Əmək haqqı

Maaşımızdan faiz tutulacaq, bəs qarşılığında qazanacağıq?

3969
(Yenilənib 14:59 29.12.2017)
"İşsizlikdən sığorta əmək müqaviləsi olan bütün vətəndaşlara aid olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilib.

Vüqar Bayramov
Vüqar Bayramov

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, işsizlikdən sığorta əmək müqaviləsi olan bütün vətəndaşlara aid olacaq: "Bura bütün sahələrdə, o cümlədən də mətbuatda çalışanlar daxildir. Burada əmək müqaviləsinin olması şərtdir. Əgər şəxs mətbu orqanda çalışırsa, əmək müqaviləsi yoxdursa, işsizlikdən sığortadan istifadə edə bilməyəcək. O halda işsizlikdən sığortadan istifadə edə bilər ki, məhz həmin şəxsin əmək müqaviləsi olsun. Yəni əmək müqaviləsi olan şəxslər işsizlikdən sığortadan istifadə edə biləcəklər".

İqtisadçının sözlərinə görə, burada əsas məqsəd odur ki, vətəndaş əmək müqaviləsi ilə işləyir və iş yerini itirdikdən sonra işsizlikdən sığorta fondu ona ödəniş edəcək: "Qanunvericiliyə əsasən, vətəndaş iş yerini itirdikdən sonra 6 ay müddətində sığorta almaq imkanı qazanacaq. Əgər həmin müddətdə iş tapa bilmirsə, yenidən müraciət edib daha 3 ay işsizlikdən sığortadan istifadə edə biləcək".

"Yəni bu, o deməkdir ki, 9 ay müddətində işsizlikdən sığortadan istifadə etmək imkanı qazanacaq. Bu zaman işçi 0,5 faiz, işəgötürən 0,5 faiz işsizlikdən sığorta haqqı ödəyəcək" — V.Bayramov bildirib.

O əlavə edib ki, alınan sığortanın məbləği (6 və ya 9 ay müddətində) işçinin iş stajından asılı olacaq: "Əgər işçinin stajı 3 ildən 5 ilə qədərdirsə, o zaman əmək haqqının 50 faizi həcmində sığorta ala biləcək. Məsələn, vətəndaş 800 manat əmək haqqı alır və 5 il iş stajı var. Əgər işini itirirsə, bu zaman ona ödəniləcək sığorta məbləği 400 manat olacaq. Əgər 6 ay müddətində də iş tapmazsa, 9 ay müddətində aylıq olaraq 400 manat sığorta alacaq. Əgər vətəndaşın iş stajı 5 ildən çox, 10 ildən azdırsa, bu zaman aldığı əmək haqqının 55 faizi həcmində sığorta alacaq. Məsələn, vətəndaş 800 manat əmək haqqı alıb və 7 il iş stajı var. Bu zaman onun aylıq sığortası 440 manat olacaq".

Ekspertin sözlərinə görə, amma əgər işçinin iş stajı 10 ildən çoxdursa, işini itirən zaman aldığı əmək haqqının 60 faizi həcmində sığorta alacaq: "Məsələn, 800 manat əmək haqqı alıb və iş stajı 10 ildən çoxdur. Bu zaman aylıq 480 manat sığorta alacaq. Bu da 6 ay müddətində, əgər iş tapmazsa, 9 ay müddətində həmin sığortadan istifadə etmək imkanı qazanacaq. O baxımdan sığorta məbləği iş stajından asılı olacaq. Əmək haqqı çox olarsa, iş yerini itirdikdən sonra çox sığorta alacaq, az olarsa, nisbətən az alacaq".

V.Bayramovun şərhinə əsasən, digər əhəmiyyətli məqamlardan biri odur ki, işçi iş yerini itirdikdən sonra hər uşağa görə də 5 faiz (ümumən 20 faizdən çox olmamaq şərtilə) sığorta alacaq: "Məsələn, vətəndaş iş yerini itirib, 2 övladı var. Övladlarına görə də əlavə olaraq 10 faiz sığorta haqqı alacaq. Bu zaman 800 manat əmək haqqı alan şəxsin işsizlik sığortasına 80 manat əlavə olunacaq. Amma şəxsin 4 övladı varsa, iş yerini itiribsə, bu zaman 800 manat əmək haqqı alan vətəndaş 20 faiz sığortadan istifadə etmək imkanı qazanacaq. Yəni 160 manat aylıq olaraq onun aldığı sığorta məbləğinə əlavə olunacaq".

"Məsələn, şəxsin iş stajı 10 ildən çoxdursa, 800 manat əmək haqqı alıbsa, eyni zamanda, 4 övladı varsa, bu zaman o, aylıq olaraq 640 manat (480 manat işsizlik sığortası, övlada görə 160 manat əlavə) alacaq. Yəni hər övlada görə 5 faiz əlavə ödəniş ediləcək" — müsahibimiz vurğulayıb.

O, əmək müqaviləsinin və işsizlikdən sığortanın məcburi olduğunu diqqətə çatdırıb: "Məcburi surətdə bütün əmək müqaviləsi olan şəxslər icbari xarakter daşıdığı üçün işsizlik sığortasından istifadə etməlidirlər".

Sığorta eksperti Mustafa Abbasbəyli də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, işçi əmək haqqının 0,5 faizini sığorta haqqı üçün, 0,5 faizini isə işəgötürən işçinin yerinə ödəyəcək: "Bu şəkildə ümumilikdə aylıq 1 faiz ayırma olacaq. İşçinin maaşı nə qədərdirsə, onun 0,5 faizini özü, 0,5 faizini işəgötürən ödəyəcək".

Mustafa Abbasbəyli, sığorta eksperti
© Photo : STR
Mustafa Abbasbəyli, sığorta eksperti

"Hazırda sosial sığorta haqlarına görə əmək haqqı fondunun 22 faizini işəgötürən, 3 faizini isə işçi ödəyir. Bu prinsiplə də 1 faiz (0,5 faiz işçi, 0,5 faiz işəgötürən) ödəniləcək. Bu, bütün təşkilatlara aiddir. Şəxs özü gedib ödəməyəcək, onun maaşından tutulub köçürüləcək. İndi maaşdan necə tutulub köçürülürsə, bu da həmin qaydada olacaq" — ekspert izah edib.

Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında" qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Bu qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Bu qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında" qanun ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər.

İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3969
Teqlər:
işəgötürən, 0,5, "İşsizlikdən sığorta haqqında", işçi, əmək haqqı, Mustafa Abbasbəyli, Sputnik Azərbaycan, prezident İlham Əliyev, əmək müqaviləsi, vətəndaş, faiz, maaş, ekspert, iqtisadçı, Vüqar Bayramov, qanun
Əlaqədar
Sərnişinlərin sığortalanması: yaxşıdır, ya pis?
Diqqət: Sığortaedənlərin nəzərinə!
Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı
Yanvardan başlayaraq maaşımızın bu qədəri əlimizdən alınacaq

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir

17
Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada deyilir:

"Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 28 sentyabr 2020-ci il tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair aşağıdakıları bildiririk:

İlk növbədə, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atmışlar. Mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək hərbi qulluqçulardan əlavə, aralarında ahıl, qadın və uşaqların olduğu doqquz nəfər Azərbaycanlı mülki vətəndaşı qətlə yetirmiş, onlarla mülki şəxsi yaralamış və çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurmuşdur. Beynəlxalq humanitar hüquq və insan hüquqlarını kobudcasına pozan Ermənistan hökumətinin bu müraciəti onun ikiüzlü siyasətinin növbəti təzahürüdür.

Digər yandan, nəzərə alsaq ki, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər.

Görünən odur ki, Ermənistan ənənəsinə sadiq qalaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən və bu müstəsna hüquq müstəvisindən çirkin siyasi məqsədlər üçün istifadə etməkdən çəkinmir. Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid edirik.

Hesab edirik ki, Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozmaqda davam edən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov Ermənistana qarşı iş üzrə pilot xarakter daşıyan 2015-ci il tarixli qərarını bu günədək icra etməyən Ermənistanın insan hüquqlarının müdafiəsi mexanizmlərindən sui-istifadə etmək cəhdinin qarşısı alınmalıdır.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri mülki əhalini, mülki obyektləri və mülki infrastrukturu hədəfə almır. Ermənistanın məqsədli şəkildə atəş nöqtələrini yaşayış məntəqələrinin yanında yerləşdirdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə məskunlaşdırılmış əhaliyə hərbi obyektlərdən kənarda durmaq barədə rəsmi çağırış edib.

Onu da qeyd edək ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 15-ci maddəsinə uyğun olaraq, Azərbaycan tərəfi hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Konvensiya üzrə bəzi öhdəliklərdən geri çəkilmə hüququndan (deroqasiya) istifadə etməsi haqqında sentyabrın 28-də Avropa Şurasının Baş katibini məlumatlandırıb.

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində apardığı əks əməliyyatlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət etməkdədir".

17
Teqlər:
Azərbaycan XİN, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib

4
"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!"

BAKI, 29 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə ediblər: "Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edib və qardaş Türkiyənin dəstəyini ifadə edib. Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk".

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumla Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: "Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olublar. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib".

Artıq şanlı ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: "Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz tikməmişik. Biz bizə aid olanı geri alırıq və alacağıq".

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.

"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!" - deyə Sahibə Qafarova qeyd edib.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Tərtər atəş altında: poçt binasına və xəstəxanaya top mərmiləri düşüb
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı
Gecə ərzində gərgin döyüşlər davam edib - video