Peşə liseyi

İşəgötürənlərin də, axtaranların da narahatlığına son qoyulacaq

497
(Yenilənib 18:04 28.12.2017)
"İnsan istədiyi vaxt hansısa mərkəzdə, kursda öz meyl və marağına uyğun olan ixtisasa yiyələnə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. "İşə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib".

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama vermişdi. O bildirmişdi ki, təkliflərdə formal təhsildən kənar əldə edilmiş bacarıqların tanınması prosedurunu həyata keçirəcək Sertifikatlaşdırma Mərkəzinin, müxtəlif iqtisadi sahələr üzrə ekspertlər şəbəkəsinin yaradılması və s. məsələlər yer alır: "Ölkədə bacarıqların peşə standartları vasitəsilə tanınması, bundan sonra işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədin tələb edilməsi peşə təhsili sahəsində aparılan islahatlara töhfəsini verəcək".

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dövlət başçısının 2016-cı ildə imzaladığı fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: "Məhz 2016-cı ildən etibarən peşə ixtisaslı təhsil müəssisələrinə qəbul tam şəffaf və obyektiv şəkildə Təhsil Nazirliyi ilə "ASAN Xidmət"in birgə layihəsi əsasında həyata keçirilir. Buna qədər isə peşə ixtisaslı təhsil müəssisələrinə qəbul şəffaf deyildi. Məzunların işlə təmin olunması, əmək bazarına keyfiyyətli kadrların buraxılması baxımından vəziyyət o qədər də yaxşı deyildi".

Ekspertin sözlərinə görə, Azərbaycanda 107 peşə ixtisas təhsil müəssisəsi var, amma əmək bazarında onların işlə təmin olunması 2,7-3 faiz təşkil edir: "Bu da olduqca aşağı rəqəmdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qeyd edir ki, əgər kimsə ali təhsil ala bilmirsə, bu və ya digər peşə vərdişlərinə, peşə ixtisaslarına yiyələnməlidir".

"Peşə məktəbləri tərəfindən insanlara peşə vərdişlərinə, bilik və bacarıqlara malik olduğunu təsdiq edən diplom və yaxud da sertifikat verilir. Məsələn, hazırda ölkəmizdə əmək bazarında yüksək maaş ilə aşpaz vəzifəsinə vakansiyalar kifayət qədər çoxdur. Amma bizim aşpaz buraxan peşə məktəblərinin sayı cəmi 2-dir və məzunların sayı azdır. Məşğulluq Xidməti də tələb edir ki, peşə vərdişlərinə yiyələnmək ilə bağlı sənədi peşə məktəblərində təhsil almaqla təsdiq edə bilərsiniz. Bu, kifayət qədər uyğun və uğurlu variantdır" — Əsədov bildirib.

Onun fikrincə, bu gün bizim əksər xidmət və qeyri-xidmət sektorunda işləyən bacarıqlı şəxslər var: "Amma onların həmin bacarıqlara malik olduğunu təsdiq edən hansısa sənəd yoxdur. Yəni, bütün restoranlarda aşpaz var, amma, onların aşpazlıq bacarıqlarına malik olduqlarını təsdiq edən sənəd yoxdur. Bəlkə bu, qeyri-peşəkardır. Ona görə də hesab edirəm ki, bu addımın atılması əmək bazarında kifayət qədər daha peşəkar kadrların ortaya çıxması ilə nəticələnəcək".

Ekspertin qənaətincə, Azərbaycanda 107 peşə ixtisas təhsil müəssisəsinin heç də hamısının infrastrukturu müasir standartlara cavab vermir: "Hətta bəzilərinin maddi-texniki bazası 1970-80-ci illərə aiddir. Məsələn, sürücü, dülgər və zərgərin peşə məktəbini bitirməsi ilə bağlı sənədi var, amma, onların həqiqətən də bu bilik və bacarıqlara malik olduğunu təsdiq edən bir qurum, yoxlama olmalıdır. Ali məktəbi bitirənlər işə qəbul olmaq üçün dövlət qulluğundan imtahan verirlər. Peşə məktəbini bitirən məzunların da əmək bazarına daxil olarkən bilik və bacarıqlara malik olduqlarını təsdiq edən sertifikatı olmalıdır".

"Yəni, diplom, təhsil sənədi yetərli deyil. Bunun obyektiv, neytral qurum tərəfindən yoxlanılması normal bir haldır. Məsələn, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Yaxud da hər il bu və ya digər dövlət orqanlarında çalışanların bacarıqları, bilikləri yoxlanılır. Amma təəssüf ki, peşə ixtisası sahəsində bu yoxdur. Ona görə də əmək bazarında çalışanlar olduqca qeyri-peşəkardırlar" — K.Əsədov vurğulayıb.

"Bəzən restoranlarda zəhərlənmələr, inşaatda təhlükəsizlik qaydalarına riayət olunmaması bu kimi proseslərin nəticəsidir. Bundan sonra işəgötürən konkret biləcək ki, işə qəbul etdiyi şəxs dövlət tərəfindən təsdiq edilib və lazımlı bilik və bacarıqlara malikdir"- deyə o, əlavə edib.

Əjdər Ağayev, təhsil eksperti
© Photo : STR
Əjdər Ağayev, təhsil eksperti

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də Sputnik Azərbaycan-a açıqlamasında bu addımı müsbət qiymətləndirib: "Fasiləsiz təhsil deyilən bir anlayış var. İnsan istədiyi vaxt hansısa mərkəzdə, kursda öz meyl və marağına uyğun olan ixtisasa yiyələnə bilər. Bu, ali təhsil deyil. Amma hər halda xidmət sahələrində işləyə biləcək bacarıqları formalaşdıran təhsildir. Bunlar sertifikat, şəhadətnamə alacaq, praktik bacarıqlara yiyələnəcək və buna uyğun da işləyə biləcəklər".

Onun sözlərinə görə, bu, tikintidə baş verən qəzaların sayını azalda bilər: "Görürsən ki, tikintidə çalışır, amma, ixtisası yoxdur. Ona görə də qəza baş verir. Əgər çalışanlar ixtisas sahibi olsalar, mühafizə formalarının nədən ibarət olduğunu bilər, təhlükəsizlik qaydalarına əməl edərlər. İxtisas sahibi olmayan isə bunları bilmir".

497
Teqlər:
işə qəbul, sertifikat, kadr, Əjdər Ağayev, diplom, Sputnik Azərbaycan, Kamran Əsədov, peşə, , Səlim Müslümov, təhsil, məktəb, ekspert, nazir
Əlaqədar
Əsədov peşə təhsilindəki yenilikləri şərh edir
Bu peşə sahiblərinə də pulsuz mənzillər verildi
Əliyev: “Azərbaycanda müəllim peşəsinə maraq artıb”
"Artıq 600-dən yuxarı bal toplayan abituriyentlər də müəllimlik peşəsini seçirlər"
Peşəkar fotoqraf: “Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”
Bəzi peşələr üzrə əmək haqqı artdı