Tatu

Tatu: yüngül həyat tərzi, məhbəs həyatı, gözəllik, yoxsa xəstəlik?

225
(Yenilənib 12:18 08.11.2017)
Hər bir müştəri tatto vurdurmaq üçün müraciət etdiyi salonun təmizliyinə fikir verməlidir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. "Tatuaj", "nakolka", "tatuirovka" adı ilə bilinən tatto (tatu) haqqında yəqin ki, çox eşitmisiniz. Əvvəllər, insanlar bədənin müxtəlif nahiyələrində yer alan bu şəkillərə birmənalı yanaşmırdılar. Çoxları tattonu yüngül həyat tərzi keçirən, məhbəs həyatı yaşayan, cəmiyyətdə əxlaq normalarına riayət etməyən insanların nişanı kimi qiymətləndirirdi.

Tattonun tarixi də qədimdir. Deyilənə görə, tatto 8 min il öncə Afrikanın cənubunda yaşayan bir qəbilədə meydana gəlib. O vaxtdan bu günə qədər müxtəlif mərhələləri keçən tatto bu gün cəmiyyətdə incəsənət növü kimi qiymətləndirilir.

Ölkəmizdə də tatto həvəskarları az deyil. Və bu sahədə də, digər sahələrdə olduğu kimi peşəkar və qeyri peşəkar tatto ustaları var. Əvvəllər tatto ancaq evlərdə və gizli şəkildə vurulurdusa, bu gün paytaxtın bir çox gözəllik salonlarında, studiyalarda tatto vurulması xidmətləri təqdim edilir. Digər tərəfdən, tibb ekspertləri salonlarda və qeyri-peşəkar insanlar tərəfindən həyata keçirilən tatto, pirsinq və s. əməliyyatları QİÇS, Hepatit B, C və digər qan xəstəliklərinin yayılmasının səbəblərindən biri sayırlar.

Kainat gözəli müsabiqəsi
© REUTERS / Erik De Castro

Bəs tatto həvəskar olan şəxs hara müraciət etməlidir ki, xəstəliyə yoluxmadan öz arzusunu həyata keçirə bilsin? Bu suala cavab tapmaq üçün tatto ustası Vüsal Abbasovla danışdıq.

Vüsal Abbasov deyir ki, tatto sənəti çətin və hər kəsin bacara bilməyəcəyi bir işdir. Yəni, kimsə əlinə tatto vuran aparatı alıb, "mən ustayam" deyə bilməz. Usta bildirir ki, bədənə hər hansı bir iz salmaq, tatto deməkdir və bunun böyük tarixi var.

Vüsal Abbasovun sözlərinə görə, son illər tatto həvəskarlarının sayı durmadan artmaqdadır. Və hər gün onlarla insan müxtəlif mövzularda tattoların çəkilməsi üçün müraciət edir. Tatto vurdurmaq üçün daha çox 15-30 yaş gənclər müraciət edir. 30-50 yaşlılar arasında isə daha əvvəl vurdurduğu tattoların silinməsi və ya yenidən çəkilməsi üçün müraciət edənlər üstünlük təşkil edir.

Usta Vüsal bildirir ki, ən kiçik tattoların vurulması 20-30 dəqiqəyə, böyük tattoların vurulması isə bəzən aylarla çəkə bilər. Tattonun çəkilməsi məbləğinə gəldikdə isə usta bildirir ki, ən kiçik tatto 15-25 manata vurulur. Bəzi böyük işlər var ki, onlar qiyməti bir neçə min manata da çata bilər: "Ən kiçik 3D və rəngli tattolar 200-250 manatdan aşağı olmur. Bəzən tattoların baha vurulduğunu bildirirlər. Ancaq onu da qeyd edim ki, biz tatto vurmaq üçün xüsusi iynələr, boyalar alırıq. Onlar da heç də ucuz başa gəlmir. Boyalarımız təbii boyalar olmalıdır ki, insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olmasın. Hər müştəri üçün ayrıca iynə və başlıq çıxarılmalıdır. Bununla yanaşı, tatto prosesi zamanı mən özümü və müştərini xəstəliklərdən qorumaq üçün gigiyenik tədbirlər görməliyəm".

Usta bildirir ki, tatto üçün daha çox Almaniya və İsveç istehsalı olan boyalardan istifadə edilməlidir: "Tatto vurdurmaq istəyirsinizsə, ilk öncə ustaların çalışdığı studiyaların gigiyenik vəziyyəti, ustanın qaydalara riayət etməsi, alətlərin steril olması çox önəmlidir. Bu gün evlərdə tatto vuran insanlar da var. İşin hansı vəziyyətdə olacağı barədə heç nə demirəm. Şəxsən mən tatto vurdurmaq üçün hansısa evə getməzdim. Bu gün ən əsası məsələ sağlamlıqdır".

*Hər bir müştəri tatto vurdurmaq üçün müraciət etdiyi salonun təmizliyinə fikir verməlidir.

*Tatto vurdurulan zaman müştərinin uzandığı kosmetik oturacaq xüsusi şəkildə izolyasiya edilməlidir.

*Usta bütün işləri əlcək geyinərək etməlidir.

*Proses zamanı istifadə edilən iynə və iynə başlığı müştərinin qarşısında açılmalıdır.

*Boya müştərinin gözü qarşısında açılmalı və birdəfəlik qaba tökülməlidir.

*Tatto sərin aylarda vurdurulmalıdır. Çünki isti aylarda tatto boyaları tez keyfiyyətini itirir. Yayda tatto vurdurmaq məsləhət deyil.

*Yayda tatto vurdurulubsa, 20 gün günəş şüasından qorunmalıdır.

Qeyd edək ki, tatto vurdurma əməliyyatı çox cüzi ağrı ilə müşahidə edilir. Yəni bəzilərinin dediyi kimi, ağrılı və qanlı prosedur deyil. Tatto vurulduqdan sonra üzəri streclə sarınır. 2 saat sonra strec açılır və yerinə ustanın məsləhət gördüyü krem çəkilir. Tatto bir həftə ərzində qabıq bağlayır və sağalır.

225
Teqlər:
tatto ustası, Hepatit, Tatuaj, QİÇS, gözəllik
Əlaqədar
"Bədəninə tatu vurdurmaq istəyən qadınların sayı kişiləri keçib"
Tatu-nun səbəb olduğu qorxunc xəstəlik açıqlandı
Bu döymənin köməyi ilə smartfonu idarə etmək və informasiya göndərmək olar
Fransız polisinə saç uzatmağa və döymə etdirməyə icazə verilib