YPX

Gündəmi qarışdıran kadrlara reaksiya: "Polisdən narazı olan müraciət etsin"

5824
(Yenilənib 16:26 27.11.2017)
Kamran Əliyev: "Bəzən sürücülər özləri polis əməkdaşlarını kobud davranmağa məcbur edirlər, axı, polis də insandır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlər yol polisi ilə sürücülər arasındakı münasibətlər yenidən gündəmə gəlib. Belə ki, polisin kobud rəftarından bezən sürücülər onların davranışlarını telefon kameralarının və ya video qeydiyyat cihazlarının yaddaşına həkk edərək, sosial şəbəkələrdə paylaşıb, məsələni ictimailəşdirirlər.

Bəs vəzifəsindən sui-istifadə edərək vətəndaşların hüquqlarını pozan, onlarla kobud davranan polis əməkdaşlarını hansı cəza gözləyir?

Yol-nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a bildirib ki, yol polisi–sürücü münasibətləri hər zaman müzakirə mövzusu olub: "Həmişə də bu münasibətlərin normal hala gətirilməsi üçün bir çox təkliflər irəli sürülür. Ölkə rəhbərliyinin elektron vasitələrin tətbiqi ilə bağlı göstərişi də buna hesablanmışdı".

"Radarların qoyulması, elektron protokolların tətbiq edilməsi, sürət həddini aşdığı üçün sürücü saxlanmadan cərimələnməsi kimi yeniliklərin də əsas səbəbi sürücü-polis ünsiyyətinin azalması ilə bağlıdır. Çünki xüsusilə də sürət həddini aşan sürücülər polislərlə tez-tez problem yaşayırdı. Belə ki, sürücülər iddia edirdilər ki, onlar sürət həddini aşmayıblar və eyni zamanda polislərdən sübut tələb edirdilər. Bu da böyük problemlərə səbəb olurdu" — Muradlı bildirib.

"Yeniliklər problemi qismən aradan qaldırsa da, tamamilə həll edə bilmədi. Son zamanlar sosial şəbəkələrdə yayılan videolar da buna bariz nümunədir. Bəzi əməkdaşlar hüquq və vəzifələrini yaxşı bilmirlər. Onlar iş üçün hazır deyillər. Polis əməkdaşları, sürücülərin "Yol Hərəkəti Haqqında" qanunun, İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə bağlı onlara ünvanlandığı suallara cavab verə bilmirlər" – deyə ekspert əlavə edib.

E. Muradlının fikrincə, sürücülərlə polislər arasında baş verən problemlər araşdırılmalı və səbəblər aydınlaşdırılmalıdır: "Düşünürəm ki, bu məsələdə ən böyük problem ünsiyyət problemidir. Tam əminliklə deyirəm ki, son vaxtlar sosial şəbəkələrdə paylaşılan video-fotolar ciddi şəkildə araşdırılır və lazım olduğu təqdirdə polislər cəzalandırılır".

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bəyan edib ki, heç kimin qarşısındakı şəxsi təhqir etmək və ya ona hədə-qorxu gəlmək səlahiyyəti yoxdur: "Bu, yolverilməz haldır. Əfsuslar olsun ki, bəzən bizim əməkdaşlar arasında da bu cür etik davranış qaydalarına diqqət yetirməyən, əməl etməyən şəxslər olur. Belə hallar aşkarlanan zaman əməkdaşlarımız cəzalanır, hətta Daxili İşlər Orqanlarından xaric olunurlar".

"Bəzən də sürücülər özləri polis əməkdaşlarını kobud davranmağa məcbur edirlər. Axı yol polisləri də insandır" — Əliyev bildirib.

"Nəzərə almaq lazımdır ki, xidmət zamanı əməkdaşlarımızın üzərində audio və video cihazları işlək vəziyyətdə olur və baş verənləri yazır. Yol polisindən narazı olan hər bir sürücü aidiyyatı orqanlara şikayət ünvanlaya bilər və baş verənləri izləyib həmin yol polisi haqqında nəticə çıxarmaq olar. Bir sözlə, yaranmış narazılıq sivil qaydada həll edilə bilər" – deyə DYP rəsmisi əlavə edib.

5824
Teqlər:
kobud rəftar, Elməddin Muradlı, radar, davranış, Kamran Əliyev, Sputnik Azərbaycan, DYP, yol polisi, vətəndaş
Əlaqədar
Yol polisindən olub-olacaqlar barədə açıqlama
Yol polisinə qiyməti 100 mindən baha olan "Mercedes"lər verildi
Bakıda yol polisi kameranı görüb özünü itirdi və...
Yol polisi son günlərin ən aktual probleminə aydınlıq gətirdi - Rəsmi
Yol polisinin güzəşt limiti bitdi: Qanun hər kəs üçün qanundur
Yol polisi avtomobil sahiblərinə xəbərdarlıq edir
Yol polisi mühüm səlahiyyətindən məhrum edilə bilər

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

2
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

2
Teqlər:
dəstək, proqram, teatr