Yeni doğulmuş körpə

Azərbaycansayağı ədalət: körpəsini satan atanı niyə tutmurlar?

535
(Yenilənib 10:42 29.12.2017)
Hüquq-mühafizə orqanları uşaq alveri faktı ilə maraqlanmaq üçün kimdənsə ərizə gözləyir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində kirayə mənzildə yaşayan Tovuz rayon sakininin yeni doğulmuş oğlan uşağını satmağa cəhd etməsi faktı araşdırılacaq.

Bunu Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, yerli KİV-in yaydığı məlumata görə, 40 gün əvvəl ata olmuş 24 yaşlı Orxan körpəsini 10 min manata satmaq qərarına gəlib. O, bununla bağlı qarabazar.az saytında elan yerləşdirib. Qeyd edib ki, uşağı saxlamaq imkanı olmadığından onu satmaq qərarına gəlib. Uşağına 10 min manat qiymət qoyan Orxan elanda qiymətdə razılaşa biləcəyini də yazıb.

"Uşaq sağlamdır. Mən onu uşağı olmayanlara satıram" – deyə kişi elanda qeyd edib. Bundan sonra jurnalistlərdən biri Orxanla telefon əlaqəsi yaradaraq özünü uşağı almaq istəyən adam kimi təqdim edib. Orxan qeyd edib ki, borc içində batır və yalnız buna görə uşağı satmaq qərarına gəlib. Onun sözlərinə görə, hazırda uşaq Respublika Kliniki Xəstəxanasında qeydiyyatdadır və əgər istəsələr, uşağı alan şəxsin adına yazdıra bilər.

Uşağın satılması faktının özü dəhşətlidir. Amma bu tarixçədə ən dəhşətli olan atasının körpəni, hətta donor kimi satmağa hazır olmasıdır.

Sputnik Azərbaycan-ın müxbiri qarabazar.az saytının redaktoru ilə danışıb. Sayt redaktoru özünü Malik adı ilə təqdim edib və soyadını deməkdən imtina edib. Malikin sözlərinə görə, uşağın satışının cinayət olduğunu bilən kimi elanı dərhal saytdan yığışdırıblar. Hadisə dekabrın 27-də baş verib.

"Bu, adi haldır, ona görə də elan qəbul olunub. Biz yalnız narkotiklər kimi qanunla satışı qadağan edilən şeylərin elanını vermirik. Biz söhbətin uşağın satışından getdiyini dərhal başa düşməmişik. Hazırda saytda bu elan yoxdur. Mən sizə bu faktı yaymağı məsləhət görmürəm. Biz özümüz də bunun qanunazidd olduğunu başa düşən kimi elanı saytdan yığışdırdıq" – deyə saytın rəhbəri bildirib.

DİN-dən bildiriblər ki, sözügedən faktla bağlı artıq araşdırmaya başlayıblar və ictimaiyyət tezliklə onun nəticəsini biləcək. Bununla belə, nə Suraxanı Rayon Polis İdarəsində, nə də Suraxanı Rayon Prokurorluğunda sözügedən faktla bağlı heç bir məlumat yoxdur.

Polisdən bildiriblər ki, bu faktı prokurorluq araşdırmalıdır. Prokurorluqdan isə deyiblər ki, bizim müxbir onlara dərc edilmiş məqalə ilə müraciət etməlidir ki, onlar araşdırmaya başlasınlar.

Heç kəs bu faktla dərindən maraqlanmayıb. Yeni doğulmuş körpənin başına nə gələcəyi, onun kimin əlinə düşəcəyi heç kəsi maraqlandırmayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46-cı maddəsinə (Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri) görə, cinayət işinin başlanması üçün səbəb təkcə fiziki və hüquqi şəxslərin müraciətləri deyil, həm də KİV-də gedən məlumatlar da ola bilər. CPM-in 49.2 maddəsində deyilir ki, cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

Odur ki, haqqında bəhs etdiyimiz hadisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər səbəblər var. Məsələn, uşağın valideynlərinin şəxsiyyətini müəyyənləşdirmək üçün Tovuz rayon sakini olan Orxan adlı şəxsin adını uşağın qeydiyyatda olduğu Respublika Kliniki Xəstəxanasının qeydiyyat kitabçasında axtarmaq kifayətdir. Müxbirimiz, öz növbəsində uşağını satmaq istəyən Orxan adlı şəxslə əlaqə yaratmaq istəyib, lakin o, mobil telefonunu söndürüb. Hətta bu halda belə, hüquq-mühafizə orqanlarının sözügedən şəxsin izinə düşməsi çətin deyil.

Hələlik isə hüquq-mühafizə orqanları uşağın taleyini həll etmək üçün ərizə gözləyir. Baxmayaraq ki, belə niyyətləri olan atanın yanında o uşağın işıqlı gələcəyi üçün, demək olar, heç bir şans yoxdur.

535
Teqlər:
satmaq, körpə uşaq, Suraxanı rayonu, dəhşət, ata, elan
Əlaqədar
Bakıda körpə qız faciəli şəkildə ölüb
Körpə uşağı vəhşicəsinə döyən dayə həbs edilib - VİDEO
Ata körpə oğlunu təpiklədi
Bir problemin izi ilə və ya körpələri niyə ac qoyuruq
Azərbaycanda yol kənarında körpə meyiti tapıldı

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

14
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

14

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

4
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

4