Xumar Süleymanova

"Qızımın adını Rəqsanə qoyanda, hamı məni qınadı ki..."

1354
(Yenilənib 10:09 31.10.2017)
"Nə qədər canımda can var, çalışacam ki, nəvəm də savadlı, tərbiyəli və mədəni rəqqasə olsun"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Xumar Süleymanovanın 6 yaşı var. Qax rayonunun Qaratala kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Balaca rəqqasə kənd toylarında şərq rəqslərini, xüsusilə də hind rəqslərini məharətlə ifa edir.

Xumarın valideynləri anadangəlmə əlildirlər. Ona görə də, Xumargilin ailəsini babası Yaşar Süleymanov idarə edir. Yaşar baba deyir ki, oğlunun 3 qızı var. Səhhətləri ilə əlaqədar olaraq oğlu da, gəlini də uşaqlara baxa bilmirlər.

"Onların bütün problemləri mənim üzərimdədir. Ümidim təkcə Xumaradır. İstəyirəm, o, məşhur rəqqasə olsun. Məşhur olmasa da, heç olmasa, öz zəhməti ilə işləyib, o biri bacılarına baxa biləcək səviyyədə qazanclı sənəti olsun" — baba danışır.

"Bizdə bəzən incəsənətlə, xüsusilə də rəqslə məşğul olan adamlara qeyri-ciddi yanaşırlar. Rəqqasə qızlara isə yaxşı baxmırlar. Amma hər şey insanın özündən asılıdır. Düşüncəsi olana, gözəl rəqs etməyi bacarmaq — istedad, qabiliyyət deməkdir. Rəqs incəsənətdir və onunla məşğul olanlar hörmətə layiqdir. Bizim dövrümüzdə də rəqqasələr olub. Hamı onlara hörmət edirdi. İndi də sənətlə məşğul olanlara hörmətlə yanaşmaq lazımdır" — Y. Süleymanov əlavə edir.

Yaşlı kənd sakini olan, ömrünü torpaqda işləməklə, əməklə keçirən Yaşar babanın, rəqqasələrə mühafizəkar yanaşılan bir cəmiyyətdə nə üçün qız nəvəsinin rəqqasə olmasını istədiyini soruşuruq. Deyir ki, heç vaxt gözəl rəqs edən adamlara pis baxmayıb.

Xumar babası Yaşar Süleymanovla
© Sputnik / Shahperi Abbasova
Xumar babası Yaşar Süleymanovla

Cavanlıqda kənd klubunda hind filmlərinin nümayiş etdirildiyini deyən müsahibimiz, hind rəqslərinə heyranlıqla baxdığını xatırlayır: "Həmişə yoldaşıma da, bacılarıma da, qızıma da deyirdim ki, görün necə gözəl rəqs edirlər, amma siz bacarmırsız. Qızıma Rəqsanə adını qoyanda, kənddə hamı məni qınayırdı ki, "O nə addır qoymusan? Yox bir, Rəqqasə qoyardın". Amma mən özüm kəndli olsam da, keçmişin qalığı deyiləm. İncəsənətin hər növünü sevirəm".

Xumarın babası indi sənət adamlarına niyə hörmət qoyulmadığını da belə şərh edir: "İndiki müğənnilərin, aktyorların, rəqqasların nə savadları var, nə də mədəniyyətləri. Sovet dövründə rayonumuza Zeynəb Xanlarova gəlmişdi. Həmin günü heç unutmuram. Rayonda sanki bir bayram əhval-ruhiyyəsi var idi. Rəhmətlik Sara Qədimova, Tükəzban İsmayılova kəndimizə gələndə böyükdən kiçiyə hər kəs onları böyük bir ehtiramla qarşıladı. Çünki onların həm sənətləri, həm də mədəniyyətləri var idi. Roza Cəlilova, Əminə Dilbazi, Afaq Məlikova kimi rəqslərimizi təbliğ edən sənətkarlarımız var idi. Hamı onlara hörmət edirdi. Mən də arzu edirəm nəvəm onlardan biri olsun!"

Yaşar baba deyir ki, son dövrlərdə televizora baxanda əsəbiləşir. Sənət adamlarının efirə çıxanda geyimlərinə, danışıqlarına fikir vermədiklərini, ancaq qeybətlə, qalmaqalla məşğul olduqlarını, bu səbəbdən "camaatın uşaqlarına" pis nümunə olduqlarını deyir: "Ona görə də nə qədər canımda can var, çalışacam ki, nəvəm də savadlı, tərbiyəli və mədəni rəqqasə olsun".

Həmsöhbətimiz arzularını yerinə yetirə bilməyəcəyindən duyduğu qorxuları da dilə gətirir: "Maddi vəziyyətimiz çox ağırdır. Uşaqlara yeməyi, paltarı güclə tapırıq. Sağ olsun kənd camaatı ki, oğlumla gəlinimin vəziyyətlərini nəzərə alıb bizə gücləri çatandan kömək edirlər. Kimi köhnə də olsa uşaqlara paltar, ayaqqabı verir, kimi ərzaq gətirir. Adam bu vəziyyəti dilinə gətirməyə də utanır. Amma məni qınamayın. Allah heç kəsə xəstə övlad qismət eləməsin".

"Xumarın atasının fiziki qüsurları var, gözü zəif görür. Bu qüsurlarına görə, vaxtilə heç məktəbə də götürmədilər. Dedilər, "belə uşaqlar üçün xüsusi məktəblər var, ora qoyun". Biz də kənd adamıyıq, elə məktəblər ancaq böyük şəhərlərdə vardı, bizim də Şamili ora aparmaq imkanımız olmadı. Əlimizə düşəni onun müalicəsinə xərclədik. Böyüyəndən sonra da fikirləşdik ki, bir gün biz olmayanda, Şamilə baxmağa adam lazımdır. Nə bacı, nə də qardaş belə xəstəyə baxa bilər. Ancaq evlənsə, uşaqları olsa, ona gələcəkdə baxarlar. Özünə bab qız tapdıq, evləndirdik. İndi gül kimi balaları var. Çalışıram ki, özüm ölənə qədər heç olmasa, o uşaqlara bir gün ağlayım. İmkansızlığa görə bu il Xumarı rəqs məktəbinə qoya bilmədik. Rayon incəsənət məktəbində söz veriblər ki, gələn il Xumarı məktəbə pulsuz götürəcəklər" — Y. Süleymanov qeyd edir.

Xumar bu rəqsləri uşaq bağçasında öyrənib. Bağça müəllimi Nübar Camalova deyir ki, Xumarın bu sənətə çox böyük həvəsi var: "Eyni rəqsi başqa uşaqlara da öyrədirdim. Amma heç biri qavraya bilmirdi. Xumara isə bir-iki dəfə məşq etmək kifayət edirdi. İndi məktəbə gedir. Onunla məşğul ola bilmirəm. Mənim də maddi durumum yaxşı deyil ki, onu hansısa rəqs məktəbinə qoyaq, bu sənəti davam etdirsin. Rəqsdə istifadə etdiyi aksessuarları ona özüm almışam. Xumar özbək rəqsini də bacarır. Təəssüf ki, geyimi yoxdur".

Xumar özü isə bu qayğılardan tamamilə azaddır. O, sadəcə bacardığı kimi və sevə-sevə rəqs edir. Nə ailədəki kasıblıq, nə də məktəblə bağlı qayğılar hələ onun körpə paklığına toxunmayıb. Kim bilir, bəlkə bir gün bu qız, öz istedadı və məharəti ilə bütün səhnələri fəth edəcək və Azərbaycanın fəxri olacaq. Ailəsi Xumar üçün yaxşı adamlardan dəstək gözləyir. Bir ailənin sevincinə sevinc qatmaqdan, bir körpənin gələcəyinə işıq salmaqdan daha gözəl nə ola bilər ki?

1354
Teqlər:
Yaşar Süleymanov, rəqqasə, Qaratala kəndi, Xumar Süleymanova, baba, nəvə, rəqs, Qax rayonu
Əlaqədar
Şairlər yurdunun rəqqasə təmsilçisi
Azərbaycan rəqqasları üç nəfərin çörəyini yeyir
"Tı super! Tansı"nın səhnəsində Sevda Fətullayevadan Şərq rəqsi
Azərbaycan rəqsi “Qaytağı” “Tı super! Tansı”nın səhnəsində
Uşaq küçədə rəqs etdiyinə görə həbs olundu
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

50
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

50
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

40
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"