Təranə Dadaşova

Onun dünyasını xilas edə bilərik...

252
(Yenilənib 11:23 28.12.2017)
Gecikmiş tale, xəstə oğul və yataqxana divarları

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Hər kəsin həyatda bir taleyi var. Kimi onu arzuları üzərində qurub yaşayır, kimi isə ömür boyu arzularının intizarında qalır. Ailə həyatı, xoşbəxtlik, sağlam övlad da hər bir qadının arzusudur.

Təranənin də belə arzuları var idi. Gözəl ailəsi olsun istəyirdi, sağlam övladı, təmirli evi. Ancaq tale ondan hər şeyi əsirgədi…

Bir müddət öncə yolum hazırda 100-ə yaxın ailənin məskunlaşdığı, keçmiş Məhəmməd Hadi adına Göz Xəstəxanasına düşmüşdü. Sakinlərlə söhbət edib problemləri ilə maraqlanırdım. Sağollaşıb çıxanda qarşımı bir qadın kəsib, evinə getməyimi xahiş etdi. Dedi ki, xəstə övladı olduğu üçün köməyə ehtiyacı var.

Təranə xanım övladı Əlizaminlə
© Sputnik / Murad Orujov
Təranə xanım övladı Əlizaminlə

Otağa üfunət iyindən girmək mümkün deyildi. 47 yaşlı Təranə Dadaşova 2005-ci ildə ailə həyatı qurandan burada yaşamağa başlayıb. Ancaq həyatı heç də istədiyi kimi olmayıb. Gec ailə həyatı quran Təranənin bir övladı dünyaya gəlib. O da xəstə…

Dediyinə görə, həyat yoldaşının 60 yaşı var: "Əslən lənkəranlıyam. Özüm gec ailə həyatı qurmuşam. 2005-ci ildə ailə həyatı qurdum və oğlum dünyaya gəldi. Adını Əlizamin qoydum. Düşünürdüm ki, gec ailə həyatı qursam da, şükür ki, bir övladım var. Qocalanda əlimdən tutar".

"Amma uşaq serebral iflici ilə dünyaya gəlib. 9 yaşı olsa da, nə gəzə, nə də hərəkət edə bilir. Bir neçə dəfə İrana müalicəyə aparmışam. Uşağın müalicəsi üçün 7-9 min manat pul istəyirlər" — deyən T.Dadaşova bildirir ki, Əlizamin ətrafda baş verənləri başa düşür, gəzməyə də can atır, amma bacarmadığı üçün əsəbiləşir.

Təranə xanımın yaşadığı yataqxana
© Sputnik / Murad Orujov
Təranə xanımın yaşadığı yataqxana

Uşağın qidalanmasını və geyimini güclə təmin edən ailənin onu müalicə etdirməyə imkanı yoxdur: "Bura ev də deyil ki, satım, uşağımı müalicə etdirim. Deyirlər, Moskvada müalicəsi var. Əməliyyat və müalicə isə çox pul tələb edir".

"Bu yaşımda bütün gün 9 yaşlı uşağın qulluğunda dururam. Heç bir yerdən köməyim də yoxdur. Bir özüməm, bir 60 yaşlı həyat yoldaşım və bir də ümidimi bağladığım xəstə oğlum Əlizamin. Dərdimi kimə danışım, özüm də bilmirəm" — deyə Dadaşova Sputnik Azərbaycan vasitəsilə dərdini milyonlara çatdırır.

Qadın danışa-danışa xəstə övladını qucağına alır, bağrına basıb öpür, oxşayır. Balasının nə vaxtsa sağalacağına ümidi var. Düşünür ki, oğlu sağalacaq, dərsə gedəcək, öz-özünü idarə edə biləcək.

Yataqxanadakı şərait çox acınacaqlıdır
© Sputnik / Murad Orujov
Yataqxanadakı şərait çox acınacaqlıdır

Qapıdan çıxanda yalvarır ki, onun harayını xeyirxah insanlara çatdırım. Deyir, bəlkə kimsə kömək edə, övladı sağala…

Təranə Dadaşovaya yardım etmək istəyənlər redaksiyamızla əlaqə saxlaya bilərlər.

252
Teqlər:
Təranə Dadaşova, tale, oğul, övlad, xəstə, ailə, həyat, insan
Əlaqədar
Ölkəmizdə taleyin ən böyük təzadına şahid oluruq
Rafiq Hüseynovun ilk həyat yoldaşı: "Öz yaşıdı da o fədakarlığı etməzdi"
Həyat onu çətin sınağa çəkib
Həyat bir uşağa qarşı bundan artıq amansız ola bilməzdi...
Bakıda alternativ qaz xətləri yaradılır

Bakıda alternativ qaz xətləri yaradılır

0
Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb.

BAKI, 4 iyul — Sputnik. Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu cür üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problemlər aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışacaq.

Dairəvi sistem kimi çalışacaq bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrində olan 5800 metr uzunluqda "Aşağı Şağan" qaz xəttinin 2500 metrlik hissəsi əsaslı təmir olunur. 2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Bu xəttin böyük bir hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

© Photo : AzeriGas Production Union
Bakıda alternativ qaz xətləri yaradılır

Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək. Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını "Aşağı Şağan" qaz xətti ilə ödəmək mümkün olacaq.

0
Heroin, arxiv şəkli

Bakı sakini karantin zamanı da öz əməlindən qalmırmış

5
Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

BAKI, 4 iyul — Sputnik. Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib.

R.Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R.Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

5