Rəmzi Qasımov

Oğlu dünyaya gəlməsəydi, bu işin "daşını atacaqdı"...

495
(Yenilənib 10:50 21.12.2017)
"Tanışlarıma zarafatla deyirəm ki, atmaq istədiyiniz əşyaları tullamazdan əvvəl Rəmziyə göstərin, bəlkə işə yaradı"

Ramil İbrahimov, Sputnik Azərbaycan.

BAKI, 21 dekabr — Sputnik. Qəhrəmanımız 27 yaşlı Rəmzi Qasımov Bərdədə fəaliyyət göstərən peşə məktəbini 7 il əvvəl bitirib. İxtisasca mühasib olsa da, heç vaxt bu peşə ilə məşğul olmayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Rəmzi Qasımov deyir ki, uzun müddət işsiz qalması onun müxtəlif əl işlərinə maraq göstərməsinə səbəb olub. Tullanmış qəzet parçalarından, köhnə məftillərdən, istifadəsiz fincan, nəlbəki, çəngəl və qaşıqlardan müxtəlif fiqurlar hazırlamağa başlayıb.

Rəmzi Qasımov
© Sputnik / Ramil Ibrahimov
Rəmzi Qasımov

"Açığı, əvvəllər heç belə əl qabiliyyətimin olduğunu bilmirdim. İnternetdə təsadüfən tullantı materiallardan bəzək əşyaları hazırlandığına rast gəldim. Mən də boş-bekar idim. Başladım qəzet kağızlarından gül düzəltməyə. Baxdım ki, alınır" – deyə Rəmzi Qasımov bildirir.

Həmsöhbətimiz qeyd edir ki, bəzən bir bəzək əşyasını düzəltmək həftələrlə vaxtını alır. Hazırladığı əşyaların ilkin vəziyyətini görənlər bu materiallardan nə isə düzəlməyin mümkün olduğunu ağlına belə gətirməz.

Rəmzi Qasımovun əl işi
© Sputnik / Ramil Ibrahimov
Rəmzi Qasımovun əl işi

"Kiməsə deyəndə ki, əyri çəngəldən, ya da nəlbəkidən, fincandan stolüstü lampa düzəltmişəm, inanmır. Diqqətlə baxır. Qəzet parçaları, məftillər rənglənib, üzərinə muncuqla bəzək vurulub deyə, görənlər elə bilirlər ki, hazır alınıb. Bəzən inanmaları üçün söküb göstərirəm" — Rəmzi danışır.

"Həm də məni tanıyanlar bilirlər ki, hövsələsiz adamam, bir tərəfdən də buna görə inanmırlar. Ağıllarına gəlmir ki, mən oturub, dayanmadan bir həftə bu işlə məşğul ola bilərəm. Tanışlarıma zarafatla deyirəm ki, atmaq istədiyiniz əşyaları tullamazdan əvvəl Rəmziyə göstərin. Bəlkə işə yaradı" – o, əlavə edir.

Rəmzi Qasımovun emalatxanası
© Sputnik / Ramil Ibrahimov
Rəmzi Qasımovun emalatxanası

Deyir ki, bəlkə də oğlu dünyaya gəlməsəydi, bu işin də "daşını atardı". Məftildən, qəzet parçalarından, plastik qablardan oğlu üçün düzəltdiyi oyuncaqlar onun əl qabiliyyətinin inkişaf etməsinə səbəb olur. Başqalarının lazımsız, tullantı olduğunu düşündüyü əşyalara o, indi başqa gözlə baxır.

Sadəcə zövq üçün məşğul olduğu bu qeyri-adi bacarıq indi Rəmziyə maddi qazanc da gətirir: "Əl işlərimi özüm üçün sosial şəbəkələrdə paylaşırdım. Görənlər qiyməti ilə maraqlanmağa başladılar. Mən də qiymət dedim, xoşlarına gəldi, almağa başladılar. Bir ay olar ki, satmağa başlamışam".

R.Qasımov, öz dili ilə desək, artıq peşəkar fəaliyyətə başlayıb. İşlədiyi mağazaya ən çox sifariş verilən bəzəkli təsbehlər, bilərziklər olur. Mağazaya baş çəkənlər isə təkcə müştərilər deyil. Onun əl işlərini öyrənmək üçün gələnlər də olur.

Rəmzi deyir ki, təbiətcə paxıl adam deyil. Öyrənmək istəyənlərə bu işi həvəslə başa salır: "Yetər ki, insanlar boş vaxtlarını səmərəli keçirsinlər…."

495
Teqlər:
bəzək əşyaları, Rəmzi Qasımov, tullantı, Bərdə, sənət
Əlaqədar
Tullantılarınızı bayıra atmazdan öncə, xəbəriniz olsun...
“Təkrar emala gedən tullantılar bizi ekoloji fəlakətdən qoruyur”
“Qeyri-qanuni tullantıxanaların sayı minimuma endirilib”
Azərbaycanda 7 milyon kubmetr həcmində məişət tullantısı əmələ gəlib
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

22
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

22