Bağlı qapı arxasındakı adamlar

Sizdən xəbərsiz barənizdə qərar veriləcək xəbəriniz olsun

37399
(Yenilənib 10:10 23.10.2017)
Bu məmləkətdə, əlində möhür olan istənilən müəssisə öz kefinə görə addım atmaqda sərbəstdir

BAKI, 23 oktyabr — Sputnik. Çox qəribədir, niyə bizdə bizimlə bağlı (hələ çevrəmizlə, ölkəmizlə, ümumi problemlərimizlə bağlı demirəm) məsələlərdə bizim fikrimizi öyrənməyə çalışan yoxdur? Hansı zərurətsizlikdən, bizi az və ya çox dərəcədə narahat edəcək qərar qəbul olunarkən, bizi insan yerinə qoyan tapılmır?

Evimizin qarşısından "göydələn" ucaldarkən (pilotdur, qeyri-pilotdur – dəxli yoxdur), kiminsə "ağlına gəlmir" ki, vətəndaşın da narahatçılığını nəzərə alsın, dərdini dinləsin, onunla hansısa formada anlaşmağa çalışsın. İçərisində yaşadığımız halda, qəfil mənzilimiz başımıza uçurularkən də həmçinin…

Nə vaxtsa qanunverici orqan qərar qəbul edib ki, avtomobildəki sərnişin sürücü ilə söhbət edərsə, sürücü cərimə olunsun. Məsələn, bu qərarın qəbulunu zəruri hesab edən qanunvericilər, fikirlərində daha da əmin olmaq üçün, nədən bir ictimai rəy sorğusu keçirilməsinə ehtiyac hiss etməyiblər? Halbuki, bunun başdan ayağa ziddiyyətli, mübahisələrlə dolu, ciddi münaqişələrə yol aça biləcək bir proses olduğunu gözəl dərk edirlər.

"Ağzını yum" kampaniyası sosial şəbəkədə, KİV-də lağ obyektinə çevrildiyi halda, heç bir yetkili şəxs irəli durub demir ki, "Yaxşı, biz səhv düşünürük, ay camaat, sizin təklifiniz nədir". Bunun əksinə, həm Respublika DYP-sinin, həm də Bakı DYP-sinin sözçüləri qətiyyətlə yumruqlarını qıcayaraq (icrasının necə həyata keçiriləcəyini özləri də ayırd edə bilmədikləri), qanunu pozanların qeyd-şərtsiz cəzalandırılacaqlarını bəyan edirlər.

Yəni, kimsə, barəsində hökm verib, qərar çıxarıb, asıb-kəsdiyi vətəndaşın, bütün bunlar haqda nə düşündüyünü bilmək istəmir. Kimsə üçün önəmli deyil, çıxarılan hökm nə dərəcədə ədalətlidir və ziyanlıdır, əsas olan – onun qazandıracağı faydadır.

Qərar qəbul etməyə rəsmi səlahiyyəti çatan instansiyalar bir kənara, bu məmləkətdə, əlində möhür olan istənilən müəssisə öz kefinə görə addım atmaqda sərbəstdir. Və o addımın əziyyətini çəkəcək olanların dərdi (üstəlik qanuni haqqı), möhür sahiblərini zərrəcə narahat etmir.

Təsəvvür edin, ay ərzində çabalayıb qazandığımız 3-5 manat, qanunun tələbinə uyğun olaraq (məhz bu qanun qəbul olunarkən də, camaatın buna hazır olub-olmadığı kimsəni maraqlandırmamış, vətəndaşın rəyi soruşulmamışdı) banka yönləndirilir və biz halal qazancımızı "çerez bank" əldə etməyə məcbur oluruq.

Üstəlik xəbərdarlıq da edirlər: "Bank sizin dədənizin nökəri deyil ki, təmənnasız xidmət göstərsin, aylığınızdan bankın haqqı çatmalıdır".

Onu da diqqətimizə çatdırırlar ki, əgər ağlımızın ucundan keçərsə və pulumuzu hesabımızdan, yaxud kartımızından nağd çəkərsək, Vergilər Nazirliyi öz payını – 1 faizini əlimizdən alacaq, çalışaq, nağdsız alış-veriş edək.

Bütün (məcburi) tövsiyələrə əməl edirik, əmək haqqımızla borc-xərci bağladıqdan sonra, qalanına nağdsız alış-veriş üçün toxunmuruq (indiki zamanda 1 faiz də 1 faizdir).

Və bir gün, həftəsonu istirahət üçün Qəbələyə üz tuturuq. Yolüstü Şamaxı restoranlarının birində səhər yeməyi yeyib, yola davam edəcəyik. Yeməyin sonunda, ofisiantın hesabı arasına qoymaq üçün uzatdığı, iki qatlanan zadı geri itələyirik ki, "post-terminal gətir, ala, məndə kartladır". O fağır da haradansa, çoxdan enerjisi bitmiş bir aparat tapır, birtəhər yandırıb gətirir.

… Bilirsiniz, bu məqamda nə baş verir? Balansınızın 0 olduğu ortaya çıxır. Halbuki, kartınızda səfər proqramınızı qarşılayacaq miqdarda vəsaitin olduğundan əminsiniz. Pərt olursunuz, qızarıb-bozarırsınız, yağlı əllərinizi üst-başınıza sürtərək, ciblərinizi töküşdürürsünüz – bomboş.

Sonradan öyrənirsiniz ki, məlum bank (bu işdə konkret olaraq "YapıKredi Bank Azərbaycan"), sizə məlumat vermədən, hansı vəziyyətlərə düşəcəyinizi vecinə almadan, hesabınıza blok qoyub – nə nağd, nə də qeyri-nağd öz zəhmət haqqınızdan istifadə edə bilərsiniz.

Beləcə, dostlar. Qətiyyən istisna deyil ki, yenə bizdən xəbərsiz barəmizdə hansısa qərarlar çıxarılacaq – xəbərimiz olsun…

37399
Teqlər:
nağdsız alış-veriş, "YapıKredi Bank Azərbaycan", camaat, fikir, DYP, vətəndaş, bank, cəmiyyət
Əlaqədar
Bütün bəlalarımızın günahkarı tapıldı: Vətən xaini!
Başımızın üstünü kəsdirən böyük təhlükə sovuşdu
Qulaqlarınızı yaxşı açın, elə şeylər bilirik ki...
Merin qəzəbi, "qanunsuz 26" və cavab axtaran suallar
Kimi gözləyirdik, kim gəldi Azərbaycana...

Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib

1
"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!"

BAKI, 29 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə ediblər: "Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edib və qardaş Türkiyənin dəstəyini ifadə edib. Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk".

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumla Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: "Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olublar. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib".

Artıq şanlı ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: "Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz tikməmişik. Biz bizə aid olanı geri alırıq və alacağıq".

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.

"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!" - deyə Sahibə Qafarova qeyd edib.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Tərtər atəş altında: poçt binasına və xəstəxanaya top mərmiləri düşüb
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı
Gecə ərzində gərgin döyüşlər davam edib - video
Şuşa

Mədəniyyət Nazirliyi: Qarabağdakı tarixi abidələr erməni vandalizminin qurbanına çevrilib

12
Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir

BAKI, 29 sentyabr — Sputnik. Mədəniyyət Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bəyanat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib".

Nazirlikdən bildirilib ki, ermənilər Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinin də tarixini saxtalaşdırmağa çalışırlar:

"Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.

Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuхarı Gövhər ağa" məscidi kimi tanınan həmin bina inşa edilib. Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir".

12
Teqlər:
Mədəniyyət Nazirliyi, mədəni irs, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sami Yusuf Azərbaycan Ordusuna dəstək verib
Tərtər atəş altında: poçt binasına və xəstəxanaya top mərmiləri düşüb
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO