CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar da polisin xəbərdarlığına etiraz etdilər: "Camaatın ağzını yummaq olmaz"

CC0 / SplitShire / DrivingВодитель и пассажир в салоне автомобиля, фото из архива
Водитель и пассажир в салоне автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa: "Bu, tətbiqi çətin olan bir qanundur"

BAKI, 25 oktyabr — Sputnik. Sükan arxasında diqqəti yayındıran söhbətdə iştiraka görə cərimə nəzərdə tutan qanun sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bəziləri bunu ümumiyyətlə sükan arxasında danışmağın qadağan edilməsi kimi dəyərləndiriblər.

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Fazil Mustafa

Hətta bu qanuna qarşı çıxan bəzi sürücülər ağızlarına yapışqanlı lent (skoç) vurub avtomobil idarə edərək video çəkib, sosial şəbəkələrdə paylaşıblar. Sputnik Azərbaycan məsələyə millət vəkillərinin də münasibətini öyrənib.

Millət vəkili Fazil Mustafa bildirib ki, belə bir cərimə daha çox qəza vəziyyətləri zamanı tətbiq ediləcək: "Yəni ölümlə nəticələnməyən qəzalar var ki, faktlar araşdırılan zaman bu hal müşahidə kameralarına düşərsə və sübut olunarsa ki, həqiqətən sürücünün danışması yol hadisəsinə səbəb olub, o zaman cərimə yazıla bilər".

"Digər hallarda cərimənin tətbiqi çətin olacaq. Əks halda, hansısa bir insanın danışarkən diqqətinin yayınmasını necə sübut edə biləcəklər? Bu, özü böyük sual yaradır. Ona qalsa, maşında musiqi dinləməyi də qadağan etmək lazımdır. Çünki sürücülərin bəziləri musiqi dinləyərkən zümzümə edir və bu da bəzən diqqəti dağıdır" — deputat bildirir.

"Onda belə çıxır ki, polis musiqiyə qulaq asanı da saxlayıb cərimə yazacaq? Mümkün deyil. Yalnız qəza vəziyyətində kameraya sürücünün danışarkən diqqətinin yayındığı düşərsə və bunun qəzaya səbəb olması sübut olunarsa, o zaman cərimə yazıla bilər" — F. Mustafa əlavə edib.

Millət vəkili uzaq yol gedərkən, sürücünün danışmasına görə tətbiq oluna biləcək cərimələr haqqında bunları deyib: "Uzaq yollara belə qanun tətbiq etmək olmaz. Əksinə, uzaq yola çıxanda sürücünün yanında kimsə oturmalıdır ki, yuxulamasın".

"Hətta mən özüm də uzaq yol gedəndə mütləq şəkildə yanımda bir nəfərin getməsini istəyirəm. Çünki maşında tək olanda məni yuxu tutur. Biz sözlə, bu, tətbiqi çətin olan bir qanundur. Düşünürəm ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılarsa, fikirlərimizi bildirəcəyik" — deputat vurğulayıb.

© Photo : APAMillət vəkili Aqil Abbas
Millət vəkili Aqil Abbas  - Sputnik Azərbaycan
Millət vəkili Aqil Abbas

Millət vəkili Aqil Abbas da məsələyə aydınlıq gətirib. O, qeyd edib ki, söhbət danışıqdan getmir, diqqətin yayınmasından gedir: "Məsələn, uzun yol gedəndə sürücü danışmasa yuxulayar və ağır qəzalar törədə bilər. Eyni zamanda, sürücülərimizin əksəriyyəti yuxulamamaq üçün mahnı oxuyurlar. Adamların ağzını skoçlamaq olmaz".

"Amma sükan arxasında çevrilib arxada əyləşənlə danışarsa, bu zaman diqqət yayına bilər, telefonla danışmaq, mesaj yazmaq olmaz və bunlara görə cərimə yazmaq normaldır" – deyə millət vəkili deyib.

Bildirək ki, dünən Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) də məsələ ilə bağlı açıqlama gəlib. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"Son günlər sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, bəzi KİV-də isə həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.

Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz.

Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib.

İnsanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur".

Xəbər lenti
0