Zahid Quliyev

"Buzovnalı baba", məşhur videonun kadrarxası məqamları etiraflar...

2838
(Yenilənib 10:45 08.12.2017)
Zahid Quliyev: "Toylara gedəndə adamına baxıram, elə toy olur 200, eləsi olur 400 manat qazanıram"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Bəzən insanın yaşadığı məkan alın yazısına çevrilir. Onun inkişafına, karyerasına mane olur, onu sıxır, buxov rolunu oynayır.

Haqqında söhbət açacağımız şəxs də bəlkə Bakı kəndində yaşadığı üçün tanına bilməyib. Heç birimiz məşhur video yayılana qədər onu tanımırdıq. Söhbət bir müddət əvvəl "Youtube"da "Buzovnalı baba" kimi məşhurlaşan Zahid Quliyevdən gedir.

O, əslən bakılı, buzovnalıdır. Ömrünü sənətinə həsr edib. Musiqini sevib, musiqi ilə nəfəs alıb. Dediyinə görə, musiqini elə duyur ki, başqasının rəqsinə ifasına baxanda səhvlərini də görə bilir. Nə az, nə çox, 30 ildən artıqdır ki, musiqi ilə məşğuldur.

Zahid Quliyev
© Sputnik / Irade JELIL
Zahid Quliyev

Çörək pulunu da elə musiqi sayəsində qazanır. Ömrünü musiqiyə həsr edən Zahid ailə həyatını da gec qurub – 39 yaşında…

Dediyinə görə, musiqiçi ailəsində dünyaya gəlib. Atası, qardaşı nağara ustası olub. Zahid uşaq vaxtlarından barda işləməyə başlayıb. Deyir ki, ilk dəfə bara gedəndə 7-ci sinifdə oxuyurmuş. Sinif yoldaşları onu bara aparanda içəri girmək belə istəməyib.

"Gördüm qaranlıq bir otaqdır, musiqi səsi gəlir. Dedim, yox, bura mənlik deyil, qaranlıqdır. Dostlarım dedi, "sənin üçün işıq da təşkil edərik". Hamı bilirdi ki, yaxşı oynayıram. Və başladım oynamağa. Hamının, xüsusilə bar sahibinin xoşuna gəlmişdi" — Z.Quliyev Sputnik Azərbaycan-a danışır.

Dediyinə görə, sonradan barın müdiri ondan qalıb barda işləməsini istəyib: "Qaldım. Barda barmen işləyirdim, ara-sıra DJ-lik də edirdim. İlk oynadığım bar "Zerkalnıy bar" idi. İnanırsınız, pul xəzəl kimi idi. Kisə ilə yığırdıq pulu".

Zahid Quliyev
© Sputnik / Irade JELIL
Zahid Quliyev

"Həmin vaxtlar "7-17" verilişindən gəlmişdilər. İstəyirdilər, məni aparsınlar, razılaşmadım. Kənd uşağı idim, hər şeydən çəkinirdim. Hər gün adamla dolu olurdu bar. Gecə 3-4-də bağlayırdıq. Müdir açarları da mənə vermişdi. O vaxt insanların pulu da var idi" — "Buzovnalı baba" deyir.

Zahid uzun müddət barda çalışandan sonra bar satılır. O, yeni sahibkarla işləmək istəmədiyi üçün işdən çıxır və atasının yolunu davam etdirir. Toylarda nağara ifa etməyə başlayır. Bu işin qazancı az olduğu üçün ara-sıra evlərin təmiri ilə də məşğul olur.

"Toylara gedəndə adamına baxıram, elə toy olur 200, eləsi olur 400 manat qazanıram. Amma pulsuz getdiyim toylar da var. Kasıbların toyunda pulsuz rəqqaslıq edirəm ki, maraqlı olsun" — o bildirir.

Z.Quliyevin sözlərinə görə, bir rəqsi oynamaq üçün musiqini yaxşı eşitməli və ən başlıcası hiss etməlidir: "Bütün rəqsləri oynamağı bacarıram. Azərbaycan, ərəb və s. Musiqini dinləyəndən, hiss edəndən sonra oynamaq asan olur. Məni təkcə Buzovnada deyil, bütün Bakı kəndlərində tanıyırlar. Bütün rəqsləri də ritmə uyğun oynayıram. Bilirsiniz də, oynayanlar çoxdur. Amma fikir verirəm, ritmə uyğun oynamırlar".

"Youtube"da "Buzovnalı baba" kimi tanınan Zahid deyir ki, onu elə təqdim etmələrinin səbəbini bilmir. Əslində 45 yaşı var və qızının da cəmi 5 yaşı tamam olub: "Ola bilsin, görüblər yaşlıyam, ona görə "baba" yazıblar. Biri baba deyir, bir başqası əmi, o biri dayı Mən artıq bu xitablara öyrənmişəm".

Zahid deyir ki, ona Türkiyədən, Rusiyadan dəvətlər olur, lakin hələ pasport ala bilmədiyi üçün ölkədən kənara çıxa bilmir: "Uşaqlar da rəqsi öyrənmək üçün müraciət edirlər, amma hələ ki, onlarla məşğul olmaq üçün elə bir yerim, imkanım yoxdur".

© Sputnik / Irade JELIL / Taleh Mahmudov
"Buzovnalı Baba" Sputnik Azərbaycan üçün rəqs etdi

"Yolda da məni görənlər "Papito" deyə çağırırlar. Hamının tanıdığı "Papito" rəqsini ilk dəfə Novruz bayramında oynamışam. Hamı tonqal yandırırdı, yığılmışdılar tonqalın ətrafına, mən də musiqi verirdim. Dedilər bir "Papito" oyna. Mən də düşünürdüm ki, görəsən bu nə oyundur. Axırı tapdım, sümüyümə düşdü. Başladım oynamağa və gördüyünüz kimi də hamının xoşuna gəldi" deyə o, məşhur "Papito" rəqsinin tarixçəsini də danışır.

P.S. Z.Quliyev xahişimizlə Sputnik Azərbaycan üçün bir neçə rəqs ifa etdi.

2838
Teqlər:
Zahid Quliyev, Buzovnalı baba, Buzovna, Youtube, rəqqas, rəqs, Bakı
Əlaqədar
Əsl qeyri-adi qafqazlı...
Azərbaycanda qeyri-adi toy olub
Azərbaycanda quşların, heyvanların "dilini bilən" qeyri-adi adam yaşayır
Ölkəmizdə qeyri-adi festival - İlk dəfə
Maddi sıxıntıdan qeyri-adi sənət doğuldu
Azərbaycanda qeyri-adi hadisə baş verib

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

46
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

46
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

20
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

20