BAKI, 10 yanvar — Sputnik. Bakıda yaşayış binasında yanğın söndürülüb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Blokların birindəki elektrik şitində qəfil baş verən tüstülənmə yanğına çevrilib.
Yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, yanğın bu gün saat 21:30 radələrində başlayıb.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:
"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.