Ehtiyyat hissələri bazarı

DYP xəbərdarlıq edir: Köhnə avtomobillərlə şəhərə çıxmaq qanun pozuntusudur

1244
(Yenilənib 16:06 24.10.2017)
"Avtomobillər utilizasiyaya verilən zaman avtomobil sürücüsünə kifayət qədər yüksək məbləğ ödənilir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda köhnə, istismar müddətini bitirmiş avtomobillərin utilizasiya sistemi mövcud deyil. Buna görə, bəzən avtomobillər istismar müddətini bitirdiyi zaman bağçalarda, həyətlərdə, yol kənarında atılıb qalır.

Digər ölkələrdə isə avtomobillərin utilizasiya sistemi mövcuddur. Məsələn, Rusiyada uzun illərdir ki, bu proqram var. Proqramın 2017-ci ildə qəbul edilmiş qaydalarına görə, avtomobilini utlizasiyaya təhvil vermiş sürücülər, yeni avtomobil almaq üçün müəyyən qədər vəsait və ya güzəşt əldə edə bilirlər.

Rusiyada bu proqrama avtomobil istehsalçıları da dəstək olur. Belə ki, avtomobil istehsalı ilə məşğul olan firmaların dilerləri sürücülərlə müqavilə bağlayır, bundan sonra avtomobil vəziyyətinə və formasına görə dəyərləndirilir. Müqavilə bağlandıqdan sonra avtomobili hərəkətə gətirmək olmaz. Avtomobil evakuatorla utlizasiya məntəqəsinə daşınır. Utilizasiya edilmiş avtomobilin əvəzində, nəqliyyat vasitəsinin sahibi avtomobil istehsal edən firmadan 1500 – 10000 min manata qədər güzəştlə yeni avtomobil ala bilir.

Nəqliyyat eksperti Azər Allahverənov deyir ki, avtomobillərin utilizasiyası çox məsrəf tələb edən bir proqramdır. Buna görə də, dünyanın inkişaf etmiş dövlətlərində, xüsusilə Avropa ölkələrində utilizasiya proqramı ən yüksək səviyyədə dəstəklənən proqramlardan biri olsa da, Azərbaycanda yox vəziyyətindədir. Ekspertə görə, bu proqramın konkret hədəfi avtomobil parkının vaxtaşırı yenilənməsidir. Digər tərəfdən isə ölkənin ekoloji mühitini qoruyan bir proqramdır.

Mütəxəssis bildirir ki, bu ölkələrdə insanlar avtomobillərini utilizasiyaya verməyə xüsusi maraqlıdır: "Çünki avtomobillər utilizasiyaya verilən zaman avtomobil sürücüsünə kifayət qədər yüksək məbləğ ödənilir. Avtomobil sürücüləri bu məbləğə yeni avtomobil də ala bilirlər. Azərbaycanda da bunun olması önəmlidir. Amma digər tərəfdən, ölkədə sənaye kompleksləri olmalıdır ki, təhvil verilən avtomobillər təkrar emala göndərilə bilsin".

Allahverənovun sözlərinə görə, vaxtilə avtomobillər üçün belə utilizasiya yeri olub: "Vətəndaşlar avtomobillərini təhvil verib, kifayət qədər pul alırdılar və həmin tullantılar təkrar emala yönləndirilirdi. Azərbaycanda avtomobil zavodları fəaliyyət göstərir. Dövlət elə bir proqram yarada bilər ki, vətəndaşlar Azərbaycan istehsalı olan avtomobilləri güzəştli kreditlərlə əldə edə bilərlər. Bununla həm avtomobil satışı artar, həm sahibkarların maraqlarına cavab verər, həm də avtomobilini təhvil vermiş insanlar nəqliyyat vasitəsi ala bilərlər".

  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
  • Ehtiyat hissələri bazarı
    Ehtiyat hissələri bazarı
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
Ehtiyat hissələri bazarı

"Hər şey iqtisadi vəziyyətə bağlı olduğu üçün belə proqramlar hələ müzakirə səviyyəsindədir. Bu kimi proqramların olduğunu və müzakirə edildiyini eşitmişəm, amma reallaşması hələ sual altındadır. Bu proqramın reallaşması üçün təkrar emal fasiləsiz işləməlidir. Ola bilər ki, təkrar emal zavodu açılsın, bir müddət fəaliyyət göstərib dayansın. Bu sistemin mütəmadi olaraq işləməsini təmin etmək lazımdır. Əgər işləməsə, bu, maksimum 20-30 min avtomobilin dəyişməsinə səbəb ola bilər" — həmsöhbətimiz vurğulayır.

A. Allahverənov onu da diqqətə ki, hazırda köhnə avtomobillər, ya yolların kənarına atılır, ya da kiminsə bağçasında saxlanılır: "Hətta, mən elə hallara şahid olmuşam ki, avtomobilin banını qaldırıb qoyublar evin damına orada quş saxlayırlar. Rayon yerlərində isə köhnə avtomobillərin banını at arabası əvəzi işlədirlər. İstənilən halda, bu, qəbuledilməzdir. Düzdür, insanlar öz avtomobillərindən istədikləri kimi istifadə edə bilərlər. Buna görə də, proqram elə işləməlidir ki, insanlar avtomobillərini təhvil verməyə maraqlı olsunlar".

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, nəqliyyat vasitəsinin utilizasiya edilməsi üçün qanuna müvafiq tələblər var: "Avtomobil sahibi özünə məxsus avtomobilin vəziyyəti haqqında Dövlət Yol Polisinə məlumat verib, nəqliyyat vasitəsinin dövlət nömrə nişanını, qeydiyyat şəhadətnaməsi ilə birlikdə təhvil verib, DYP-yə müraciət edir. Bundan sonra DYP-də avtomobilin utilizasiyaya verilməsi qeydiyyata alınır. Ondan sonra bu avtomobillər çıxdaş edilir. Avtomobil çıxdaş edilirsə, avtomobil "metalloma" verilir".

V. Əsədov deyir ki, kimsə qəzaya uğramış avtomobilin hissələrini bazara qoyub satırsa, bu vəziyyət qanunvericiliklə tənzimlənir: "Tutaq ki, bir avtomobilin mühərriki "metalloma" verilmir, bazarda satılır. Axı hər bir mühərrikin nömrəsi olur. Bu mühərriki alan adam gələcəkdə sorğu-sual edilməmək üçün DYP-dən avtomobilin çıxdaş olunması ilə bağlı sənədi də almalıdır. Çünki texniki pasportda mühərrikin nömrəsi qeyd olunur. İkincisi, ola bilər ki, mühərrik yararlıdır. Ancaq çıxdaş olunan nəqliyyat vasitəsi bütünlüklə istismar müddətini bitirdiyi üçün çıxdaş olunur".

"Maşınını utilizasiya etmək istəyən sürücülər qanuna riayət etməlidirlər. Belə olarsa, avtomobili alıb-satanlar da əziyyət çəkməzlər. Amma DYP-nin arayışı olmadan kimsə qəza keçirmiş, əzilmiş avtomobili alıb-satırsa, onlar hansısa cinayəti ört-basdır etmiş sayılır. DYP-nin cərimə meydançalarında istismar müddətini ötmüş onlarla avtomobil var və DYP bununla bağlı dəfələrlə müraciət edib. Artıq bu günə qədər 600-ya yaxın avtomobilin utilizasiya edilməsinə nail olunub. Onlar arasında sovet avtomobilləri "Qaz-24", "Qaz-31", "Vaz 21-06", "Vaz 21-07", "UAZ", "ZİL", "Tofaş", "KaMAZ" və böyük tipli avtobuslar var" — DYP sözçüsü vurğulayır.

Əsədov qeyd edir ki, mərkəzi küçələrə, çürümüş, işıqları görünməyən, yararsız vəziyyətdə, istismar müddətini ötən avtomobillərin çıxması qanunun tələblərinin pozulması deməkdir: "İkincisi, belə avtomobilləri idarə etmək çox təhlükəlidir. Belə avtomobillərin idarə edilməsi yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur və şərait yaradır. Belə avtomobillərin hərəkətdə olması digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Özünüz düşünün, Neftçilər prospektində belə avtomobillərin idarə edilməsi ölkə haqqında xoş olmayan fikirlər yarada bilər".

V. Əsədovun sözlərinə görə, utilizasiya ilə bağlı qanunda konkret maddə göstərilməsə də, avtomobil sahibi özü idarə etdiyi avtomobilin nə olduğunu çox yaxşı bilir.

Qeyd edək ki, paytaxtın Əhməd Rəcəbli 308 ünvanında, qəza keçirmiş, hər hansı səbəbdən əzilmiş avtomobillərin bərpası, sökülməsi, ehtiyat hissələrinin satıldığı bazar fəaliyyət göstərir. Bazarda çalışanların sözlərinə görə, bütün avtomobillər DYP-nin arayışı ilə qəbul edilir. Əzilmiş, qəzalı avtomobillərin sahibləri bazara müraciət etsə də, arayış təqdim edilmədiyi halda avtomobil qəbul edilmir.

Özünü təqdim etmək istəməyən satıcı Sputnik Azərbaycan-a deyir ki, avtomobillər vəziyyətinə, modelinə, ilinə görə qiymətləndirilir. Məsələn, 2013-cü ilin "Hyundai İ20"-si əzilibsə, satıcı buna 3500-4500 manat pul verə bilər.

"20-30 yaşlı qəzalı avtomobillərin qiyməti isə daha ucuzdur. Dediyim kimi, əvvəlcə baş vermiş qəza haqqında arayış tələb edirik, sonra DYP nəzarəti altında avtomobili alqı-satqı müqaviləsi ilə özününküləşdiririk. Bəzən belə əzilmiş avtomobillərdən yeni avtomobil yığmaq mümkün olur. Avtomobilin zərər görmüş yerlərini dəyişir, yeniləyib satırıq" — satıcı bildirir.

Bazarda çalışanlar onu da deyirlər ki, bazarda avtomobillər utilizasiya edilmir: "Burada avtomobillər yenidən yığılır, təmir edilir. Utilizasiya isə avtomobilin tamamilə yox edilməsi deməkdir".

1244
Teqlər:
avtomobil, Azərbaycan, bazar, Avropa, Rusiya, ekspert, nəqliyyat, Azər Allahverənov, istehsal, DYP, Sputnik Azərbaycan, Vaqif Əsədov, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi, müddət, istismar, satıcı, utilizasiya
Əlaqədar
Bakıda avtomobilin üzərindəki emblem Ermənistan bayrağı imiş - Rəsmi
Yol polisi avtomobil sahiblərinə xəbərdarlıq edir
İsmayıllıda avtomobil aşıb, ər və arvadı ağır xəsarət alıb
"Masazırda su altında qalmış avtomobillər satışa çıxarılacaq"
Rövşən Lənkəranskinin qanı tökülən avtomobil kimə çatacaq?
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

Baş infeksionist: “Koronavirusa təkrar yoluxma hallarına az rast gəlinir”

2
(Yenilənib 17:24 20.09.2021)
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, mutasiya olunmuş ştamma qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər
Təyyar Eyvazov: “Bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”

Adətən koronavirusa təkrar yoluxma hallarına çox az rast gəlinir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir, lakin xəstəliyi ağır vəziyyətdə keçirənlər də var. Bu çox güman ki, həmin şəxsdə immun sisteminin zəif olması və ya yanaşı xroniki xəstəliklərlə əlaqədardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, mutasiya olmuş virusların orqanizmdə mövcud anticisimlərdən yalnız müəyyən qədər yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanı digər mutasiya olmuş ştammlarla da təkrar yoluxma hallarına aid etmək olar: “Təbii ki, mutasiya olunmuş ştamma qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.

Təyyar Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

2

Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəmir - Ombudsmandan çağırış

3
Səbinə Əliyeva qeyd edir ki, qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyin azaldılması yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymur.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı müraciət yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

"Beynəlxalq Sülh Gününün əsası 1981-ci ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qoyulmuşdur. 2001-ci ilin 28 sentyabr tarixində Baş Assambleyanın yekdilliklə qəbul etdiyi qərara uyğun olaraq, hər il 21 sentyabr - Beynəlxalq Sülh Günü kimi dünyada qeyd olunur.

Bu gün insan hüquqlarının fövqündə dayanan, bəşəriyyətin dayanıqlı inkişafına ciddi maneələr yaradan və həlli olduqca vacib olan qlobal problemlərindən biri kimi dünyada sülhün bərqərar edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Yeri gəlmişkən, 2021-ci il üçün Beynəlxalq Sülh Gününün mövzusu “Ədalətli və dayanıqlı dünya naminə “daha yaxşı bərpa” adlanır.

Beynəlxalq və ölkə miqyasında insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiə edilməsi üçün sülh və təhlükəsizliyin təmini ən mühüm amillərdən biridir. Bu gün dünyada sülh qlobal çağırış qismində çıxış edir və dövlətlərin suverenliyinin qorunması, birgəyaşayışın təşviq edilməsi fonunda ölkələr, konfessiyalar və sivilizasiyalar arasında genişlənən ziddiyyətlər, davam edən münaqişələr və yaranan yeni müharibə ocaqları sülhün təmin olunmasına birbaşa maneə törədir. Hazırda bu cür silahlı münaqişə və müharibələrin hələ də davam etməsi nəticəsində milyonlarla insan, o cümlədən uşaqlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər öz doğma yurdlarından didərgin salınır.

Təəssüflə qeyd etmək istərdik ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükədir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma öz yurdlarına qayıtması, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsinin icrası istiqamətində uzun müddət ərzində heç bir əməli addım atılmamış və bu sənədlərdə öz əksini tapmış müddəalar sadəcə kağız üzərində qalmışdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməmişdir.

Bu baxımdan beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmayacağına əmin olan və bundan ruhlanan Ermənistanın siyasi-hərbi rəhbərləri cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə əlaqədar cinayət əməllərini davam etdirmişlər.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparmış, uzun müddət səbr edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışmışdır.  Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan ikili standartlarla pərdələnərək özünün işğalçılıq siyasətindən əl çəkməmişdir.

Ötən il iyul ayında yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq hətta qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin bölmələrini, həmçinin cəbhə bölgəsindən uzaq məsafədə yerləşən və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qəsdən və məqsədli olaraq atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmış, 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.

Bütün bunlar isə hərbi münaqişələr zamanı mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin insan hüquqlarının qorunmasına dair beynəlxalq müqavilələrin, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının, eləcə də BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında” Bəyannaməsinin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyalarının müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnmişdir.

Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən və məqsədli şəkildə kütləvi yanğınlar törədilməklə həyata keçirilmiş ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit, o cümlədən təmiz su mənbələri fiziki və kimyəvi çirklənməyə məruz qalmış, müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Beləliklə də təkcə ölkəmizin deyil, bütövlükdə regionun təbiətinə, flora və faunasına ciddi ziyan vurulmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq müqavilələrin, o cümlədən, BMT-nin “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi haqqında” Konvensiyasının pozulması deməkdir.

Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə yuxarıda qeyd olunan qətnamələrin icrasını təkbaşına təmin etmişdir.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə, demək olar ki, münaqişə artıq başa çatmışdır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Azərbaycan tərəfi özünün ədalətli sülh siyasətinə, üçtərəli bəyanatda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə sadiq qalaraq, Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tam bərpa olunmasına dinc yolla şərait yaradıldığı və ərazi bütövlüyünə hörmət bəslənildiyi təqdirdə yekun sülh müqaviləsinin bağlanmasında, hər iki ölkənin xalqları arasında normal qonşuluq münasibətlərinin qurulmasında maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Lakin buna baxmayaraq, Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəməyərək, üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmaqla yanaşı, Azərbaycana qarşı hərbi təxribatlarını və qarayaxma kampaniyasını davam etdirir.

Xüsusilə də müharibədən sonrakı dövrdə xalqlar arasında yaranacaq əlaqələrin və regionda sabit sülh şəraiti barəsində müzakirələrin aparılması gözlənildiyi halda Ermənistan siyasi elitası tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən bəyanatların səsləndirilməsinin şahidi oluruq.

Qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və regional əməkdaşlığı inkişaf etdirmək prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyin azaldılması, regional sülhü möhkəmləndirməsi və əməkdaşlığı genişləndirilməsi yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq, müxtəlif media resurslarında və sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət təbliğatını davam etdirir.

Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən, demək olar ki, tamamilə dağıdılmış, kütləvi şəkildə talan edilmişdir. Daha ciddi təhlükə isə eyni zamanda həmin ərazilərdə yüz minlərlə mina basdırılmasıdır. Təbii ki, onilliklər boyu aktiv qalaraq ciddi risk daşıyan bu minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Müharibənin başa çatmasından sonra yalnız hərbi qulluqçuların deyil, mülki şəxslərin də minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. İşğal dövründə minaladığı ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçıran Ermənistan tərəfi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də maneə törədir. Bununla da o, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 soydaşımızın taleyi barədə qarşı tərəfdən hələ də məlumat əldə etmək mümkün olmamışdır. Təəssüf ki, hazırda irəli sürülən sülh təşəbbüslərindən müxtəlif cəhdlərlə yayınan Ermənistan tərəfi müharibə başa çatdıqdan sonra da itkin düşənlərlə bağlı məlumat mübadiləsində əməkdaşlıqdan boyun qaçırır.

Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli sülhün və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını nəzərə alaraq,

Beynəlxalq insan hüquqları təşkilatlarını, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatlarını və digər milli insan hüquqları institutlarını regionda pozulan insan hüquqlarının bərpası naminə, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması və daimi sülhün bərqərar olunması istiqamətində birgə səylər göstərməyə,

Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə,

Tərəflər arasındakı dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesinin obyektiv şəkildə həyata keçirilməsinə və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına mane olan əməllərə son qoymağa,

Birinci və İkinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin  taleyi barədə obyektiv məlumatın təqdim edilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarda basdırılmış minaların dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təcili tədbirlər görməyə,

Regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etməyə çağırırıq".

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Eləcə də oxuyun:

3
Teqlər:
Qarabağ, Azərbaycan, Ermənistan, müharibə, ombudsman, sülh, müraciət