Növbə

Mühüm dəyişiklik qərarı: məmur maneçiliyi aradan qalxacaq

1845
(Yenilənib 19:14 24.10.2017)
"Müraciət edən şəxslər mənfi hallardan, vaxt itkisindən, məsrəfdən söz açırlar"

BAKI, 24 oktyabr — Sputnik. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin (müddətin uzadılması) və iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin sayı azaldılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişikliklər edilib.

Dəyişikliklər bürokratik əngəllərin qarşısını almaq məqsədilə həyata keçirilib. Məcəlləyə edilən dəyişikliklərə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) üçün ailə tərkibi haqqında arayışa, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə, peşə ixtisası olduğu təqdirdə bununla bağlı sənədlərin notariat qaydasında təsdiq olunmuş surətlərinin təqdim olunmasına ehtiyac olmayacaq.

İş icazəsinin verilməsi üçün də işəgötürənin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlərin sayı azaldılıb. Dəyişikliyə əsasən, iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərdən birinə — Azərbaycanda başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətinin verilməsinə ehtiyac olmayacaq. Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında qəbul edilib.

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında, dəyişiklikləri müsbət qiymətləndirib: "Zaman-zaman bizə də müraciət edən miqrantlar bəzi mənfi hallardan, vaxt itkisindən, məsrəfdən söz açıblar. Məsələn, miqrantlar həmin sənədlərin notarial qaydada təsdiq olunması üçün hansısa qurumlara müraciət edirdilər. Qurumlar onları ləngidir, hətta müəyyən olunmuş məbləğdən bir qədər artıq vəsait istəyirdilər. Yəni, miqrantlar müəyyən inzibati çətinliklərlə üzləşirdilər və onlar zaman-zaman bununla bağlı narazılıqlarını bildirirdilər. Biz də İctimai Şura olaraq bu məsələni gündəmdə saxlayırdıq".

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
© Sputnik / Murad Orujov
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Onun sözlərinə görə, bir çox sənədlərin Dövlət Miqrasiya Xidmətinin bazasında orijinal nüsxələri var: "Elə sənədlər var ki, təsdiq olunduqdan sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları onları orijinal sənədlə tutuşdururdular. Bundan sonra notarial qaydada təsdiq olunmuş sənədləri özlərində saxlayır, orijinal sənədi qaytarırdılar. Burada söhbət yalnız notarial qaydada təsdiqdən gedir. Xidmətin əməkdaşları kifayət qədər peşəkardırlar. Onlar hər hansı bir sənədin saxta olub-olmaması barədə daha dəqiq informasiyaya malikdirlər. Sənədin saxta olub-olmamasını peşəkarcasına müəyyənləşdirə bilirlər. Burada notarial qaydada təsdiqə, əlavə məsrəfə ehtiyac qalmır".

"Miqrasiya qanunvericiliyi daim təkmilləşir. Bu dəyişikliklər əcnəbilərin bilavasitə maraqlarına cavab verir" – deyə Allahverənov qeyd edib.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının (VƏHML) rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov isə, Sputnik Azərbaycan-a açıqlamasında, bu dəyişikliklərin daha çox texniki xarakterli olduğunu deyib: "Elə sənədlər var ki, artıq Dövlət Miqrasiya Xidmətinin elektron bazasında var. Məsələn, miqrant nikaha girib daimi yaşamaq hüququ əldə edibsə, bu barədə artıq müvafiq icra hakimiyyəti orqanının bazasında da məlumat var. Düşünürəm ki, elektron sistemə keçməklə, tələb olunan sənədləri daha da azaltmaq olar. Bir növ, Azərbaycanda uzunmüddətli yaşamaq hüququ əldə edən şəxslər üçün prosedur asanlaşdırılır. Onsuz da, sənəd lazım olsa, notarial qaydada təsdiq edib gətirəcəklər. İndi buna bir çox hallarda ehtiyac yoxdur".

Onun sözlərinə görə, hazırda əmək miqrantlarından peşə ixtisasına dair sənəd tələb olunur: "Amma daimi yaşamaq hüququ olanlar artıq iş icazəsi almadan işləyə bilirlər: "Ona görə də, peşəyə dair bir sənədin olmasına da ehtiyac yoxdur. Burada əmək miqrantları ilə bağlı da bir neçə dəyişiklik var. Bunlar Azərbaycana işçi axınını sürətləndirməsə də, zəruri dəyişikliklərdir. Bu dəyişikliklər bürokratiyanı bir qədər azaldacaq. O sənədlər ki, dövlətə bəllidir, dövlətin bazasında var, onları niyə almalıdır".

"İkincisi, daimi yaşayış hüququ əldə edən əcnəbi şəxsin iş icazəsi almaq kimi bir öhdəliyi yoxdursa, yəni, işəgötürənin belə bir öhdəliyi yoxdursa, onda onun peşəsinə dair məlumat da əldə etməyə heç bir ehtiyac yoxdur" — S. Məmmədov vurğulayıb.

Ekspert bildirib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) üçün ailə tərkibi haqqında arayışa ehtiyac olmayacaq: "Əcnəbi şəxsin Azərbaycanda daimi yaşamaq hüququ əldə etmək üçün digər əsaslar varsa, onda buna bir ehtiyac qalmır. Yəni, bu məlumat da elektron bazada olmalıdır. Hökumətin vahid informasiya sistemində bu məlumat olur. Məsələn, Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinin bazasında bu məlumatlar olmalıdır".

1845
Teqlər:
DMX, qanunvericilik, Sputnik Azərbaycan, Miqrasiya Məcəlləsi, Dövlət Miqrasiya Xidməti, əcnəbi, Azər Allahverənov, vətəndaş, Sahib Məmmədov, ekspert, miqrant, Azərbaycan, qanun
Əlaqədar
İl ərzində dünyada həlak olan miqrantların sayı bilindi
İki min miqrant xilas edilib
Azər Allahverənov: Azərbaycan miqrantlarının 85 faizi Rusiyaya gedir
Miqrant böhranı avropalıları cana doydurub
Liviya sahillərində yüzlərlə miqrant batıb