YPX əməkdaşı

Qanunlar incələndi, sürücülərə günahsız yerə cərimə yazırmışlar

8611
(Yenilənib 16:16 26.12.2017)
"Sürətölçən cihazlar tam qanunidir və DYP-nin həmin cihazlara müdaxiləsi yolverilməzdir"

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Avtomobil yollarında quraşdırılan radarlar sürücülərin sürət həddini aşmalarının qarşısını alan ölçü cihazlarıdır. Avtomobilə quraşdırılan antiradarlar isə sürücünün müəyyən olunmuş sürət həddini aşması ilə yanaşı radarın funksiyasını da dayandırır.

Xatırladaq ki, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə süni əngəl yaradan cihazlardan istifadəyə görə sürücü məsuliyyət daşıyır. Bu cür avadanlıqlardan istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbi ilə, həmin antiradar cihazları müsadirə olunmaqla 500 manatdan 800 manata qədər cərimə edilirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
© Sputnik / Murad Orujov
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Bəzən yol polisləri sürücüləri radar detektorlarına görə də cərimə edirlər. Qanun isə buna icazə vermir.

Nəqliyyat eksperti Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, İnzibati Xətalar Məcəlləsində antiradar və sürət əleyhinə olan cihazlarla bağlı müəyyən cərimə sanksiyası var: "Onlar müsadirə olunmaqla yanaşı, müvafiq məbləğdə cərimə edilirlər. Antiradar və ya sürət əleyhinə olan cihaz radarı sıradan çıxarırsa (bunu çox asanlıqla sübut etmək mümkündür), təbii ki, qadağan edilir və cərimə tətbiq edilir".

Allahverənovun sözlərinə görə, bəzi qurğular var ki, avtomobilin sürətini ölçür və sürücü sürət həddini keçəndə xəbərdarlıq edir.

Ekspert qeyd edir ki, xarici ölkələrdə asfaltın içinə xüsusi çiplər quraşdırılır. Həmin çiplər vasitəsi ilə avtomobilə siqnal ötürülür: "Məsələn, yolda hərəkət saatda 100 kilometrdirsə, sürücü 120-150 kilometr sürətlə hərəkət edirsə, o çiplər avtomobilə siqnal ötürür ki, siz sürət həddini keçirsiniz".

"Azərbaycanda radar detektorları sürücüləri qəzadan, sürət həddini keçməkdən qoruyan cihazlardır. DYP isə iddia edir ki, bu cihazlar, sürət əleyhinə olan qurğular radarları sıradan çıxarır. Əgər bu cihazlar radarları sıradan çıxarırsa, təbii ki, inzibati xəta vəziyyəti yaradır" — ekspert bildirir.

A.Allahverənovun sözlərinə görə, antiradarların, sürətölçən cihazların konkret standartı olmalıdır: "Belə olan vəziyyətdə sürücü bilər ki, hansı qadağandır, hansı qadağan deyil. Sürücülərin bu cihazlardan məlumatlı olması, hansının qadağan olduğu, hansının qadağan edilmədiyini bilməsi üçün cihazlar qruplara bölünməlidir. Avtomobilimizdə sürət həddini keçdiyimiz halda xəbərdaredici qurğunun olmasının nəyi pisdir ki?!"

Elməddin Muradlı
Elməddin Muradlı

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı da Sputnik Azərbaycan-a, radar detektorlarının son günlərin müzakirə obyektinə çevrildiyini deyir: "Hamı bilməlidir ki, radar detektora görə heç kimi məsuliyyətə cəlb etmək olmaz. Radar detektor antiradar deyil. Bəzi polis əməkdaşları radar detektora görə sürücünü saxlayıb ya antiradar adı ilə 500, ya da "əlavə avadanlıq" adı ilə 150 manat cərimə yazırlar".

"Bunların hər ikisi qanunsuzdur. Belə hallara yol vermək olmaz. Çünki bununla bağlı "Yol hərəkəti haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində hər hansı bir qadağa və ya hər hansı cərimə nəzərdə tutulmayıb. Qanunda birbaşa olaraq antiradarın nə olduğu izah edilib və ona görə cərimə nəzərdə tutulub" — mütəxəssis əlavə edir.

Muradlı bildirir ki, antiradar yollarda quraşdırılan radarın iş prinsipini poza bilən cihazdır: "Radar ultrabənövşəyi şüalar vasitəsi ilə sürücünün sürət həddini keçdiyini müəyyən edirsə, antiradar eyni tipli şüa buraxmaqla radarın funksiyasını pozur, onu sıradan çıxarır və radar qeydiyyat apara bilmir. Bu cihaz qanunvericilikdə qadağandır və ölkəyə gətirilməsinə icazə yoxdur".

Həmsöhbətimizin dediyinə görə, antiradarların ölkəyə gətirilməsinə və satışına Nazirlər Kabineti nəzarət edir: "Bəzən iddia edirlər ki, radar detektorlarının siqnalı sürücünün diqqətini yayındırır. Ona qalsa, avtomobildə musiqiyə qulaq asmaq, yolun kənarında qarğıdalı satanlar, yollarda avtomobillərin siqnal verməsi də sürücünün diqqətini yayındırmalıdır. Bu, bir az absurd fikirdir. Radar detektordan istifadəyə görə qanunvericilikdə heç bir cərimə nəzərdə tutulmayıb. Bunun əksinə çıxmaq qanunun əksinə çıxmaq deməkdir".

E.Muradlının fikrincə, insanlar hüquq və vəzifələrini yaxşı bilməlidir: "Sürücülər də, polis də antiradarla, radar detektorunun fərqini bilməlidir. Bilrisiniz ki, yolların kənarlarında radar xəbərdaredici nişan quraşdırılır. Digər tərəfdən bütün naviqasiya sistemlərində radarlar haqqında məlumat verilib. Onda belə çıxır ki, bunlar da qanunsuzdur? Bu cihazların sertifikatları var və funksiyaları üzərində qeyd olunub. Cərimə yazmamışdan və bu cihazlardan istifadə etməmişdən öncə həmin sertifikatları nəzərdən keçirmək lazımdır".

Hüquqşünas Tağı Hüseynov
© Photo : PUBLIC DOMAIN
Hüquqşünas Tağı Hüseynov

Məsələni Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Tağı Hüseynovun sözlərinə görə isə, sürət ölçən və radar barədə xəbərdaredici cihazlar haqqında İnzibati Xətalar Məcəlləsində qadağanedici müddəalar yoxdur: "Sürətölçən cihazlar tam qanunidir. DYP-nin sürətölçən cihazlara müdaxiləsi də qanunsuzdur. Özünüz bilirsiniz ki, gizli radarın belə, quraşdırılması qanunsuzdur".

Antiradar
© Photo : Karikatura
Antiradar

"Yollarda radarlarla bağlı xəbərdaredici nişanlar varsa, bu, o deməkdir ki, həmin nişanlar sürücüyə qarşıda radar olduğuna dair xəbərdarlıq və sürəti azaltmaq haqda tövsiyə edir. Bəlkə mən yolu bilmirəm, qaranlıqda gözüm görmür? Buna görə də radardan xəbərdaredici cihazlar faydalıdır və qanunsuz deyil, buna heç bir məhdudiyyət qoyula bilməz. Hətta yeni avtomobillər var ki, zavod istehsalında radar xəbərdaredici cihazlarla təmin edilirlər. Bu cihazların sürücüyə faydası var və heç bir dövlət qurumu bunu ləğv edə bilməz" — T.Hüseynov vurğulayır.

8611
Teqlər:
ötürücü siqnal, sürətölçən cihaz, antiradar, sürət həddi, Tağı Hüseynov, qanunvericilik, Elməddin Muradlı, hüquqşünas, radar, Sputnik Azərbaycan, DYP, Azər Allahverənov, yol, nəqliyyat, ekspert, Azərbaycan, qanun, sürücü, cərimə, açıqlama, avtomobil, manat
Əlaqədar
Sürücülərin nəzərinə: Diqqətli olun
Bakıda infarkt keçirən sürücü sərnişinlərin həyatını təhlükəyə atdı
Əliyev: “Elə sürücülər var ki, polisi kobud davranmağa təhrik edirlər”
DYP-dən sürücülərə daha bir xəbərdarlıq
Bakı polisindən sürücülərə xəbərdarlıq
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

12
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

12
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

22
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

22
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla