Avtomobillər, arxiv şəkli

Şəxsi məlumatlarımızın oğurlanmasında günahkar kimdir: DYP, yoxsa agentlər?

334
(Yenilənib 12:40 12.11.2017)
Hüquqşünas: "Etiraf etməliyik ki, bu məsələ günün ən böyük problemlərindəndir"

BAKI, 12 noyabr — Sputnik. Azərbaycanda sığorta bazarında bir neçə sığorta növü mövcuddur. Onlardan bəziləri məcburi şəkildə, bəziləri isə könüllülük əsasında edilən sığorta növləridir. Avtomobillərin icbari sığortası isə məcburi sığorta növünə aiddir. Hər bir avtomobil sahibi ildə bir dəfə maşınını icbari sığorta etdirir. Hətta, sığortanın vaxtı keçərsə DYP tərəfindən 50 manat cərimə olunur. Sürücüləri isə bu mövzuda narahat edən başqa səbəb var. Belə ki, sığortanın bitməsinə bir neçə gün qalmış artıq müxtəlif sığorta şirkətləri sürücüyə zəng edib öz paketlərini təklif edirlər. Vəziyyət o yerə çatır ki, sürücünün əsəbləri korlanır. Bu zaman belə bir sual yaranır. Sürücünün şəxsi məlumatını və telefon nömrəsini başqa şirkətlər necə əldə edir? Bəzi sürücülər iddia edir ki, şəxsi məlumatları sığorta şirkətlərinə DYP-i verir. Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər hansı sığorta agenti bir şirkətdən çıxıb başqa şirkətə gedəndə müştərilərinin məlumatlarını özü ilə aparır və yeni şirkətdə daha çox müştəri cəlb etmək üçün bu məlumatlardan istifadə edir: "Avtomobil sahiblərinə zəng edib yeni şirkətin xidmətlərini təklif edirlər. Baş Dövlət Yol Polis İdarəsi heç bir halda avtomobil sahibinin şəxsi məlumatlarını hər hansı sığorta şirkətinə verə bilməz". 

Sığorta eksperti Xəyal Məmmədxanlı iddia edir ki, aparılan araşdırmalara görə DYP-də bu məlumatlar çox dağınıq şəkildədir: "Onlar tərəfindən şirkətlərə məlumatların ötürülməsinə bir az şübhə ilə yanaşıram. Amma agentlərin köhnə iş yerindən gedərkən yeni iş yerinə müştərilərin məlumatlarının daşıması inandırıcıdır".

"Sığorta fəaliyyəti haqqında qanun"un 6-cı maddəsi ''Sığorta sirri" adlanır. Bu məlumatlarda sığorta edən şəxsin məlumatları sığorta sirri hesab olunur və yayılması qadağandır. Sadəcə məlumatı kimin yaydığını dəqiq bilinmədiyi üçün, heç kəs cəzalandırılmır" — deyə Məmmədxanlı əlavə edib. 

Hüquqşünas Asif Abdullayev qeyd edib ki, əgər bir işçi işdən azad olunursa, əmək müqaviləsinə əsasən iş yerində olan məlumatları gizli saxlamalıdır: "Əgər o agent digər şirkətə keçən zaman köhnə iş yerinin məlumatlarını özü ilə apararsa və bu sübut olunarsa, o işçini keçmiş iş yerindən məhkəməyə verə bilərlər. Sadəcə bunu sübut etmək çətindir. Amma etiraf etməliyik ki, bu məsələ günün ən böyük problemlərindəndir".

Onun sözlərinə görə problemə qlobal şəkildə baxılmalıdır.

"Məsələnin axırına çıxmaq üçün araşdırmaq lazımdır ki, şirkətlərə kimlər tərəfindən və hansı əsasla nömrə verilib. Bir nəfər tərəfindən yox, kütləvi halda şikayət olmalıdır ki, məsələ həllini tapsın" – deyə vəkil əlavə edib.

334
Teqlər:
DYP, Baş Dövlət Yol Polisi İdarəsi, Xəyal Məmmədxanlı, Asif Abdullayev, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev, Azərbaycan
Əlaqədar
Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının sığorta hissəsi artırıldı
Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır
Mingəçevir və Yevlaxda icbari tibbi sığorta tətbiq ediləcək
Azərbaycanda sığorta şirkəti müflis elan edilib
Azərbaycanda 1 ayda avtomobillərin sığorta haqqı 8 milyon manat olub
Film çəkilişi, arxiv şəkli

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

1
(Yenilənib 21:45 08.08.2020)
Əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ay camaat, bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib". Personajlarının hər kəlməsi xalq dilində zərb-məsələ çevrilmiş "Bəyin oğurlanması" filmindən kolxoz sədri Hidayət müəllimin fikridir. Kino, doğrudan da qəliz və vacib məsələdir. Ölkənin dünya arenasında tanınmasında kino əvəzsiz vasitədir.

Venesiya beynəlxalq film festivalının keçirildiyi məkanın yanında qızıl şir heykəli, arxiv şəkli
© Sputnik / Екатерина Чеснокова

Tənqidçi və kinoşünas Sevda Sultanova Sputnik Azərbaycan-la söhbətində son illər Azərbaycan kinosunda yaranan boşluqlardan danışıb.

- Ötən əsrin 60-70-ci illəri və qismən də 80-ci illər Azərbaycan kinosunun intibah dövrü olub. Lakin sonralar, məlum səbəblərdən, digər sahələr kimi, kino sahəsi də tənəzzülə uğradı. Sonralar digər sahələr inkişaf etsə də kino sahəsi yerində sayır, sizcə, bunun səbəbləri nədir?

- Azərbaycan kinosunda bir neçə dəfə qırılma nöqtəsi baş verib. Birinci qırılma nöqtəsi 1930-cu illərin repressiyaları ilə bağlıdır. Yəni senzura gücləndi, kino sektoruna nəzarət gücləndi, həbslər başladı, qeyri-millətdən olan kadrlara üstünlük verildi. Ümumiyyətlə, kino sənəti ölkəmizə gəldiyi ilk illərdə ən yaxşı filmləri azərbaycanlılar çəkiblər, nəinki ruslar və ya ermənilər. Digər millətlərin çəkdikləri filmlərdə xeyli təhrif vardı ki, bu barədə Cəfər Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazıb. Yerli rejissorlarımız isə mühiti, coğrafiyanı, mentallığı, yerli mədəniyyəti, əhvalatları bilirdilər, üstəlik, istedadlı çəkirdilər.

Qeyd etdiyiniz 60-70-ci illərdə də intibahı milli rejissorlarımız yaratdılar. Mənə görə, Azərbaycan kinosu ikinci intibah dövrünü məhz sovetlərin dağılması ərəfəsində yaşadı. Bu, 1980-ci illərin sonundan 1990-cı illərin ortalarınadək davam etdi. "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi" adlı araşdırmamda bu haqda ətraflı yazmışam. Sonrakı illərdə kinoya ayrılan büdcənin monopoliyaya alınması, keyfiyyətsiz idarəetmə sistemi bu sahədə növbəti qırılma nöqtəsinə səbəb oldu. Daha bir məqamı deyim: əslində bunun özü böyük araşdırma mövzusudur. Yaradıcılığının ilk illərində yüksək peşəkarlıq göstərən rejissorların sonrakı işlərində zəif nəticələr göstərməsi maraqlıdır. Misalçün, Hüseyn Seyidzadənin "Yenilməz batalyon" filmində əldə etdiyi nəticə digər filmlərində nəzərə çarpmadı. Səbəbləri çox ola bilər. Məsələn, Seyidzadə çox sıxışdırılırdı, bu da onun yaradıcı potensialına təsir etməyə bilməzdi. Dediyim kimi, araşdırılmalı mövzudur.

- Ümumiyyətlə, necə düşünürsünüz, kinomuzun bu duruma düşməsinin günahkarı kimlərdir?

- Bayaq dediyim kimi, başlıca problem doğru olmayan idarəçilik sistemindədir. Amma italyan neorealizmi çətin şərtlərdə yaranmışdı. Görünür, burada yaradıcı adamların entuziazmı da böyük rol oynayır.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan dərslərin əksəriyyəti qeyri-ixtisas fənləridir. Universitetə böyük şövqlə qəbul olunan tələbənin qol-qanadı həmin illərdə sınır. Sizcə, milli kinomuzun bu duruma düşməsinin səbəbi həm də bu ola bilərmi?

- İncəsənət Universitetində tədrisin hansı prinsiplərə əsaslanması, keyfiyyəti haqda ətraflı məlumatım yoxdur. Amma orada təhsil alan tələbələrdən, məzunlardan eşitdiklərimə görə, dərslər keyfiyyətli, məhsuldar keçirilmir, müəllimlərin bir qisminin sahələri üzrə yetərli bilgiləri yoxdur, peşəkarlığı qənaətbəxş deyil. Aydın Dadaşov bir dəfə məni kinoşünaslıq kafedrasına dəvət etmişdi. İstəyirdi ki, mən və Aygün Aslanlı müəllim kimi burada fəaliyyət göstərək. Yeri gəlmişkən, mən İncəsənət Universitetini bitirmədiyimdən, orada dərs deməyim üçün ya kino ilə bağlı kitabım olmalıydı, ya da heç olmasa, Universitetdə qiyabi təhsil almalıydım. Aydın müəllim dedi ki, sənin üçün şərait yaradacağıq. Nə kitab yazmağa, nə ikinci təhsilə həvəsim olmadığımdan alınmadı. Həm də kitab üçün təklif olunan mövzu ürəyimcə deyildi. Həmin kafedrada bir neçə müəllimlə söhbət edəndə onların kino bilgilərinə dırnaqarası heyran oldum.

Bu il milli kino ilə bağlı iki mühüm araşdırma etmişəm, "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabım çıxıb. Xeyli resenziyam var, yaxınlarda "Azlogos"da dünya kinosunda homoseksual mövzunu araşdıran yazım yayımlandı, üstəlik, mükafat alan yeni Qərb filmləri ilə bağlı təhlillərim var. Mənim üçün maraqlıdır ki, İncəsənətdə dərs deyən kinoşünasların və ya kino tənqidçilərinin hansı məhsulu var? Bu, mənim üçün, doğrudan, maraqlıdır. Və onların yetişdirdiyi yeni nəsil kino tənqidçiləri haradadır?

Bu yaxınlarda gənc kinotənqidçilər axtarırdım, əməkdaşlıq üçün. Araşdırdım, tapa bilmədim. Məlum oldu ki, teatrşünaslıqda, teatr tənqidində yeni, maraqlı imzalar var, amma kinoda yoxdur. Mən, Aygün Aslanlı kino tənqidi ilə məşğul olmaq istəyən gənclərlə biliklərimizi təmənnasız paylaşmağa, fikir mübadiləsi etməyə hazırıq. İstəyənlər sizinlə əlaqə saxlayıb, əlaqə nömrələrimi sizdən götürə bilərlər. "Debüt" studiyası və "Artlogos" saytı ilə birgə kino verilişi planlaşdırırıq. Aygünlə mən müəllifik. İlk mövzumuz "Resenziya necə yazılmalıdır?" olacaq. Qısa zaman içərisində gərəkli bilgiləri verməyə çalışacağıq.

- "Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar" adlı yazınızda xaricdə uğur qazanan gənc rejissorlarımızı qeyd etmisiniz. O rejissorlar ki, əcnəbi rejissorlarla rəqabətə girə biləcək qədər güclüdürlər.

- Azərbaycanda istedadlı rejssorlar həmişə olub. Xüsusən, indi gənc nəsil kinematoqrafçılar gəlirlər ki, onlar tədricən "Yeni dalğa"ya zəmin yaradırlar. Kino sahəsində idarəçiliyin qüsurluluğu, uyğun iqtisadi şərtlərin olmaması, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməməsi prosesi xeyli ləngitdi. Teymur Hacıyevin Kann festivalında, Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşməsi onların təkbaşına, müstəqil fəaliyyətlərinin nəticəsidir. Yəni, burada dövlətin rolu olmayıb.

Həmişə bu fikirdə olmuşam ki, tammetrajlı bədii filmlərə dövlət maliyyəsi ayrılmasın. Uşaq, cizgi, müəyyən mövzularda – məsələn, Qarabağ kimi mühüm mövzularda çəkilən filmlər istisna olmaqla.

İstedadlı, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq, həm də yaşadığımız texnogen dünyada imkanların bolluğu buna şərait yaradır. Demək istədiyim odur ki, əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

- Son illər ölkəmizdə film sahəsində, xüsusən də komediya filmləri monopoliyadadır. Çəkilən əksər komediya filmlərində eyni simaları görürük. Sizcə, bu, komediyanı çəkən rejissorun özünü sığortalaması ola bilərmi? Çünki həmin filmlərə sponsorluq edən təşkilatlar populyar simaya daha çox etibar edir.

- Mən gözləyirdim ki, komediya janrından tədricən dram, triller, melodram və digər janrlara keçiləcək. Yəni qanunauyğunluq bunu tələb edir. Amma hələ ki, komediya janrı dominantdır. Ən pisi isə odur ki, komediya janrının özündə belə çox az istisnanı nəzərə almasaq, keyfiyyət dəyişikliyi baş vermir. Çünki yeganə məqsəd pul qazanmaqdır. Onların pul qazanmaq istəyinə normal baxıram. Ancaq pul qazanmaq üçün yaxşı məhsul təklif etmək lazımdır axı. Ona görə eyni adamlar komediya çəkir ki, azad iqtisadi bazar yoxdur, normal reklam bazarı yoxdur, ifadə sərhədləri məhduddur və dediyim səbəblərdən ciddi rəqabət yoxdur. 1990-cı illərin əvvəllərindən iş adamları kinoya investisiya qoyurdular. Dövlətdən asılı olmayan, alternativ maliyyə ilə çəkilən müstəqil kino yavaş-yavaş inkişaf edirdi. Onların arasında festival üçün nəzərdə tutulan, ciddi filmlər üstünlük təşkil edirdi. Sonralar bu ənənə müxtəlif səbəblərdən yox oldu.

1
Əlaqədar
Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”
Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib
Azərbaycanlı dramaturqun pyesi Rusiya festivalının şort-listinə daxil edilib
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb

84
(Yenilənib 20:30 08.08.2020)
Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

BAKI, 8 avqust — Sputnik. Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

Həkimlər şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkən 62 yaşlı Çikaqo sakininin xəstəliyinin gedişini açıqlayıblar. Aprel ayında o, dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib. 

Xəstədə koronavirusun əsas simptomları sayılan öskürək, qızdırma, burnun tutulması, boğaz ağrısı və təngnəfəslik olmayıb.

Müayinə zamanı pasiyentin hərarətinin 37,3 dərəcə olduğu məlum olub, COVID-19 testi isə pozitiv çıxıb. Döş qəfəsinin rentgeni ağciyərlərdə kiçik qaralmaların olduğunu göstərib. Bundan sonra kişini koronaviruslu xəstələr şöbəsinə göndəriblər və onun halı orada pisləşib.

Daha sonra çikaqolunu koronavirusa qarşı effektiv dərman sayılan malyariya əleyhinə hidroksixlorin preparatı ilə müalicə ediblər. Bir müddət sonra ÜST bu dərmanın koronavirusa qarşı effektsiz olduğunu etiraf edib. Lakin üç gündən sonra kişinin vəziyyəti sabitləşib və onu xəstəxanadan evə buraxıblar.

"Bildiyimiz qədər, bu, tibbi ədəbiyyatda COVID-19 xəstəsi olan şəxsin davamlı hıçqırıqdan şikayət etməsinə dair ilk hesabatdır", - məqalədə bildirilir. Həkimlər həmkarlarını davamlı hıçqırıqdan şikayət edən digər pasiyentlərə də çox diqqətlə yanaşmağa çağırıblar və qeyd ediblər ki, koronavirusa yoluxma getdikcə daha çox atipik simptomlarla üzə çıxır.

84
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb