Tuneldə avtomobillər

Tələsin, bir ay vaxtınız qalıb - Qəti qərar

5231
(Yenilənib 17:42 13.10.2017)
Kamran Əliyev: "Nömrələrin konkret standartı var və heç kim nömrədə nəyisə silə bilməz"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlara uyğun olmalıdır.

Açıqlamada qeyd edilir ki, bəzi sürücülər nömrələrin daha gözəl göründüyünü düşünərək, onun üzərinə həkk olunmuş defis simvollarını silirlər və bu, qayda pozuntusudur. DYP sürücülərə həmin qayda pozuntusunu aradan qaldırmaq üçün 1 ay müddətində vaxt verib. Əks halda, sürücülər inzibati məsuliyyətə cəlb olunaraq 50 manat cərimə olunacaq.

Bu xəbərdarlıq sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi avtomobil sahibləri nömrəni DYP-dən alan zaman defisin silinmiş verildiyini bildirirlər. Bəzi sürücülər isə nömrə nişanlarındakı sözügedən defis işarəsinin silinməsindən xəbərsiz olduqlarını iddia edirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında, sürücülərin iddiasını təkzib edib və bildirib ki, seriya nömrələri verilən zaman polisin nömrənin hansısa standart normalarına toxunması qeyri-mümkündür.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
© Photo : REPORT
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

"Nömrələrin konkret standartı var və heç kim nömrədə nəyisə silə bilməz. Həmin standarta görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı çap olunub verilirsə, vətəndaş müdaxilə etdiyi təqdirdə, başa düşməlidir ki, bunun məsuliyyəti onun üzərinə düşür" — Əliyev qeyd edib.

Onun sözlərinə görə, əgər standartda defis, çərçivə xətti nəzərdə tutulubsa, deməli bu, belə də olmalıdır: "Amma düzəliş edirlər. Məqsədlərini bilmirəm. Yəqin fikirləşirlər ki, radara düşməz və yaxud estetik baxımdan daha yaxşı görünür. Buna görə də biz sürücülərə müraciət etmişik ki, bir ay müddətində həmin nasazlıqları aradan qaldırsınlar".

"Bunun üçün də istənilən yol polisi şöbəsinə, stasionar postlara yaxınlaşıb ödənişsiz və təxminən 2-3 dəqiqəyə bu nasazlığı aradan qaldıra bilərlər. Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar verilib" — DYP sözçüsü vurğulayıb.

K. Əliyev əlavə edib ki, bir ay müddətində sürücülərə vaxt verilib və bu müddət ərzində hər hansı bir cərimə nəzərdə tutulmayıb: "Əgər verilən müddət ərzində tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəsinə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək".

5231
Teqlər:
Kamran Əliyev, avtomobil, sürücü, xəbərdarlıq, BDYPİ, Baş Dövlət Yol Polisi İdarəsi, DİN
Əlaqədar
Paytaxtın yol polisi xəbərdarlıq edir
Yol polisi maşın sahiblərini SMS vasitəsilə tapacaq
Yol polisindən xəbərdarlıq
Vətəndaş Yol Polisindən şikayətçidirsə…
Yol polisi sürücülərə müraciət etdi
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

0
Gültəkin xanım: "Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

0
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

2
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

2
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat