Subhan Sadıqov

Azərbaycanda "Ferrari" istehsal olundu, həm "su qiymətinə" satılır

2003
(Yenilənib 16:27 18.10.2017)
Reklam şirkətlərindən biri avtomobilin 1 aylıq kirayəsi üçün 4 min manat verib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanlı gənc boş vaxtlarını avtomobil yığmaqla keçirir. Lap həqiqi avtomobil. Onun yığdığı avtomobillər məşhur dünya brendi olan "Ferrari" markasının "Formula" və "Lotus" avtomobilləridir.

Bu gəncin istedadı haqqında eşidəndə onunla görüşməyi qərara aldım. Subhan bizə yığdığı avtomobillərin Binəqədi qəsəbəsində olduğunu bildirib, bizi Binəqədiyə dəvət elədi.

Subhan Sadıqov Azərbaycan Texniki Universitetini bitirib. Konstruksiya işlərinə marağı onu avtomobil yığmağa gətirib çıxarıb. Və gənc ilk avtomobilini – "Ferrari" markasından olan "Formula" avtomobilini yığmağa başlayıb.

Subhan Sadıqovun yığdığı avtomobil
© Sputnik / Ramil İbrahimov
Subhan Sadıqovun yığdığı avtomobil

"Formula" avtomobilini 2011-ci ildə yığmağa başlayıb və 2014-cü ildə bitirib. Avtomobilin yığılmasının ona 18 min manata başa gəldiyini bildirən Subhan, 2015-ci ildə yeni bir avtomobil yığmağa başlayıb. Bu dəfə tanıdığı insanlardan biri ona maliyyə dəstəyi olub.

İkinci avtomobil 7 min manata başa gəlib: "İkinci avtomobili bir il müddətinə yığdım. Avtomobilləri satmaq istəsəm də, sənədləri olmadığı üçün sata bilmirəm. Ara-sıra reklam şirkətləri reklam çəkilişləri üçün müraciət edir. Avtomobilə çəkdiyim xərcin 1/4-ni çıxara bilmişəm. "Formula"-nı 35 min manata, "Lotus"-u isə 18 min manata saytlara satışa qoymuşam. Maraqlanan çoxdur, amma alan yoxdur".

S. Sadıqov bildirir ki, hazırda avtomobillər benzin mühərrikiylə çalışır. Amma o istəyir ki, elektriklə işləyən mühərrik düzəltsin: "Avtomobilləri sırf tesla kimi yığmaq istərdim. Amma bunun üçün, ən azı 12 min manat pula ehtiyac var. Hazırda "Formula"-ya BMW mühərriki qoymuşam. Avtomobil 120 at gücündədir, mühərrikin gücü 1,8 lt-dür. Orijinalı 700 at gücündədir".

Subhan Sadıqov özünün yığdığı Ferrari avtomobilinin sükanı arxasında
© Foto S.Sadıqov tərəfindən təqdim olunub
Subhan Sadıqov özünün yığdığı "Ferrari" avtomobilinin sükanı arxasında

"Bütün dəmirlərini özüm kəsib yığmışam, bircə rəngləməyi mən etməmişəm. Avtomobilin yığılmasında "Qazel", "Mercedes", BMW-nin və digər avtomobillərin hissələrindən istifadə edilib. "Formula" avtomobillərində dəmirdən istifadə edilmir. Amma mən bunu sırf dəmirlə yığmışam. Bu avtomobil adi dəmir avtomobillər kimi yığılıb. Mənim hazırladığım avtomobilin çəkisi orijinal "Formula"dan 200 kiloqram çoxdur. Bunun çəkisi 800 kiloqramdır. "Lotus" isə "VAZ 21-07" mühərriki ilə yığılıb" — deyən Sadıqovun sözlərinə görə, yığdığı "Formula" avtomobili 2007-ci ilin modeli əsasında hazırlayıb, avtomobilin rənglənməsi 3000 manata başa gəlib.

DYP-yə avtomobillərə sənəd almaq üçün müraciət edən Subhan deyir ki, avtomobillər "Sport" olduğundan, onlara sənəd verilmir: "Formula" ilə şəhərə çıxmıram. Amma "Lotus"-la çıxmışam. Polislər saxlayır, maraqlanırlar. Biləndə ki, özüm düzəltmişəm, cərimə yazmırlar. Onlara da maraqlı gəlir".

Subhanın sözlərinə görə, hazırda ancaq avtomobildən reklam çəkilişləri zamanı gəlir əldə edir. Belə ki, reklam şirkətlərindən biri ona 1 aylıq kirayə üçün 4 min manat verib. Elə Subhanın da istəyi odur ki, avtomobili reklam çəkilişləri üçün istifadəyə verib gəlir əldə etsin.

Subhan Sadıqovun yığdığı avtomobillər
© Foto S.Sadıqov tərəfindən təqdim olunub
Subhan Sadıqovun yığdığı avtomobillər

Hazırda Subhan Sadıqov kabel televiziyalarından birində çalışır. Deyir ki, yeni avtomobillər yaratmaq fikri olsa da, bunun üçün imkanı yoxdur. Ancaq onun əl işlərinə dəyər verib, sponsorluq etmək istəyən olsa, o, hər markadan avtomobil yığa bilər.

2003
Teqlər:
Subhan Sadıqov, "Lotos", "Formula", "Ferrari", gənc, Azərbaycan, avtomobil
Əlaqədar
Çində ağlasığmaz texnologiya icad edildi
Əsrin böyük icadı, yoxsa bəlası?!
Hər kəsi təəccübləndirən icad
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Saatda 800 ağac əkən pilotsuz uçan aparat icad edilib