Bakı

Bütöv cəmiyyətə qarşı fırıldaq: haqq tanıyırlar, hüquq

605
(Yenilənib 15:37 22.11.2017)
Mənzil Məcəlləsinə əsasən, tam təmirsiz tikililər mənzil sayılmır, onlar sadəcə tikinti sahəsidir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Bu gün vətəndaşların ən böyük problemlərindən biri mənzil problemidir. Mənzil qiymətlərinin həddindən artıq baha olması bu problemin həllini daha da çətinləşdirir.

Maraqlı məqam odur ki, mənzillər tam təmirsiz şəkildə və çox baha qiymətə satılır. Halbu ki, bir çox ölkələrdə təmirsiz evlərin satışı qadağandır. Sputnik Azərbaycan bunun nə dərəcədə qanuni olmasını ekspertlərdən dəqiqləşdirib.

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanın qanunvericilik sisteminin bir nömrəli problemi mülkiyyət hüququdur: "Mülkəyyət hüququnun da daxilində ən böyük problem daşınmaz əmlak amilidir. Bu qanunvericilikdə olan bəzi qanunların heç biri dünya standartlarına uyğun gəlmir".

Onun sözlərinı görə, bəzi MDB ölkələri istisna olmaqla, dünyanın heç bir ölkəsində mənzilin torpaqdan ayrı mülkiyyət hüququ yoxdur: "Bizim vətəndaşın hüququ buradan pozulmağa başlayır. Vətəndaş binadan mənzil alır, amma o binanın tikildiyi torpağın kimə məxsus olduğunu bilmir. Mənzilin "Çıxarış"ı ona öncədən verilmədiyi üçün, bina uçarsa, dağılarsa və ya sona kimi tikilib təhvil verilməzsə, vətəndaş pulunu geri tələb edə bilmir və nəticədə evsiz qalır".

"Aparıcı ölkələrdə bina tikilməyə başlayanda tikinti şirkəti bunu öz pulu ilə deyil, mənzil alanların pulu ilə tikir. Belə olan halda, mənzil sahibləri binanın torpağının sahibi olur, şirkət isə podratçı şirkətə çevrilir" — Həsənov bildirib.

"Bir sözlə, başqa ölkələrdə vətəndaş dövlət tərəfindən öncədən qeydiyyata alınır. Azərbaycandakı kimi sənədsiz mənzilləri bir neçə nəfərə satmırlar. Bizdə qanunda boşluq var və bu qanunlar vətəndaşların xeyrinə deyil. Bəzi şirkətlər də bundan istifadə edir və daha çox pul qazanırlar" – deyə ekspert əlavə edib.

Əmlak eksperti Nüsrət İbrahimov
© Sputnik / Fuad Hasanov
Əmlak eksperti Nüsrət İbrahimov

Həmsöhbətimiz iddia edir ki, tikinti şirkətləri tikintiyə sərf etdiyindən qat-qat çox pul qazanır: "Ona görə də binanı dövlət qeydiyyatına almağa tələsmirlər və təmirsiz evləri dəyərindən baha satırlar. Çünki dövlətə təhvil verilməyən binada təmir işlərinə başlasalar, bu işlərə nəzarət edən dövlər orqanları bina sahiblərini cərimələyə bilər".

Mütəxəssisin dediyinə görə, məhz bu səbəbdən də mənzilləri təmirsiz və çox baha qiymətə satmaq bina sahiblərinə sərf edir: "Nə vaxt ki, onlar "Çıxarış" ilə evləri satırlar, bu zaman da mənzillər real dəyərindən xeyli çox qiymət qoyurlar".

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə deyib ki, Mənzil Məcəlləsinə əsasən, tam təmirsiz tikililər mənzil sayılmır: "Çünki, mənzil yaşayış üçün tam yararlı və bütün kommunal imkanları olan sahədir. Əgər həmin tikili təmirsizdirsə, ona mənzil demək olmaz, bu, sadəcə tikinti sahəsidir".

"Tikinti şirkətlərinin marketinq planları var. Bu plana əsasən, tez və daha çox müştəri cəlb etmək lazımdır. Təbii ki, təmirsiz tikili də daha ucuz başa gəlir. Belə tikilini qismən ucuz qiymətə satırlar, alıcı da qiymətə aldanıb o tikilini alır" — ekspert bildirib.

"Həm də Azərbaycanda alıcıların mənzil təmirinə münasibəti fərqlidir. "Əgər başqası təmir edibsə, deməli keyfiyyətsiz təmir edilib" deyə düşünürlər. Təmirli aldıqları evləri də yenidən təmir edirlər. Bunları nəzərə alaraq tikinti şirkətləri belə layihələrə əl atırlar" – N. İbrahimov vurğulayıb.

605
Teqlər:
ölkə, Nüsrət İbrahimov, yaşayış, mülkiyyət, tikinti, Əkrəm Həsənov, bina, mənzil, ekspert, Bakı, Azərbaycan, qanun, ev
Əlaqədar
Mənzil alanlar da çaşqınlıq içində, satanlar da: bu vəziyyətdə nə etməli?
Mənzillərə nə zaman istilik veriləcək? – Vaxt açıqlandı
Bakıda mənzil almağı xəyal etməyənlər, orada imarət sahibi olurlar
"Bahalı mənzil, hələ o binanın keyfiyyətli olması demək deyil"
Bu peşə sahiblərinə də pulsuz mənzillər verildi