Qax rayonunun Qımır kəndi

Azərbaycanın ən tolerant kəndi: din, dil, milliyyət əngəli yoxdur

13887
(Yenilənib 09:55 20.12.2017)
Gürcü qadın: "Mən müsəlman kişini sevdim və onunla evləndim, peşman deyiləm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Qax rayonunun Qımır kəndini tolerant kənd adlandırsaq, heç də yanılmarıq. Kənddə yarandığı vaxtdan bu günə kimi müsəlmanlarla xristianlar birlikdə yaşayıblar.

Yaşlı kənd sakin Arçil Papiaşivili Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, gözünü açandan bu kənddə müsəlmanlarla xristianları birlikdə mehriban yaşayan görüb: "84 yaşım var. Həmişə gürcülərlə azərbaycanlılar dost olublar bu kənddə. Xeyrimizdə də, şərimizdə də bir olmuşuq. Bayramlarımızı bir yerdə qeyd etmişik. Müsəlmanlar Pasxada bizə gəlirlər, biz də Novruzda, Ramazanda onlara qonaq gedib bayramlaşırıq".

Qax rayonunun Qımır kəndi
© Sputnik / Shahperi Abbasova
Qax rayonunun Qımır kəndi

"Dinlər insanları birləşdirmək üçün yaranıb, ayırmaq üçün yox" — deyən Papiaşivili insanları bir olmağa səsləyir: "Hər birimizi Allah yaradıb, müsəlmanı da, xristianı da. Dini ayrı-seçkilik insanlar arasında nifaq salır. Mən bütün insanları kəndimizin sakinləri kimi görmək istəyirəm".

Çoxlarının qınaq atəşinə tutduğu xristian-müsəlman izdivacı sözügedən kənddə normal qarşılanır. Arçil Papiaşivilinin fikrincə, sevgini dinə qurban vermək yanlışdır: "Qımırda əvvəllər də, indi də müsəlmanlarla xristianlar ailə qurublar. Mən buna çox normal baxıram. Önəmli olan sevgidir".

"Bəziləri buna sərt yanaşanda, mənə qəribə gəlir. Mənim sevdiyim müsəlmandırsa, niyə öz sevgimi dinə qurban verməliyəm? Məgər, bütün dinlər insanlar arasında sevgini aşılamır? Belə olan halda, biz insanlar ətrafdakılara yox, ürəyimizin səsinə qulaq asmalıyıq" — o, əlavə edir.

Gürcü həmsöhbətimiz onların qohumlarının arasında da müsəlmanlarla evlənənlərin olduğunu deyir: "Mənim bir oğlum var. O desəydi ki, filan müsəlman qızını sevirəm, adət-ənənəyə uyğun elçi gedib o qızı oğluma alardım. Qız nəvəm də desə ki, filan müsəlman oğlanı sevirəm, ona da həmin oğlana ərə getməyə icazə verərəm. Amma bir şərtlə ki, onlar da bizim adətlərimizə hörmətlə yanaşsınlar. Belə olan təqdirdə, heç bir problem olmaz".

Arçil Papiaşivili
© Sputnik / Shahperi Abbasova
Arçil Papiaşivili

Digər həmsöhbətimiz Zina Məmmədova (Papiaşivili) isə müsəlman oğlanla ailə həyatı qurub. Zina xanım dini ayrı-seçkiliyi mövhumatçılıq adlandırır: "Mən ateist, yaxud deist deyiləm, amma düşünürəm ki, insanlar dinə o qədər də aludə olmamalıdırlar. Dinə bağlanıb bəzən insanlığı itirirlər. Mən müsəlman kişini sevdim və onunla evləndim. Peşman deyiləm".

"Bəzən mənə sual verirlər ki, "hansı dindənsən?". Deyirəm ki, heç birindən. Bu, insanlara qəribə gəlir. Məncə, insanlar öz eqolarını kənara qoyub mehriban yaşamağı seçməlidirlər. Mənim gəlin gəldiyim ailə müsəlman ailəsidir, mühitidir. Amma mən burada özümü yad hiss etmirəm. Həm xristian, həm də müsəlman adət-ənənəsini öz evimdə yaşadıram" — qadın danışır.

Onu da qeyd edək ki, haqqında danışdığımız kənddə hər kəs gürcü və Azərbaycan dilində mükəmməl danışır. Elə Elmar Abdurrahmanov kimi. Elmar bəy qeyd edir ki, bu kənddə hər kəs bir-birinin dininə, dilinə hörmətlə yanaşır: "Bilirsiniz, din də, dil də ikinci dərəcəlidir. Təbii ki, tolerantlığın da həddi olmalıdır. Mən öz dilimi, dinimi sevirəm. Amma bu ona əsas vermir ki, başqasının dininə, dilinə hörmətsizlik edim".

"Əgər gürcü qızını sevsəniz, onunla evlənərsiniz?" sualına Elmar bəy "bəli, evlənərəm"- deyə cavab verir.

"Dünyanı dinlər deyil, sevgi qurtaracaq" — deyirlər. Ölməz şairimiz Hüseyn Cavid demişkən, "hər kəsin bir eşqi, bir allahı var, mənim tanrım gözəllikdir, sevgidir…".

13887
Teqlər:
Zina Məmmədova (Papiaşivili), Arçil Papiaşivili, tolerant, Qımır kəndi, dil, gürcü, sevgi, Qax rayonu, din, tolerantlıq, Azərbaycan
Əlaqədar
Azərbaycanda yenidən "doğulan" kənd: Burada hər şey fərqlidir, insanların simaları da...
Kənd sakinləri hazırlıqsız yaxalandı, yollar bağlandı
Bu kənd Ginnesin Rekordlar kitabına düşüb, baxın nəyə görə
Erməni tərəfinin təxribatı kənd sakininə ciddi ziyan vurdu
Cənub bölgəsində bir kənd çay daşqınının altında qaldı
Azərbaycanda qorxulu kənd – yer insanları udur
Azərbaycanda 9 mayı ən qeyri-adi formada qeyd edən kənd