Bakı-Balakən qatarı

Azərbaycanda "cəhənnəm qatarı"nın sərnişinləri yaşadıqları əzabları anladırlar

1234
(Yenilənib 13:46 19.12.2017)
"Hər dəfə o yolu necə gedib-gəldiyimi bir Allah bilir..."

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Qatar sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsi hesab edilir. Bir zamanlar bədii ədəbiyyatda "qatarla uzun səyahət"in xüsusi romantikası əksini tapardı. "Bu dünyadan qatarlar keçər" adlı hekayəni oxuyar, "Qatarda" tamaşasına baxar, "Bu qatarın dalınca baxma" mahnısı dinləyərdik.

Şairlərin, yazıçıların, rejissorların və digər yaradıcılıqla məşğul olan insanların, bir növ ilham mənbəyi idi qatarlar. Bu mənada, qatarı həm də müsahibim Elçin Əliyevin dili ilə desək, "romantik nəqliyyat növü" də adlandıra bilərik.

Təəssüf ki, Bakı-Balakən qatarı ilə yol gedən sərnişinlər qatarın bütün romantikasından məhrumdurlar.

Sputnik Azərbaycan-ın müsahibi, rejissor Elçin Əliyev deyir ki, həmişə filmlərdə qatar səhnələri görəndə nə vaxtsa qatarda film çəkəcəyini düşünürmüş: "Bir dəfə Bakı-Balakən sərnişin qatarı ilə Qaxa gedəndə bütün xəyallarım alt-üst oldu. Həmin qatarda romantik film yox, tragikomediya çəkmək olardı".

Onun sözlərinə görə, sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca zəifdir: "Xarici ölkələrdə qatarlar "Wi-Fi"la təmin olunub. Sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılır. Bakı-Balakən sərnişin qatarında isə düşmək üçün dəqiqələri sayırdım".

"Nəzərə alsaq ki, həmin ərazi turistlərin ən çox axın etdiyi bölgədir, o zaman "Azərbaycan Dəmir Yolları" QSC həmin qatarlara diqqət ayırmalıdır. Çünki hər kəsin şəxsi avtomobili yoxdur. Deyilənə görə, kupe və SV plaskarta nisbətən yaxşı vəziyyətdədir. Amma hər kəsin də kupe və ya SV ilə getməyə imkanı çatmır" — deyə E.Əliyev bildirib.

Rejissor Elçin Əliyev
© Foto E.Əliyev tərəfindən təqdim olunub
Rejissor Elçin Əliyev

Müsahibimin qeyd etdiyi qatarlar əsl cəhənnəmi xatırladır. Qışda qatarlarda istilik həddindən artıq verilir ki, bu da sərnişinləri ən çox narahat edən problemlərdən biridir.

Balakən sakini Ruhiyyə Süleymanova da şikayət edənlər sırasındadır: "Maddi durumumla bağlı həmişə plaskart tipli qatardan istifadə etmək məcburiyyətində qalıram. Bu qatarlarla yol gedənlər cəhənnəmi bu dünyada görürlər".

"Özüm hicablı qadınam. Hicabımı aça bilmirəm. Hər dəfə o yolu necə gedib-gəldiyimi bir Allah bilir. Yenə kişilər hər stansiyada qatar dayananda çölə çıxıb hava ala bilirlər. Qadınlar, körpələr isə istidən qovrulurlar. İçəridə havasızlıqdan nəfəs almaq mümkün olmur" — qadən danışır.

Ruhiyyə xanım bildirir ki, mövcud problemi dəmiryol əməkdaşlarına bildirsə də, problem aradan qaldırılmayıb: "Yayda da, qışda da eyni problem yaşanır. Yayda kondisionerlər işləmir, istidən, üfunətdən az qalır ürəyimiz dayansın. Qışda isə daş kömür sobasını qalayırlar, bələdçilər gecə durub sobaya daş kömür atmağa tənbəllik etdiklərindən sobanı birdəfəlik kömürlə doldururlar. O da möhkəm qızır və vaqonlardakı havanı qurudur".

"Gözümün qabağında neçə insanın halı pisləşib. Üstəlik bəzi vaqonlarda nəfəsliklər açılmır. Bununla bağlı neçə dəfə bələdçilərə şikayət etsəm də, "bizlik deyil", "icazəmiz yoxdur", "nəfəslik açılmır" deyib ötürlər" — deyə Balakən sakini bildirir.

Şəki rayon sakini Kamran Əliyev isə bələdçilərdən şikayətçidir: "Tələbə olduğuma görə plaskart tipli vaqondan tez-tez istifadə edirəm. Başa düşə bilmirəm ki, həmin qatarlarda çalışan xanımları necə işə götürüblər. Qadınlar sərnişinlərlə çox kobud və qaba davranırlar. Etirazını bildirəndə də "siz bilirsiz, biz buradan neçə manat maaş alırıq?" deyə sərnişinlərə normal xidmət göstərməmələrini maaşlarının azlığı ilə əlaqələndirirlər. Əvvəllər qatarlarda gediş haqqı indikindən az idi. Qiymətlər qalxdı, sərnişinlərə xidmət və vaqonun vəziyyəti isə əvvəlki kimidir".

Kamran Əliyev
© Photo : © Foto K.Əliyev tərəfindən təqdim olunub
Kamran Əliyev

K.Əliyev Bakı-Balakən qatarındakı problemlə bağlı birbaşa "Azərbaycan Dəmir Yolları" QSC-ə şikayət etdiyini də deyib: "Bir neçə dəfə baş idarəyə şikayət etdim, vəziyyətə etirazımı bildirdim. Hətta bir dəfə mənim şikayət etdiyim bələdçi qadını yox, tamamilə başqasını işdən xaric etdilər. Necə deyərlər, "qurunun oduna yaş yandı". Problemlər isə yerində sayır".

1234
Teqlər:
SV, plaskart, kupe, Bakı-Balakən qatarı, bələdçi, vaqon, sərnişin, soyuq, qatar, xidmət, isti
Əlaqədar
Daha bir xoş xəbər: qatarlar Bakı kəndlərinə qayıdır
Sərnişin qatarlarının hərəkət qrafiki dəyişəcək - CƏDVƏL
Memarı inşa etdiyi körpünün altına qoyub üstündən qatar keçiriblər — Azərbaycanda
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı
Bakıdan Londona qədər qatar reysi açıla bilər
Avtobusun qatarla toqquşması nəticəsində nəticəsində azı 17 nəfər ölüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11