Ofis işi

Kim hansı sahədə işləmək arzusundadır - Bizim reallıq

279
(Yenilənib 15:49 06.12.2017)
"İnsanlar arzu etdikləri yox, tapa bildikləri işdə çalışırlar"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Heç kimə sirr deyil ki, illərlə əziyyət çəkib yiyələndiyimiz ali təhsil əksər hallarda sonrakı həyatımızda gərəyimiz olmur. Alacağımız günü həsrətlə gözlədiyimiz diplom evin bir küncünə atılır, lazımsız əşya kimi üzərini toz basır.

Bu problemin kökündə isə müxtəlif səbəblər — diplom xatirinə oxumaq, ixtisasın düzgün seçilməməsi, ali təhsil aldığımız sahədə iş tapmağın mümkünsüzlüyü, ixtisasımız üzrə olan işlərdə əmək haqqının həddindən artıq aşağı olması, təklif edilən işləri özümüzə yaraşdırmamağımız s. dayanır. Maraqlıdır, biz ümumiyyətlə hansı sahədə işləmək istəyirik və nə üçün?

Sputnik Azərbaycan elə bu sualla da sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib və müxtəlif, həmçinin maraqlı cavablar alıb.

Cavid Salehbəyli: "Uşaqlıqdan dövlət qulluqçusu olmaq istəmişəm. Amma vəziyyət elə gətirdi ki, fotoqraf oldum. İşimdən narazı deyiləm".

Orxan Nağıyev: "Aşpaz olmaq istərdim. Marağım var. İxtisasım isə maliyyədir. Hazırda magistr təhsili alıram".

Xavər Zeynalova: "Tibbi təhsil alıram. Təhsil aldığım sahəni bəyənirəm. Amma istəyərdim ki, balaca restoranım olsun, özüm oranı dizayn edim, bişirim, hətta qulluğu da özüm edim. Yemək bişirməkdən çox xoşum gəlir".

Yeri səhv düşənlər
© Karikatura
Yeri səhv düşənlər

Gülnar Əlizadə: "İxtisasım fizika müəllimidir, amma radiotexnika mühəndisi olmaq istəyərəm. Çünki müasir texnoloji yeniliklərə çox ehtiyac var. Tələbat çox, kadr sayı azdır. Nailiyyətlər əldə etmək xoşbəxt edir məni".

Orxan İsazadə: "Professional avtomobil satışı ilə məşğul olmaq istəyirəm, çünki bu peşə sahibləri yaxşı pul qazanırlar".

Pərviz Namazov: "İxtisasından asılı olmayaraq gənclər öz şəxsi işlərini qursalar, yaxşıdır. Müdir ilə çalışmaqdansa, öz işini qur və özünün ağası ol. Stabil maaşla çalışacağına çalış daha çox qazan".

Tahirə Nuriyeva: "Müstəntiq olmaq istəyərəm. Çünki sevirəm bu peşəni".

Səbinə Nağıyeva: "Gömrükdə işləmək istəyərdim. Xaricə getmək daha sərfəli və asan olsun deyə".

Ruhiyyə Şamilova: "Özümün kiçik bir obyektim olsun. O da ki, mümkün deyil. Quru arzuya nə verirlər? Bu ölkədə hamı bir-birindən asılıdır".

Azər Həsrət: "Mən aktyor olmaq istərdim. Amma ki, jurnalistəm".

Sevinc Hüseynova: "İxtisasca filoloqam. İxtisasımdan başqa hər sahədə işləmişəm".

Elnur Mədətoğlu: "Bir onu bilirəm ki, yüksək bal topladığım halda BDU-nun jurnalistika fakültəsini seçməkdə səhv etmişəm. İqtisadiyyat, turizm səhələrindən birini seçsəydim, indi Bakıda ən yaxşı qazanan 10 adamdan biri idim".

Xəyal Məmmədxanlı: "Azərbaycanda insanlar arzu etdikləri işdə yox, tapa bildikləri işdə çalışırlar".

279
Teqlər:
ixtisas, peşə, , sorğu
Əlaqədar
Əliyev: “Azərbaycanda müəllim peşəsinə maraq artıb”
"Artıq 600-dən yuxarı bal toplayan abituriyentlər də müəllimlik peşəsini seçirlər"
Bəzi peşələr üzrə əmək haqqı artdı
Bəzi peşə sahibləri işsiz qalacaqlar: xəbərdarlıq
Bakıda 80 nəfər uşağa peşə öyrədilib