Avtomobillər

Yeni qanun gəlir: ustalarla maşın sahiblərini qarşı-qarşıya qoyurlar

561
(Yenilənib 20:10 06.11.2017)
Bu arayış olmasa avtomobili təmirə qəbul edən hüquqi və fiziki şəxsləri böyük məbləğdə cərimə gözləyir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Bu gün yerli mediada yayılmış bir xəbər sürücüləri xeyli sevindirdi. Belə ki, İnzibati Xətalar məcəlləsinin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilir. Bundan əlavə, maddənin adındakı "və təmiri qaydalarının pozulması" sözləri də çıxarılır.

Layihədə qeyd olunub ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, çıxarılması nəzərdə tutulan müddəalar son dövrlər sürücüləri ciddi narahat edirdi.

Belə ki, son günlər DYP əməkdaşları avtomobillərə servis xidməti və təmir sexlərinə nəzarəti gücləndiriblər. Əvvəllər sürücü hansısa kiçik işlə bağlı təmir sexinə müraciət edə bilirdisə, indi təmir sexləri sürücülərdən baş vermiş qəza ilə bağlı arayış tələb edirlər. Yəni, sürücü avtomobilini harasa sürtmüş olsa belə, DYP-yə müraciət edərək, hadisəni nəql edib arayış almalıdır. Sürücünün bu hadisəni necə sübut edəcəyi isə sual altındadır.

Bəs sürücü ciddi qəza törətməyibsə, avtomobili həyətinin darvazasına və ya divara dəyib zədələyibsə, bu vəziyyəti necə sübut edə bilər?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtonəqliyyat vasitələrində dəmirçi və rəngsaz işinin görülməsi ilə bağlı mütləq Dövlət Yol Polisinə müraciət edilməli və arayış alınmalıdır. Məhz bu arayışla avtomobil təmir yerlərinə verilə bilər. 

V. Əsədovun sözlərinə görə, hər bir ərazidə servis və təmir sexlərinə polis əməkdaşları təhkim edilib. Onlar sexə gələn avtomobillərə nəzarət edirlər: "Məsələn, biri ağ rəngli avtomobilini qırmızi rəngə boyatmaq istəyir. Bunun üçün mütləq Dövlət Yol Polisindən sənəd almalıdır. Və yaxud avtomobilin qanadı çürüyüb, bunun üçün də DYP-yə müraciət edib sənəd almaq lazımdır. DYP-də avtomobilə baxış keçirildikdən sonra sənəd verilməlidir".

Şöbə müdiri bildirir ki, bu, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eyni zamanda, bağlı qalmış qəzaların açılması üçün çox önəmlidir: "2016-cı ildə qapalı qalmış 35 yol nəqliyyat hadisəsi olub. Bu hadisələr zamanı 7 ölüm və 28 xəsarət qeydə alınıb. Qapalı qalmış yol nəqliyyat hadisəsi o deməkdir ki, baş verən bu 35 hadisə zamanı sürücülər qaçıb gizlənib. Məhz polisin servislər, təmir sexləri ilə bağlı araşdırmaları zamanı bunlardan 22-nin üstü açılıb, yəni 22 sürücü tapılıb. Onlardan 6-sı ölümlə, 16-sı xəsarətlə nəticələnən qəzalara aiddir. Bir ölüm, 12 xəsarətlə nəticələnən 13 hadisə isə araşdırılır, sürücülər axtarışdadır. 2017-ci ildə isə qapalı qalmış 21 hadisə qeydə alınıb ki, onlardan 3-ü ölüm və 19-u xəsarətlə nəticələnib: "Ötən il baş vermiş hadisələrlə bu il baş verən hadisələri müqayisə edəndə görürük ki, 14 hadisə, 4 ölüm halı və 9 xəsarət halı azalıb. Bununla yanaşı, 2017-cı ilin 9 ayında baş vermiş 21 qapalı hadisədən 17-si müəyyən edilib, 3 ölüm faktının hamısı tapılıb və 14 xəsarətlə nəticələnmiş qəza sürücüsü tapılıb. İlin sonuna 5 nəfərin xəsarət alması ilə nəticələnmiş 4 hadisə hələ də araşdırılır. Düşünürəm ki, bu da ilin sonuna qədər müəyyən ediləcək. Bilirsiniz ki, biz il sonunda hesabat veririk"

V. Əsədov Sputnik Azərbaycan-a polisin servis və təmir sexlərinə nəzarət etməsi məsələsini izah edərkən bildirib ki, bu, yol "Yol hərəkəti haqqında" Qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır. Ümumiyyətlə, təmir sexlərində dəmirçi və rəngsaz işlərinin görülməsi ilə bağlı mütləq dövlət yol polisindən möhürlü arayış olmalıdır. Bu arayış olmasa avtomobili təmirə qəbul edən hüquqi və fiziki şəxsləri böyük məbləğdə cərimə gözləyir. Hətta əzik vəziyyətdə avtomobilin duracağa qəbulu və orada qalması inzibati xəta tərkibi yardır". 

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, qanunvercilikdə qeyd edilir ki, həqiqətən də sürücü baş vermiş yol nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verməli və dəymiş zərər haqqında arayış tələb etməlidir: "Əslində, bu məsələ qanunvericilikdə çoxdan var. Amma son günlər DYP bu sahəyə nəzarəti gücləndirib".

Allahverənov bildirib ki, avtomobilə qəza şəraiti olmadan hansısa bir cızıq düşübsə, sürücü DYP-ə müraciət edib, bunu sənədləşdirməlidir: "Yəni, qanunvericilik belə deyir. Amma tutaq ki, kiminsə avtomobilini həyətdə uşaqlar cızıb. Sürücü bu barədə DYP-ə müraciət edib, cavab alana qədər uzun zaman keçir. Düşünürəm ki, bu qanunun icra mexanizmini də nəzərə almaq lazımdır. İkinci bir tərəfdən deyilir ki, polis servis və sexlərə qəzaların gizli qalmaması məqsədilə nəzarət edir. Mənim üçün bu məsələnin icra mexanizmi səlahiyyət baxımından qaranlıqdır".

A.Allahverənov qeyd edir ki, qanunvericilikdə çox müddəalar var, amma bu gün bütün müddəalarla bağlı nəzarət sərtləşdirilsə, gərək heç kim maşın sürməsin: "Belə məsələlərə həssas yanaşmaq lazımdır".

561
Teqlər:
İnzibati Xətalar Məcəlləsi, DYP, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi, Milli Məclis, Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti, Azər Allahverənov, Vaqif Əsədov
Əlaqədar
Yol polisi son günlərin ən aktual probleminə aydınlıq gətirdi - Rəsmi
Yol polisi mühüm səlahiyyətindən məhrum edilə bilər
Yol polisi avtomobil sahiblərinə xəbərdarlıq edir
Yol polisinin güzəşt limiti bitdi: Qanun hər kəs üçün qanundur