Pioner parkı

Bakıda sevgililərin görüş, heyvanların örüş yeri

1177
(Yenilənib 17:51 30.10.2017)
Əhməd Mehbalıyev 89-91 ünvanında yerləşən park da Dövlət Proqramına salınıb, yaxın zamanlarda o parkın da təmir edilərək əhalinin istifadəsinə veriləcəyi plandadır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Bu günlərdə yolum Qaraçuxur qəsəbəsindən düşmüşdü. Qəsəbənin yollarını, problemlərini işıqlandırmağı düşünürdüm. Ərazidə yaşayan sakinlərdən biri təklif etdi ki, "Pioner Parkı"na da gedim. Dediyinə görə, əvvəllər hamının istirahət mərkəzi olan bu park indi çox baxımsız vəziyyətdədir.

Mən də yolumu deyilən parkdan – Əhməd Mehbalıyev 89-91 ünvanından saldım. Deyilənə görə, əvvəllər burada teatr səhnələri, oturacaqlar, idmanla məşğul olmaq istəyənlər üçün idman qurğuları, futbol meydançası, müxtəlif heykəllər, çoxlu sayda ağac olub. Parkın girişində olan hovuz isə məktəblilərin sevimli məkanı imiş. Hovuzun suyu da hər gün təmizlənirmiş. İndi isə…

Parkın girişi avtomobillərin parkinq yerinə çevrilib. Hovuza isə sonuncu dəfə nə zaman su doldurulduğu ən hafizəli sakinlərin belə, yadında deyil. Hovuzun kənarları sıradan çıxıb, vurulan suvaq da qopub tökülüb. Bir qədər irəlidə isə ətrafdakı sakinlərin tökdüyü zibillərin içində toyuqlar eşələnir.

Bu park sovet dövründə salınıb. O dövrlərdə bu park "Pioner parkı", "Pioner düşərgəsi" adlanırmış. Ərazi sakinlərinin sözlərinə görə, həmin dövrlərdə parkda uşaqların əyləncəsi və istirahəti üçün hər bir şərait olub. 1990-cı illərə qədər bura məktəb, bağça uşaqlarının istirahət mərkəzi olub. Sonradan park Neft Şirkətinin balansına verilib. Həmin dövrlərdə də bağ baxımsız qalmayıb.

Amma sakinlər deyirlər ki, bu dövrdə bağa əvvəlki kimi qulluq göstərilməyib. Bir neçə il öncə isə, bağ ARDNŞ-dən də alınıb və tamamilə baxımsız vəziyyətə düşüb. İndi bura ətrafda yaşayan sakinlərin zibilliyi, ətraf kafe və restoranlara gələn müştərilərin avtomobilləri üçün dayanacaq, sevgililərin görüş və ev heyvanlarının örüş yeridir.

Parkda istirahət edən Adil Mustafayevin sözlərinə görə, bu parkın çox yaxşı günləri olub: "Sovet dövründə burada çoxlu ağaclar əkmişdilər. Parka gələnlər üçün oturacaqlar da təptəzə idi. İdmanla məşğul olmaq istəyənlər üçün müxtəlif trenajorlar da qoyulmuşdu. Hovuzun suyu hər gün təmizlənirdi. Park xüsusi mühafizə edilirdi. Sonra dövr dəyişdi. Hər yerdə olduğu kimi, bura da baxımsız qaldı. Amma haradasa 15 il bundan əvvələ kimi park təmiz və baxımlı idi. Ancaq sonradan zibilliyə çevrildi".

A.Mustafayev deyir ki, park elə yaxınlıqda yaşayan sakinlər, həmçinin kafe və restoran işçiləri tərəfindən zibillənir. Ətrafda yaşayanlar zibilini gətirib tökür, heyvanlarını buraxırlar. Son zamanlar parkda sahibsiz heyvanlar da çoxalıb. Artıq parka daxil olanda diqqətli olmaq lazımdır ki, hansısa sahibsiz heyvanın hücumuna məruz qalmayasan.

"Deyirlər, bağa baxarsan, bağ olar, baxmazsan dağ. Düşünürəm ki, bu bağa baxılmasa, yaxın vaxtlarda dağımıza çevriləcək" — sakin bildirir.

  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
  • Pioner parkı
    Pioner parkı
    © Sputnik / Irade JELIL
1 / 12
© Sputnik / Irade JELIL
Pioner parkı

Digər sakin Fizuli Muradov isə deyir ki, o, bu əraziyə köçəndən bağı elə bu vəziyyətdə görüb: "Özünüz də yaxşı bilirsiniz ki, sahibsiz heç bir yer yoxdur. Amma mən 15 ildir bu ərazidə yaşayıram, bu bağa kiminsə sahib çıxdığını görmədim. Vallah, hərdən düşünürəm ki, bəlkə buranı baxımsız buraxıblar ki, tamamilə sıradan çıxsın, sonra da satıb ərazidə göydələn tiksinlər. Onsuz da Azərbaycanda əvvəlcə bir yeri baxımsız buraxırlar, sonra satıb çoxmərtəbəli bina tikirlər".

Sakinlərin sözlərinə görə, bağda hələ ki, dincəlmək mümkündür. Sadəcə, bir az qulluğa ehtiyac var, bir az da təmir – bərpa işlərinə.

Hazırda park Suraxanı rayon İcra Hakimiyyətinin balansındadır. Və bağın təmiri, bərpası və nəzarəti İcra Hakimiyyəti tərəfindən həyata keçirilməlidir.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, bağ təmir ediləcək: "Hazırda Qaraçuxur qəsəbəsindəki "Neftçilər" parkında təmir-bərpa işləri aparılır. "Neftçilər" parkının gələn il may ayında sakinlərin ixtiyarına veriləcəyi gözlənilir. Əhməd Mehbalıyev 89-91 ünvanında yerləşən park da bizim təkliflərimiz əsasında Dövlət Proqramına salınıb, yaxın zamanlarda o parkın da təmir edilərək əhalinin istifadəsinə veriləcəyi plandadır. Paralel olaraq, Yeni Günəşlidə də böyük bir park təmir və bərpa edilir. O da bu yaxınlarda sakinlərin ixtiyarına veriləcək. İşlər sıra ilə həyata keçirilir. "Neftçilər" parkından sonra qeyd olunan park təmir ediləcək".

1177
Teqlər:
"Pioner Parkı", Qaraçuxur qəsəbəsi, yer, məkan, zibil, ərazi, sakin, İcra Hakimiyyəti
Əlaqədar
Prezident yeni istifadəyə verilən idman və istirahət parkı ilə tanış oldu
Bakı parkında sorğu: əhilləşdirdiklərimizə görə cavabdehikmi?
İlham Əliyev paytaxtda yeni yaradılan park kompleksinin açılışında iştirak edib
"Azadlıq parkı"nda yaşanan ailə dramı