Valyuta alış satışı

Yeni valyutadəyişmə qaydalarının yeni köhnə tərəfləri

300
(Yenilənib 17:02 09.01.2018)
Kassada valyuta olduğu halda alqı-satqı əməliyyatından imtina qadağan edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. "Əgər indiyədək şəxs yalnız valyuta alanda (500 dollardan çox valyuta alan zaman) şəxsiyyət vəsiqəsini təqdim edirdisə, indi valyuta satan da şəxsiyyət vəsiqəsini təqdim edəcək. Yəni şəxs 10 min dollardan çox valyuta satırsa, şəxsiyyət vəsiqəsini təqdim etməlidir".

Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov,

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

"Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nı Sputnik Azərbaycan-a şərh edərkən deyib. O, qeyd edib ki, əvvəllər istənilən qədər valyuta satan şəxsiyyət vəsiqəsini təqdim etmədən bunu edə bilirdisə, amma indi sənəd təqdim edilməlidir.

Ekspert deyib ki, ötən il "Valyuta tənzimi haqqında" qanuna edilən dəyişikliyə əsasən valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilib: "Yəni bir ara bu, qadağan edilmişdi. Əgər əvvəllər yalnız banklar valyutadəyişmə məntəqəsinə malik ola bilərdisə, hazırda istənilən sahibkar buna malik ola bilər. Sadəcə müəyyən nizamnamə kapitalına malik olmaqla Palatadan lisenziya alıb bu fəaliyyətə başlamaq olar".

"Dekabrın 29-da "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası" təsdiq edilib və dekabrın 30-da qüvvəyə minib. Prinsipcə, burada çox şey əvvəllər bu sahədə olan Mərkəzi Bankın qaydalarından götürülüb. Yəni Mərkəzi Bankın da eyni adlı qaydaları var idi. Bu səlahiyyət Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib və hazırda Palata bununla məşğuldur" — həmsöhbətimiz bildirib.

Valyutadəyişmə
© Karikatura
Valyutadəyişmə

Ə.Həsənov belə qaydalarda bütün göstəricilərin xarici valyutada, konkret olaraq ABŞ dollarında göstərilməsini milli valyutamıza hörmətsizlik kimi qiymətləndirib: "Yalnız Palata bunu etməyib. Məsələn, 2016-cı ilin dekabr ayında Mərkəzi Bank "Valyuta əməliyyatları rejimi" qaydalarını təsdiq edib və orada da hər şey ABŞ dolları ekvivalentində yazılıb. Halbuki pulun əsas funksiyalarından biri də ölçü dəyəri olmasıdır. Yəni biz bütün qiyməti dollar ilə göstəririksə, bu, Konstitusiyaya da ziddir. Təəssüf ki, Palata da Mərkəzi Bankın qoyduğu bu mənfi ənənəni davam etdirir".

O, əlavə edib ki, qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir: "Bu, o deməkdir ki, valyutadəyişmə məntəqəsi deyə bilməz ki, ancaq dollar və ya avro alıram. Həm də satmalıdır. Əlbəttə, valyutadəyişmə məntəqəsi bütün xarici valyuta ilə əməliyyat aparmağa məcbur edilə bilməz. Hansı valyuta ilə əməliyyat aparmağı özləri müəyyənləşdirirlər".

"Amma yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir. Devalvasiya vaxtı belə hallar baş verib. Halbuki Mərkəzi Bankın əvvəlki qaydalarında da belə məhdudiyyət var idi. Amma valyutadəyişmə məntəqələri buna məhəl qoymurdular. Yəqin ki, yaxın aylarda valyutadəyişmə məntəqələrini görə biləcəyik" — Həsənov vurğulayıb.

İqtisadçı-ekspert Cəfər İbrahimli də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əsas dəyişikliklərdən biri valyuta mübadilə məntəqəsinin fərdi lisenziya əsasında formalaşdırılacağı ilə bağlıdır: "Əvvəl bunlar bankların şöbəsi kimi işləyirdi. Palataya dövri olaraq hesabatlar göndəriləcək. Valyuta alqı-satqısında şəxsiyyəti təsdiq edən sənədin tələb olunması yenilik olacaq. Sənədi hazırda banklar da tələb edir".

İqtisadçı-ekspert Cəfər İbrahimli
© Photo : ŞƏXSİ ARXİV
İqtisadçı-ekspert Cəfər İbrahimli

Mütəxəssisin sözlərinə görə, ciddi dəyişiliklərdən biri də odur ki, kassada valyuta olduğu halda alqı-satqı əməliyyatından imtina qadağan edilir: "Bu tələbin yerinə yetirilməsi və nəzarətinin çətin olacağını düşünürəm. Bu məsələdə sərbəstlik verilməlidir. Burada biznes strukturunun valyutanı alması və ya satması, vaxtı, qiyməti kimi məsələləri müəyyən etməkdə sərbəst olması daha yaxşı olardı".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nı təsdiq edib. Qayda "Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.

300
Teqlər:
Cəfər İbrahimli, alan, satan, mübadilə, alış, Sputnik Azərbaycan, şəxsiyyət vəsiqəsi, satış, Əkrəm Həsənov, ekspert, valyuta
Əlaqədar
Manat xarici valyutalar qarşısında bahalaşdı
Xəbəriniz olsun: Azərbaycanda valyuta mübadiləsi qaydaları dəyişdirildi
Bağırzadə: “Milli valyuta ilə ticarət aparılması İran üçün aktualdır”
Həsənov: “ABŞ valyutası zəifləməkdə davam edəcək”
Azərbaycanda iki xarici valyuta bahalaşdı