Avtomobil işığı

Diqqət edin: nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz

1494
(Yenilənib 21:01 08.11.2017)
Bütün işıq cihazları günün vaxtından asılı olmayaraq işlək vəziyyətdə olmalıdır

BAKI, 8 noyabr — Sputnik. Payız-qış aylarında gün tez batır. Bu səbəbdən də, avtomobil sürücüləri günün qaranlıq hissəsində daha çox maşın idarə etməli olurlar. Avtomobilin gecə saatlarında idarə edilməsi isə işıq cihazlarının işlək vəziyyətdə olmasını tələb edir. Amma bəzi sürücülər iddia edir ki, maşının iki işığından ən azı biri saz vəziyyətdədirsə, avtomobili idarə etmək olar. Yəni, buna cərimə tətbiq olunmur. Sputnik Azərbaycan məsələni mütəxəssislərdən soruşub.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, işıq cihazlarının hər biri saz vəziyyətdə olmalıdır: "Bütün işıq cihazları günün vaxtından asılı olmayaraq işlək vəziyyətdə olmalıdır. Amma yolda bu hal baş verərsə, mənzilə çatmaq üçün imkan varsa, sürücü yolun sağı ilə aşağı sürətlə hərəkət edə bilər. Zərurət yaranarsa, mütləq şəkildə avtomobili yolun kənarına çəkərək saxlamalıdır. Bir sözlə, sürücü nasaz avtomobili ilə başqalarına maneə yaratmaqdan çəkinməlidir". 

"İşıq cihazları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Əksər sürücülər standartlardan kənar işıq faralarından istifadə edirlər. Xüsusilə, son vaxtlar istifadə olunan ksenon lampaları buna misal göstərmək olar. Bunlar da yol hadisələrinə səbəb olan hallardan biridir" – deyə Muradlı əlavə edib.

Onun sözlərinə görə, Yol Hərəkəti Haqqında Qanunun 342-ci maddəsinin tələblərinə əsasən, işıq siqnallarından hər hansısa biri işləmirsə, bu avtomobilin texniki nasazlığı kimi qeydə alınır və 50 manat cərimə nəzərdə tutulur: "Belə maşın mütləq istismardan uzaqlaşdırılmalıdır. Gündüzlər bu nasazlıq bilinməsə də, gecələr aydın görünür və polis bu hallarda sürücünü cərimə edir. Eyni zamanda, avtomobili istismardan uzaqlaşdırır. Qanunvericilikdə bu haqda yazılmayıb ki, polis əməkdaşı sürücünün avtomobilini cərimə meydançasına aparmalıdır, yoxsa sadəcə istismarını dayandırmalıdır. Maşın ya evakuator vasitəsi ilə evə, ya ustaya, ya da cərimə meydançasına aparılmalıdır. Hər halda yolun kənarında qalmalı deyil".

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər işıqlarda problem yaranarsa və sürücü bu nasazlığı aradan qaldıra bilməzsə, nəqliyyat vasitəsini idarə etməkdə davam edirsə, əlbəttə o sürücü inzibati məsuliyyətə cəlb olunur və onun nəqliyyat vasitəsi idarəetmədən kənarlaşdırılır: “Amma maşında qabarit işıqlar yanırsa, yaxın işıq yanmadan belə, müəyyən yaxın ünvana kimi az sürətlə, yolun sağında sürmək olar. Amma ən təhlükəlisi, maşının heç bir işığının yanmamasıdır". 

"Bütün işıqları işləməyən avtomobilin hərəkəti yol polisi tərəfindən məhdudlaşdırılır və həmin yol ətrafında avtomobili saxlamaq üçün təhlükəsiz yer yoxdursa, onu mühafizə olunacaq sığınacağa aparılır" – deyə Kamran Əliyev əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə görə, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə sürücü 50 manat cərimə oluna bilər.

1494
Teqlər:
Baş Dövlət Yol Polisi İdarəsi, Elməddin Muradlı, Kamran Əliyev
Əlaqədar
Sürücülərin nəzərinə: Bunları mütləq bilməlisiz
"Baku Bus"un sürücüsü cərimələnib
Bakıda avtobus sürücüsü sərnişinlərə dəhşət yaşatdı
Əliyev: “Çirkli avtomobilə görə sürücü məsuliyyəti yoxdur”
Polkovnik nöqtəni qoydu: “Nəinki danışan sürücülər, sərnişinlər də cərimələnə bilər”

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

2
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

12
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

12