İritonnajlı nəqliyyat vasitəsi, arxiv şəkli

Yollarımızdakı "Shacman" terrorunun səbəbi: 200 manatlıq "icazə"

1615
(Yenilənib 13:23 12.11.2017)
“Onları saxlayan kimi, 5-10 əlil yığılıb yol polisini ittiham edir, protezlərini çıxarıb atırlar yol polisinin üzərinə”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Bakı-Qazax yolunda işləyən yük avtomobillərinin sürücüləri DYP-dən narazılıq edirlər. İddialarına görə, onlara “Azəravtoyol” ASC-nin nəzarət məntəqələrində istədikləri qədər yük götürə bilmələri üçün xüsusi sənəd verilib və bu sənədi 200-250 manat ödəməklə əldə ediblər. Dediklərindən belə çıxır ki, əgər onlar 250 manat verib sənəd alıblarsa, ağır yük götürərək yolu dağıtmaq haqları da var. Lakin Dövlət Yol Polisi həmin avtomobilləri saxlayıb, yüklərinin çəkisini ölçür. Məlum olub ki, bu yük avtomobillərinin norması ən yaxşı halda 40 ton olduğu halda, onlar bəzən 60-62 ton yük daşıyırlar. Bu da milyonlarla pul xərclənərək salınan yolların dağılmasına səbəb olur. Bakı-Quba yolu da məhz bu səbəbdən dağılıb, yolun sağ zolağı artıq sıradan çıxıb və yük maşınları özləri belə, sağ zolaqdan hərəkət edə bilmirlər.

İritonnajlı yük avtomobilinin DYP əməkdaşı tərəfindən yoxlanılması
© Foto Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri Elməddin Muradlı tərəfindən təqdim edilib
İritonnajlı yük avtomobilinin DYP əməkdaşı tərəfindən yoxlanılması

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yollardakı yük maşınları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Çünki yük avtomobilləri sürücüləri arasında nizam-intizama əməl etməyən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də “Azəravtoyol” nəzarət edir: "Azəravtoyol” ASC-nin xüsusi tərəzi nəzarət məntəqələri var. Bu məntəqələrdə artıq çəkisi olan avtomobillərə cərimələr tətbiq edilir. Cərimənin miqdarı 600 manatdır".

Muradlı bildirir ki, yük avtomobillərinin normadan çox yüklənməsi yolların dağılmasına gətirib çıxarır: "Bu, qanun pozuntusudur. "Avtomobil Nəqliyyatı və Yol Hərəkəti haqqında" Qanunda elə bir müddəa yoxdur ki, hansısa yük avtomobilinin sürücüsü kiməsə 200-250 manat versin və hansısa məmur ona bu məbləğə görə sənəd versin ki, get istədiyini elə. Qanunda belə bir yanaşma yoxdur. Sürücülər fəaliyyətləri üçün mütləq lisenziya almalıdır. Bakı, Gəncə, Sumqayıt və digər bölgələr üzrə müxtəlif qiymətlər var. Aylıq ödəniş təxminən 40-50 manatdır. Sürücü bu məbləği ödəyib lisenziya alaraq qanun çərçivəsində fəaliyyət göstərə bilər. Bu zaman avtomobilin götürdüyü yük normalara keçməməlidir, oxlar üzrə paylanan yükün həcmi avtomobilin konstruksiyasına uyğun olmalıdır".

BDYPİ--nin Tərəzi Mənətəqəsi tərəfindən verilmiş sənəd
© Foto Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri Elməddin Muradlı tərəfindən təqdim edilib
BDYPİ--nin Tərəzi Mənətəqəsi tərəfindən verilmiş sənəd. Yük avtomobilinin çəkisi normadan artqdır

Muradlının sözlərinə görə, “Azəravtoyol”un əməkdaşları, tərəzidə işləyənlər sürücülərdən artıq pul alaraq, onlara “icazə” verir: “Bu, qanunsuzdur. Hər bir yükün daşınma qaydası var. Bunlar ağırtonnajlı avtomobillərdir və normadan artıq yük vurulduqda onların konstruksiyasında deformasiyalar baş verməyə başlayır. Əyləc sistemi pozulur, əyləc tutmur, sükan idarəetmə mexanizminə təsir edir və yolda qəza baş verir. Yük avtomobilləri sürücüləri arasında əsəbi şəxslər, sürücülük vəsiqəsi olmayanlar, müharibə əlilləri və başqa sosial təbəqədən olan insanlar var və onlar "çörəkpulu qazanıram" deyib yollarda ölüm saçırlar. Bir neçə yük maşınını saxlayan kimi görürsən ki, 5-10 əlil yığılıb yol polisini ittiham edir, protezlərini çıxarıb atırlar yol polisi rəhbərliyinin üzərinə ki, “mənim qolum yoxdur, ayağım yoxdur, mən nə ilə dolanmalıyam?” Bəli, onlar dolanmalıdır, amma bu yolla yox. Avtomobillər, onu idarə etmə hüququ olan insanlara verilməlidir. Yük avtomobili sürücüləri arasında narkotik vasitə istifadəçiləri, içkili halda idarə edən, sürücülük vəsiqəsi olmayanlar nə qədər olduğunu bilirsiniz?"

Ekspert bildirir ki, “Kamaz”, “Shacman”, “MAN” tipli yük avtomobilləri hər gün yollarda minik avtomobillərini vurub əzirlər: Müşahidə zamanı məlum olur ki, hadisələr daha çox sol və orta zolaqda baş verir. O zaman belə bir sual ortaya çıxır – yük avtomobilinin orta və ya sol zolaqda nə işi var?" 

Muradlı qeyd edir ki, yük maşınları təyinatı üzrə sağ zolaqla hərəkət etməlidir: "Yük avtomobilləri yollarda maksimum saatda 90 km. sürətlə hərəkət edə bilərlər. 90-dan artıq hərəkət etmək hüquqları yoxdur. Amma baxırsınız ki, bəzi yük avtomobilləri bu sürət həddini aşır, 110-140-la hərəkət edirlər".

Ekspertin fikrincə, qanunlarda bununla bağlı boşluq var. Belə ki, sürət həddi 110 km/saat olan bəzi yollar var ki, yük avtomobilləri və sərnişin daşıyan avtobuslar orada 90-la hərəkət etməlidir: "Ancaq onlar da minik avtomobilləri kimi 110-la hərəkət edir və radara da düşmürlər. Çünki radarlar bir sistemlə qurulub. Avtomobilin sürətini 119-a qədər qaldıra bilərsən və radar səni 120-dən sonra çəkir. Yük avtomobillərinin yüksək sürətini radarlar çəkmir. Yük avtomobilləri və sərnişin avtobusları da bundan istifadə edir. Düşünürəm ki, yük avtomobili və avtobus sürücülərinin sürət həddini aşmasına görə onların DYP tərəfindən saxlanılmasına icazə verilməlidir. Yoxsa onlara başqa cür nəzarət etmək olmur".

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, qurumun tərəzi-nəzarət məntəqələri var. Amma avtomobillər həmin məntəqələrə DYP-nin nəzarəti əsasında yönləndirilir: "Yəni, çəkisində yüklənmə olduğuna şübhə yaranan avtomobillər Dövlət Yol Polisi tərəfindən saxlanılır, bizim tərəzi məntəqələrimizə göndərilir. Əgər qayda pozuntusu varsa, artıq çəki boşaldılır və sürücü cərimə edilir. Bundan sonra sürücü yoluna davam edə bilər".

Hüquqşünas Tağı Hüseynov isə bildirir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir və statusundan asılı olaraq müəyyən cərimələr tətbiq edilir: "İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsində deyilir ki, hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək cərimə edilir. Bu maddənin 353.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək cərimə edilir”. 

Hüquqşünas bildirir ki, bu maddənin 353.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə altı yüz manatdan yeddi yüz manatadək, eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz fayda vermədi.

1615
Teqlər:
Dövlət Avtomobil Nəqliyyatı Xidməti, "Azəravtoyol" ASC, Dövlət Yol Polisi İdarəsi, Tağı Hüseynov, Anar Nəcəfli, Elməddin Muradlı
Əlaqədar
Sürücüsüz yük maşınları da gəldi...
Şirkətə məxsus yük maşını aşdı, 20 min manatlıq qab qırıldı
Tərtərdə yük avtomobilləri toqquşub: xəsarət alanlar var
Yük qatarı ilə minik avtomobili toqquşub: ölənlər var
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub

1012
(Yenilənib 11:51 07.07.2020)
"Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb" - Günel Aslan

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub. Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, artıq həmin həkimlərdən 6-sı sağalaraq evə buraxılıb və digər 27 həkimin müalicəsi davam edir: "Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür".

"Bilirsiniz, hazırda xəstə sayı çoxdur və həkimlərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Onlaırn hər bir qorunma vasitələri var. Lakin bu gərgin rejimdə istər-istəməz immunitet düşür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb", - deyə mətbuat katibi bildirib.

Bundan başqa G.Aslanova bildirib ki, ATU-nun Tədris-Terapevtik Klinikası da COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb və burada çalışan 24 həkim arasında da yoluxma faktı qeydə alınıb.

1012
Natiq Məmmədli

Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə

24
(Yenilənib 11:49 07.07.2020)
"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

BAKI, 7 iyul — Sputnik. Tanınmış yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın hekayəsi yer alıb.

Kitab Məmmədlinin "Mənim oxucum mənim qəhrəmanımdır" devizi ilə oxucularına müraciəti ilə başlayır. "Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam", - deyə yazıçı oxucularına xitab edir.

"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

Kitabı paytaxtın kitab mağazalarından əldə etmək olar, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür.

24
Saytda qeydiyyat

Şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

0
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər

BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət"ə) göndərilir. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən "icaze.e-gov.az" portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

0