Mərmər bağacığı

Xəbərdarlıq: Dünyanı başına alan bəla Azərbaycana gələ bilər

518
(Yenilənib 23:37 12.12.2017)
Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub

BAKI, 12 dekabr — Sputnik. Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstan Respublikasının müxtəlif (Abxaziya və s.) ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanin Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.

Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir.

Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar.

Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Qeyd edək ki, mərmər bağacığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür ki, adlandırmada bu əlamət nəzərə alınıb. Bədənin aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 mm təşkil edir.

Yetkin fərdləri aprel ayının əvvəllərindən etibarən qışlama yerindən çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 mm ölçüdə 20-30 ədəd yumurta qoyur. Yumurtalar ağ kürə şəklində olur. Əlverişli şəraitdə üç nəsil vermə qabiliyyətinə malikdir. I nəsil, əsasən may-iyun, II nəsil iyun-avqust və III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir.

Çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu, ən səmərəli mübarizə tədbirləri sayılır.

Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidirlər. Karate Zeon (lyambda siqalotrin) – 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir.

Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir.

518
Teqlər:
təhlükəli zərərverici, mərmər bağacığı, Dövlət Fitosanitar Nəzarəti Xidməti, fermer, Kənd Təsərrüfatı Nazirliyi, mübarizə
Əlaqədar
“Fermer onu 40 gün yetişdirib, bir il qazancından bəhrələnə bilər”
Lerik fermerləri inanılmaz üsullardan istifadə edirlər
Erməni təxribatından bezən azərbaycanlı fermerin ağlagəlməz addımı
Fermerlər üçün şad xəbər
Fermerlər məhsullarını sərfəli qiymətə sata bilmirlər
Kompüter arxasında iş, arxiv şəkli

Sən "fəhlə" ol, səni tapacaq: Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb?

75
(Yenilənib 00:17 28.10.2020)
"Ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də ki Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Ölkəmizdə müharibə vəziyyəti bəzi sahələr üzrə ixtisaslı kadrların hazırlanması məsələsini gündəmə gətirib. "Facebook" sosial şəbəkəsində son günlər orduda müəyyən ixtisaslar üzrə hazırlıqlı kadrların işə qəbulu ilə bağlı məlumatlar paylaşılır. Sputnik Azərbaycan hərbi vəziyyətdə hansı peşələr üzrə ixtisaslı kadrlara daha çox tələbat olduğunu araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda "İnsansız Hava Vasitələri (IHV) mühəndisi" ixtisası üzrə kadrların hazırlanması vacibdir: "Hərbi dronların, yəni pilotsuz uçan aparatların müxtəlif növləri var. Kəşfiyyat-müşahidə dronu, silahdaşıyan dron, kamikadze dron və s. Dronların hamısı ya yerdən, ya da təyyarədən, dronla əlaqəli idarəetmə mərkəzindən idarə olunur.

Son zamanlar kommersiya dronları da ciddi olaraq gündəmə gəlib. Yəni müxtəlif yükləri hansısa ünvana çatdıran, xidmət göstərən dronlara böyük investisiyalar yatırılır. Dronları idarə etmək üçün peyk və kosmik texnologiyalara, İKT-yə əsaslanan mərkəz qurulur. Monitor arxasında oturan operatorlar idarəetmə mərkəzindən 150-300 km məsafədə uçan dronu idarə edərək qarşıya qoyulan vəzifəni yerinə yetirməlidirlər. Əgər kamikadze dron deyilsə, onu geri, bazaya da qaytarmalıdır.

Artıq dron əleyhinə texnologiyalar yaranmağa başladığından dronu qorumaq da ciddi bir problemə çevrilib. Həm də hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Vətən Müharibəsi də mahiyyətcə "dron müharibəsidir". Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

O.Gündüz bildirir ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur: "Dronların hazırlanması və idarə olunması üzrə mütəxəssisləri necə hazırlaya bilərik? Bu sahədə həm elektron mühəndislərə və həm də dronları idarə edən "Dron operatoru" və ya "Dron pilotu"na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayır. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər, artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində iki kollec də var. Rabitə və Texniki yönümlü bu kolleclərdə növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlandığı bildirilir. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə bu sahənin inkişafına böyük töhfələr verə bilər".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifəsini icra edən Ceyran Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni ixtisaslara tələbin qarşılanması müvafiq müraciət əsasında həyata keçirilir:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni ixtisası öz-özünə açmır. Bunun üçün işəgötürənlər tərəfindən müvafiq məlumat təqdim edilməlidir. Çünki növbəti mərhələdə o kadrların işlə təmin olunması məsələsi gəlir. Digər yeni ixtisaslara gəlincə, bu, həm özəl, həmçinin də dövlətin marağı və təklifi əsasında formalaşan ixtisaslar ola bilər. Amma ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub".

Qeyd edək ki, müharibə dövründə ordumuz Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda hərbi texnikasını qənimət kimi əldə edib. İstər həmin texnikaların, istər də ordmuzun istifadə etdiyi hərbi texnikaların saz vəziyyətdə saxlanılması bu sahə üzrə ixtisaslı ustalara tələbatı artırır.

C.Məmmədli bildirir ki, hazırda aşpaz peşəsindən sonra avtomobil təmiri və çilingər sahəsi üzrə kadr hazırlığı ən çox maraq olan ixtisaslardır. O, hazırda bu ixtisaslar üzrə kadr hazırlığı aparıldığını söyləyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Ali Baş Komandanının zəkası və peşəkarlığı sayəsində bu gün hərbi sahədə arxa cəbhədə belə mütəxəssis qıtlığı müşahidə olunmur: "Azərbaycan 27 ildir ki, müharibə vəziyyətində olan ölkədir. Bizim ölkəmizdə uzun illərdir ki, arxa cəbhədə texnikaların təmiri, eləcə də müvafiq hərbi texnikaların idarəolunması üzrə kadrlar hazırlanıb. Odur ki, hazırda bu sahələrdə kadr problemi yaşanmır. Əgər hansısa yeni ixtisasların hazırlanmasına ehtiyac olarsa, Azərbaycanda müxtəlif profilli ali və peşə təhsili müəssisələri var. Həmin müəssisələr ehtiyac olan sahələr üzrə kadr hazırlamaq gücündədir".

75
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hərbi, operator, dron, peşə, müharibə
Əlaqədar
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Casus sizə düşündüyünüzdən daha yaxın, ondan qurtulmağın yolu isə çox asandır

Müdafiə Nazirliyi Ermənistanın dünən məhv edilən döyüş texnikasının sayını açıqladı

42
(Yenilənib 09:01 28.10.2020)
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb

BAKI, 28 oktyabr - Sputnik. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, Müdafiə Nazirliyi eləcə də məhv edilmiş döyüş texnikasının sayını açıqlayıb.

Məlumata görə, 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

42
Teqlər:
hərbi texnika, itki, əks-hücum, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd və Laçınla bağlı məlumat yaydı
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Ermənistanın Sərhəd Qoşunları döyüşlərə cəlb olunub – itkilər açıqlandı

Türkiyə Azərbaycan münaqişə ilə bağlı son prosesləri müzakirə etdilər

0
(Yenilənib 10:30 28.10.2020)
Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla Dağlıq Qarabağ münaqişəsini və son prosesləri müzakirə ediblər.

BAKI, 28 oktyabr — Sputnik. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlər telefon danışığında Dağlıq Qarabağ münaqişəsini və son prosesləri müzakirə ediblər.

0
Əlaqədar
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu növbəti erməni barbarlığını müzakirə etdilər
Mövlud Çavuşoğlu Moskva görüşü barədə: Azərbaycanın verdiyi qərarları dəstəkləyirik
Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə son prosesləri müzakirə etdi
Çavuşoğlu Bayramova başsağlığı verdi, dəstəyini bildirdi
Çavuşoğlu Bayramovla danışdı: mövzu yenə Qarabağ