BAKI, 12 dekabr — Sputnik. UNEC-də doktorantura pilləsi üzrə tədris proqramı və imtahanların təşkili qaydaları hazırlanıb.
Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qaydalar doktorantura təhsilinin məzmunu, elmi tədqiqat işləri, tədris yükünün həcmi, tədris mərhələlərinin müddəti, tədris növləri və ayrı-ayrı fənlərin həcmini əhatə edir. Yeni qaydalara görə, doktorant və dissertantlara ilk 1 il müddətində beynəlxalq təcrübəyə uyğun tədqiqatyönümlü dərslər təşkil olunacaq.
Yeni qaydalarda doktorantların mobilliyini təmin edən göstəricilər və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları da açıqlanıb. Bu qaydalarda həm doktoranturaya qəbul imtahanlarının, həm də doktorluq imtahanlarının təşkili və keçirilməsi üzrə müasir tələblər qeyd edilib.
Qeyd edək ki, tədris ili yaz və payız semestrindən ibarət olacaq.
BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.
Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.
Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.
BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 18-dən tətbiq edilən yumşaldılmaları bəzi vətəndaşlarımız yanlış anlayıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
Yanvarın 21-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edib.