Azərbaycan Respublikası Vergilər Naziliyi

Vergilər Nazirliyi ilə bağlı qərar verildi

1028
(Yenilənib 13:13 19.12.2017)
"Turan" İnformasiya Agentliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin olunub

BAKI, 19 dekabr — Sputnik. "Turan" İnformasiya Agentliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə vəkil Fuad Ağayev öz facebook hesabında məlumat verib.

O qeyd edib ki, Turan İnformasiya Agentliyinə hesablanmış vergilərə dair 15 sentyabr 2017-ci il tarixli qərarlar ləğv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədova dekabrın 19-da Bakı şəhəri Lokal Gəlirlər Departamentinin bu ilin 15 sentyabrında Tural agentliyinə qarşı 38 min manat məbləğində borc və cərimələrin yenidən hesablanması barədə qərarını ləğv edib.

Noyabrın 8-də Vergilər Nazirliyi Turan agentliyinə bildiriş göndərərək ona qarşı olan 38 min manatlıq vergi borcu və cərimələri ləğv etdiyini açıqlayıb.
Agentlik Vergilər Nazirliyindən iddialarını geri çəkdiyi barədə qərarı təqdim etməyi tələb etsə də, Vergilər Nazirliyi buna zərurət olmadığını bildirərək qərarı təqdim etməkdən imtina edib. 

Agentlik məhkəmə müraciət edib. Üç məhkəmə iclası keçirilib və hakim hər iclasda Vergilər Nazirliyinə qərarı təqdim etməyi təklif edib.
Nəhayət, məhkəmə 19 dekabrda 15 sentyabrda borcun yenidən hesablanması barədə qərarı ləğv edib.

Agentliyin direktoru Mehman Əliyev məhkəmənin qərarından razı qaldığını bildirib.

Məlum olduğu kimi, Bakı şəhəri Lokal Gəlirlər Departamenti avqustun 7-də agentliyi 2014-2016-cı illər üzrə 27 min manat vergidən yayınmaqda ittiham edib. Cərimələrlə birlikdə agentliyə qarşı 38 min manatlıq vergi iddiası qaldırılıb. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs olunub. Sentyabrın 11-də o, Bakı şəhərini tərk etməmək şərtilə azadlığa buraxılıb. Elə həmin gün Vergilər Nazirliyi 38 min manat dəyərində vergidən yayınma ittihamı barədə qərarını ləğv edib. Lakin naməlum səbəblərdən 15 sentyabrda borcun yenidən hesablanması barədə qərar verilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi tərəfindən qaldırılmış cinayət işi ləğv edilib və 2 noyabr tarixində Baş Prokurorluq bunu təsdiqləyib.

Agentlik 6 noyabrda Baş Prokurorluğa müraciət etməsinə baxmayaraq, indiyə qədər cinayət işinin ləğvi barədə qərarı əldə edə bilməyib. 

Xatırladaq ki, Vergilər Nazirliyinin 2017-ci ilin 26 avqustunda yaydığı məlumata görə, "Turan İnformasiya Agentliyi" MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı "Turan İnformasiya Agentliyi" MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında" qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

1028
Əlaqədar
Baş prokuror: "Turan" informasiya agentliyi...
"Turan" İnformasiya Agentliyi barədə yeni rəsmi məlumat
"Turan"ın bank hesabları açıldı