CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda imdad çağırışı: Kimsə yoxmu...?

© Sputnik / Irade JELILAşağı Güzdək
Aşağı Güzdək - Sputnik Azərbaycan
Abunə olmaq
Qızı ilə tək qalan tənha qadın: "Bəzən həftələrlə ac qalırdıq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Ramidə Salmanova ilə 7-8 ay bundan əvvəl tanış olmuşdum. Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində göl daşması barədə məlumat daxil olanda, əraziyə gedib, sakinlərlə görüşdüyüm zaman. Həmin vaxt ərazidə olan Daşagil gölü daşıb, Ramidənin və 30-a yaxın sakinin evinə dolmuşdu. Evini su basan sakinlər, uşaqları ilə qohum-qonşunun evində gecələsələr də, Ramidə öz evində qalmağa məcbur idi. Çünki onun bu həyatda sığınmağa heç kimi yox idi.

Bir ay öncə yağışlar başlayanda yenə göl daşdı və ərazidə olan onlarla evi su basdı. Yenə Ramidənin qonağı oldum. Təklif etdim ki, başına gələnləri danışsın, haqqında yazı hazırlayım. Razılaşdı. Dedi ki, bu həyatda tək problemi tənhalığıdır. Şəkillərini qarşısına töküb danışmağa başladı.

© Sputnik / Irade JELILRamidənin yaşadığı ev
Ramidənin yaşadığı ev - Sputnik Azərbaycan
Ramidənin yaşadığı ev

Ramidə Salmanova 1974-cü ildə Sabirabad rayonunda dünyaya gəlib. Ailələrində maddi sıxıntılar olduğu üçün, o, ali təhsil ala bilməyib. 29 yaşında ailə quran Ramidənin bir qızı dünyaya gəlib: "Qızım 2004-cü ildə dünyaya gəlib. Elə həmin il həyat yoldaşımla Bakı şəhərinə köçdük. Yasamalda "Birinci Alatava" deyilən ərazidə kirayədə qalmağa başladıq".

Deyir ki, hazırda bu həyatda qızından başqa heç kimi yoxdur. Qardaşı 1992-ci ildə dünyasını dəyişib: "Övladım dünyaya gələndən sonra yoldaşım möhkəm xəstələndi, ciyərlərinə su gəldi. Yoldaşımın ata-anası həyatda olmadığı üçün, ona Türkiyədə yaşayan qardaşı baxırdı. Qardaşı ona müalicə üçün müxtəlif ölkələrə apardı. Yoldaşım artıq bizə baxa bilmirdi, imkanı yox idi".

R. Salmanova, həyat yoldaşı xəstələndən sonra, ondan ayrılmaq qərarı verir. Və həyatına qızı ilə davam edir.

"Mən tək qalmışdım. Şəhərdə, kirayədə, uşaqla çox çətin idi mənim üçün. Şəhəri tanımırdım. Çörək almağa belə, gedə bilmirdim. Həm pulum yox idi, həm də heç yeri tanımırdım. İnanın Allaha, bir çörəyi qızıma 4-5 gün yedirdirdim. Qonşuluqda bir gəlin var idi. Görürdü, ölürük acından, bizə yardım edirdi. Onlar bizə yemək verəndə həmin gün yeməyimiz olurdu, verməyəndə həftələrlə ac qalırdıq" — o danışır.

Həmsöhbətimiz deyir ki, 8 il kirayə qaldıqdan sonra, Bakı-Şamaxı yolundakı "Quşçuluq sovxozu"nda torpaq sahəsi alaraq özünə ev tikir. Kirayələrdə yaşadığı illəri ömründən saymadığını bildirir. Bu ərazidə torpaq alıb, ev tikməyə başlayanda düşünürmüş ki, onun da öz evi olacaq. Artıq kimsənin tənəsi ilə, ayı-aya calayaraq yaşamayacaq.

"Kirayə evdə yaşamaq — kirayə ömür yaşamaq kimi bir şeydir. Sanki hesabını verməsən, bitəcək. Ev sahiblərinin tələbləri, ay sonu evin pulunu toparlaya bilməyəndə qarşılaşdığın çarəsizlik səni həyatdan bezdirir. Nəyə yaşadığını anlaya bilmirsən. Gecə-gündüz dua edirsən ki, heç olmasa, bir otaqlı evin olsun, ac olsan da, başını soxmağa, soyuqdan qorunmağa, tənhalığa çəkilib için-için ağlamağa bir evin" — müsahibimiz doluxsunur.

© Sputnik / Irade JELILRamidə Salmanova
Ramidə Salmanova - Sputnik Azərbaycan
Ramidə Salmanova

Ancaq tikdiyi ev Ramidənin xəyallarında yaratdığı ev olmur. Ucuz olsun deyə, göl kənarında aldığı torpaq sonradan həyatının probleminə çevrilir: "5 ildir ki, öz evim var. Ev demək mümkün olarsa… Evlərdə təmizlik işləri görə-görə pul toplayıb tikmişdim bu evi. Ancaq soruş ki, bir gün olsa belə, bu evdə rahat yaşaya bilmisənmi? Yox. Qışda gölün suyu evimdədir. Yayda həyətdən, evin içindən neft çıxır. İnanırsınız, gecələri qorxudan yata bilmirəm. İki dəfə evimi su basıb, 3 ay evimdən, həyətimdən neft çıxıb".

Aradan illər keçməsinə baxmayaraq, yoldaşı ilə heç bir əlaqəsi qalmayıb: "Çox çətin günlərim olub. Yadıma gəlir, qızıma verməyə yemək tapmırdım. Zibil yeşiklərində eşələnir, tapdığım çörək, bulka qırıqlarını evə gətirirdim ki, heç olmasa, ağzımıza çörək dəysin. Həyatımız çox acınacaqlı idi. Bəzən gözləyirdim ki, günorta olsun, sonra zibil yeşiklərini axtarım".

"Bir gün qonşuluqda yaşayan bir kişi dedi ki, "qızım, gəl gedək, mənimlə işlə, vəziyyətindən xəbərim var. "İşləmək" sözünün özü belə, mənə qəribə gəlirdi. Deyirdim, görəsən işləmək necə olur, işləyəndə necə olacaq? Axırı balamın xətrinə işləməyə başladım. Uşağımı kim oldu, tapşırıb işə gedirdim. Yadımdadır, 80 manat maaş alırdım. O pulla həm kirayəni verir, həm də uşağımı saxlamağa çalışırdım. Bir qarnı tox, bir qarnı ac yaşayırdım" — Ramidə deyir.

Onun sözlərinə görə, həyatda qadın üçün tək olmaq ölümə bərabərdir: "Məsuliyyəti təkbaşına hiss etmək, təkbaşına yaşamaq, təkbaşına həyatla mübarizə aparmaq qadın üçün böyük dərddir. Mən bu həyata hazır deyildim. Qəfildən düşdüm bu həyata. Bəlkə də ona görə çətin olurdu. Bəzən elə işlər olurdu ki, gecə saat 2-3 də bitirdi. Məcbur olurdum ki, çalışım, uşağım ac qalmasın. Yavaş-yavaş alışdım bu həyata, təkliyə, tək başına övlad saxlamağa. Kasıb idim deyə, məni heç sayan da yox idi. Məni görəndə üzünü yana çevirənlər də olurdu".

© Sputnik / Irade JELILRamidə
Ramidə - Sputnik Azərbaycan
Ramidə

Həyatın amansız sınaqları ilə qarşılaşan Ramidənin danışdığına görə, zamanla işləməyə, tək qalmağa, məsuliyyəti dərk etməyə başlayır. Daha çox çalışır ki, heç olmasa, özünə bir ev alsın: "Əynimdə köhnə bir gödəkcə, ayağımda sökülmüş bir ayaqqabı gecə-gündüz işləyirdim. İndi bir evim var. Amma yaz-qış su evimin içindədir. Evimi yerdən tikdim, imkanım yox idi. İndi çöldə nə varsa, evimin içindədir. Demirəm, varım-dövlətim olsun. Mən istəyirəm ki, ən azından azacıq rahatlığım olsun. Yağış yağanda, göl daşanda mənim evimin içində olur".

Ramidənin xeyirxah insanlardan bir xahişi var. İstəyir ki, ona evini təmir etməyə yardım etsinlər: "Qızım deyir ki, "ana, istəyirəm öz otağım olsun, öz stolum olsun, kitablarımı yığım üzərinə, dərslərimə daha həvəslə çalışım". Amma mənim buna imkanım yoxdur. Hələ düşünürəm ki, sabah mənə bir şey olsa, qızıma kim sahib çıxacaq. Mənə indi bir az yardım lazımdır".

R. Salmanova Aşağı Güzdək "Quşçuluq sovxozu", 28 May küçəsində yaşayır. Və evi həqiqətən acınacaqlı vəziyyətdədir. Divarlar rütubətdən qaralıb, göl daşanda evin içinə su dolur. Onun həqiqətən yardıma ehtiyacı var…

Xəbər lenti
0