Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ekspertdən həyəcan təbili: "Qiymətlər durmadan artır..."

Abunə olmaq
"Qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. “Azərbaycan hökumətinin dərman sahəsinə diqqət yetirməsi və dərman bazarında vəziyyətin stabilləşdirilməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Bununla belə, bazar iqtisadiyyatı şəraitində dərman bazarında fəaliyyət göstərən əksər şirkətlərin özəl şirkət olduqları nəzərə alındıqda, dövlətin bu bazarda iştirakı sırf tənzimləyici funksiya ilə məhdudlaşa bilər”.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Professorun fikrincə, bununla yanaşı, dövlətin kifayət qədər tənzimləyici rıçaqları mövcuddur və dərman bazarının tənzimlənməsi dövlət tərəfindən həyata keçirilməlidir: "Bunun ilk növbədə sosial mənası var. Yəni, bu, dövlətin sosial funksiyalarından biridir. Tarif Şurasının (TŞ) bu istiqamətdə atdıqları addımlar müəyyən qədər öz effektini verib və bu addımlar davam etdirilməlidir. Dünya bazarında volatilik, turbolentlik davam edir. Yəni, bazarlarda, ilk növbədə, Azərbaycan üçün maraq kəsb edən enerji bazarlarında mövcud olan qeyri-stabil durum ölkəmizin ixrac imkanlarında da qeyri-stabilliyə səbəb olmaqdadır. Azərbaycanda dərman bazarının çox böyük hissəsi idxalla bağlıdır. Belə olan halda, dövlət tənzimlənməsi siyasəti olmadan ölkəmizin dərman bazarında vəziyyəti sosial baxımdan stabilləşdirmək mümkün olmazdı. Ona görə də hökumətin bu istiqamətdə atdığı addımlar düzgündür və bu addımlar daha da ardıcıl və məqsədyönlü olmalıdır". 

Almaniyada əhaliyə paylanan həblər - Sputnik Azərbaycan
Avropada təlaş: insanlara dərman paylanılır

Professorun sözlərinə görə, bu məsələdən tam çıxış yolu deyil: "Ölkədə dərman istehsalı prosesi balanslaşdırılmış şəkildə başlanmalıdır. Artıq bu istiqamətdə müəyyən addımlar atılır, amma bu, daha da sürətlənməli, bu istiqamətdə olan proseslər daha da intensivləşməlidir. Çünki dövlət nə qədər bu istiqamətdə müəyyən subsidiyalar, xərclər vasitəsilə tənzimləmə siyasəti aparsa da, son nəticədə ölkənin özü heç olmazsa, minimum səviyyədə dərman istehsalına və istehlak bazarının dərman seqmentində yerli bazarların yerli məhsulla təmin olunmasına şərait yaratmalıdır. Bunun üçün ilk növbədə kreditləşmə siyasəti daha da yüngülləşməlidir. Dövlət müxtəlif stimullaşdırıcı tədbirlərlə dərman istehsalının lazımi səviyyəyə qaldırılmasına şərait yaratmalıdır".

Onun qənaətincə, apteklərdə qiymətlərə nəzarət ilə bağlı ilk növbədə Səhiyyə və İqtisadiyyat nazirliklərinin aidiyyatı struktur bölmələri bu işdə aktiv fəaliyyət göstərməlidir: "Çünki TŞ tərəfindən müəyyənləşdirilən qiymətlərlə dərmanların satılması təmin olunmalıdır. Bunun üçün də dövlətin aidiyyatı icra strukturları var və hesab edirəm ki, apteklər Azərbaycanda özəl sektora aid olsalar da, onlar dövlətin aidiyyatı qurumları tərəfindən qəbul edilmiş qərarları icra etməlidirlər. Bu, ölkə üçün strateji bir sahədir. Aidiyyatı icra orqanlarının əllərində bütün səlahiyyətlər var ki, bu məsələlərin icrasını tam təmin edə bilsinlər".

“Aptek şəbəkələrində dərmanların qiyməti günü-gündən artır. Qiymətlər ilə bağlı xəstələrin arasında xeyli şikayət edənlər var. Manatın kursunun xeyli vaxtdır stabil olduğuna baxmayaraq, xəstənin bir ay əvvəl aldığı dərmanın qiyməti ilə indi aldığı eyni dərmanın qiyməti arasında fərq olduğunu görürsən”.

Bunu isə tibbi ekspert, professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında deyib. 

Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bizim aptek" heç də bizə xeyri olan dərmanlar satmırmış

Onun sözlərinə görə, dərmanların qiyməti qalxa-qalxa gedir: "Bunun özü həmin dərmanların istifadəsini də bəzən çətinləşdirir. Görünən odur ki, bu tənzimlənə hələlik müsbət nəticə verməyib. Belə ki, dərmanların qiymətində hələlik stabil bir rəqəm yoxdur, qiymətlərdə artım tendensiyası var. Bu da göstərir ki, tənzimləmə sadəcə olaraq sözdədir, kağız üzərindədir".

"Etiraf etmək lazımdır ki, Azərbaycan dərman bazarında aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunan xeyli dərman preparatları mövcuddur" – deyə o bildirib.

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli isə Sputnik Azərbaycan-a açıqlamasında vahid qiymət anlayışının dünyanın hər yerində olduğunu deyib: "Məsələn, Türkiyədə də vahid qiymət tətbiq edilir. TŞ-nin müəyyənləşdirdiyi qiymətlərdə dəyişmə halları olmur, apteklər həmin qiymətlərlə dərmanları satırlar".

Onun sözlərinə görə, əsas məsələ vahid qiymət siyasətinə keçidin özünü doğruldub-doğrultmadığı deyil: "TŞ dərmanların qiymətini qoyarkən nələri nəzərə alaraq bunu edib. Məsələ ondadır ki, Avropadan gələn dərman preparatlarının böyük əksəriyyəti avro ilə gəlir. Avronun qiymətində isə hər gün artım müşahidə edirik. Məsələn, TŞ-nin son iclasından bəri avronun qiymətində təxminən 35-40 faiz artım var. Bir məsələ odur ki, bu, şirkətlərin maraqlarına cavab verir, yoxsa yox. İkincisi, dərman preparatlarına qoyulan qiymətlər Azərbaycanda vətəndaşların minimum istehlak səbətinə uyğundurmu, yoxsa deyil. Bütün bunlar nəzərə alınmalıdır".

Ekspertin fikrincə, elə dərmanlar var ki, qiymətlərini TŞ-nin qoymasına baxmayaraq, kifayət qədər bahadır: "Elə şirkətlər var ki, dərmanların ölkəyə idxalından imtina edərək, bioloji aktiv əlavələrə keçib. Elə dərmanlar var ki, həm aptek, həm şirkət qiymət qoymaqda sərbəstdirlər. Hələ ki, onların TŞ tərəfindən vahid qiymətləndirmə mexanizmi başa çatmayıb. Yaxud da ümumiyyətlə, o məsələ gündəmdə deyil". 

Рука младенца, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Düzgün qidalanmamaq uşaqlarda hansı xəstəliklərə səbəb olur

"Azad bazar deyiriksə, ölkə dərman məsələsində idxaldan asılıdırsa, dərman istehsal edən zavodlarımız yoxdursa, burada TŞ-nin müdaxiləsi və vahid qiymətlə tənzimləmək mümkün deyil. Çünki manat devalvasiyaya uğrayır" – deyə o bildirib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatına görə, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.

Dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.

Xəbər lenti
0