Bakıda nəqliyyatın hərəkəri

Paytaxt əhalisi polisi üçün "sürpriz": kimsə baş verdiyini anlamır

640
(Yenilənib 18:16 13.11.2017)
Gəl bu işdən baş çıxar: Nə kimin işi olduğu bilinir, nə də anlamı

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Bakının Zivərbəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrinə, qanunda nəzərdə tutulmayan yol nişanları quraşdırılıb. Nişan sürücüləri çaş-baş salıb. Belə ki, əlil adam siluetinin əks olunduğu yol nişanının nə məna daşıdığını heç kim bilmir. Hətta yol hərəkəti nişanlarını dəqiq bilən ekspertlər belə, bu işarənin hansı məna daşıdığından xəbərsizdirlər.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında, heç kimə məlum olmayan nişan barəsində danışıb. O bildirib ki, həmin nişan qanunvericilikdə yoxdur.

"Ümumiyyətlə, həmin nişan bizim tərəfimizdən istehsal olunmayıb və o əraziyə "Siqnal" idarəsi tərəfindən quraşdırılmayıb. Hazırda nişanın kim tərəfindən, hansı məqsədlərlə bu küçəyə quraşdırıldığı araşdırılır. Qanunsuz nişanın qoyulmasına görə, bu nişanı ora yerləşdirən istər fiziki, istərsə də hüquqi şəxs məsuliyyətə cəlb olunacaq" — Əliyev bildirib.

Yol-nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Azərbaycanda yol nişanları ilə bağlı ciddi problemlər var: "Bu problemin kökündə də, quraşdırılan nişanlara nəzarətin konkret bir qurumun əlində olmaması durur. Bakı Nəqliyyat Agentliyi, "Azəravtoyol" ASC, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Yol Polis İdarəsinin nəzdində yerləşən "Siqnal" idarəsi nişanların quraşdırılması ilə məşğuldur".

"Təbii ki, bu idarələr özbaşına işarə yerləşdirmir. Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsi var. Bu idarələr həmin komissiyaya müraciət edir və razılıq aldıqdan sonra lazım olan işarələr küçələrdə yerləşdirilir" — Muradlı deyib.

"Düşünmürəm ki, belə nişanı quraşdırmağa komissiyadan razılıq verilsin. Hər bir halda araşdırılma aparılacaq və kamera vasitəsi ilə bu işarənin hansı qurum tərəfindən yerləşdirildiyi araşdırılacaq" – deyə o, əlavə edib.

Yol-nəqliyyat eksperti iddia edir ki, bu hadisə daha bir problemi ortaya çıxarır: "Yol nişanlarına vahid qurum tərəfindən nəzarət olunmaması belə hallara səbəb olur. Əgər yol nişanlarının quraşdırılmasına vahid qurum nəzarət etsə, belə problemlər yaranmaz. Əks halda gülünc hallar hələ çox baş verəcək".

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, bu anlaşılmamazlığa görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayacaq: "Amma İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, Azərbaycan qanunlarında nəzərdə tutulmayan işarələrin yerləşdirdiyi üçün hüquqi şəxslər təşkilat və ya dövlət orqanları 3-4 min manat civarında, fiziki şəxslər 80-100 manat arası cərimə oluna bilərlər".

640
Teqlər:
yol nişanı, siqnal, Kamran Əliyev, Sputnik Azərbaycan, Bakı, polis, sürücü
Əlaqədar
Sürücülərin diqqətinə: Saxta maşın nömrələri satılır
"Baku Bus"un sürücüsü cərimələnib
Bakıda avtobus sürücüsü sərnişinlərə dəhşət yaşatdı
Əliyev: “Çirkli avtomobilə görə sürücü məsuliyyəti yoxdur”
Polkovnik nöqtəni qoydu: “Nəinki danışan sürücülər, sərnişinlər də cərimələnə bilər”
Sürücülərə daha bir xəbərdarlıq