dönmüş yoldakı üfunətdən boğuluruq, qışda isə gediş-gəliş xeyli çətinləşir".
Yəqin ki, müvafiq qurumlar yolun olmaması səbəbindən əhalinin kəndləri tərk etməsinin, regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın adına yaraşmadığını başa düşürlər. Və yəqin ki, onlar ümummilli lider Heydər Əliyevin məşhur kəlamını da unutmayıblar: "Yol — iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.