Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev

Yanğından Mühafizə Xidmətinin rəis müavini: "Evin hər yeri yanmışdı, "Quran"dan başqa"

1245
(Yenilənib 18:00 10.10.2017)
Rza Xudiyev: "Dəmir barmaqlıqlar olmasaydı, onları xilas etmək olardı..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Onlar hər gün insanları ölümdən xilas edirlər. Təkcə insanları deyil, həm də təbiəti hifz edir, qoruyurlar, ölməyə qoymurlar. Bəzən özlərini ölümə ataraq, öz həyatları bahasına belə…

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) əsas qurumlarından olan Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin peşə bayramıdır. Bayram ərəfəsində Xidmətin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyevlə, xidmətdə olan problemlər, çatışmazlıqlar, xidmət əməkdaşlarının nailiyyətləri barədə danışdıq. Sputnik Azərbaycan müsahibəni təqdim edir:

- Rza müəllim, öncə Yanğından Mühafizə Xidmətindəki yeniliklər barəsində danışardınız…

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev
© Sputnik / Irade JELIL
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev

— Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bağlı fərman imzalanıb. 2006-cı ildən etibarən biz FHN-in tərkibində fəaliyyətə başlamışıq. Yanğından Mühafizə Xidməti bizim nazirliyin ən böyük və vacib qurumu hesab edilir. Xidmətimizin qədim tarixi var. Bizdə olan materiallara görə, yanğından mühafizə qurumu Azərbaycanda neft sənayesi yaranan gündən, yəni, 1884-cü ildən fəaliyyət göstərir. Bizim qurum bu günə qədər müxtəlif formalarda fəaliyyət göstərib. Hələ Zeynalabdin Tağıyevin vaxtında ilk yanğın deposu hazırkı sirkin yanında olub. Ən ilk depo 1884-cü ildə yaranıb. Ondan sonra neft sənayesi genişlənib və Bakının Balaxanı, Suraxanı qəsəbələrində yanğın depoları tikilib. Yanğından Mühafizə Xidməti zamanla inkişaf edib. Bilirsiniz ki, əvvəllər indiki kimi texnika olmayıb. FHN yaranana qədər bizim xidmətin aldığı son texnika 1992-ci ilə təsadüf edirdi. Texnikaların çoxu istismar müddətini çoxdan başa vurmuşdu. Həmin dövrlərdə hissələrimiz, texnikamız bərbad vəziyyətdə idi. Şəxsi heyətin yanğınlarda işləmək üçün döyüş paltarları çox aşağı səviyyədə idi. FHN yarandıqdan sonra böyük bir proqram tutuldu, biz də öz təkliflərimizi verdik və bununla da 2006-cı ilin mart-aprel aylarından bizim işimizdə müəyyən irəliləyişlər başladı. Biz əvvəllər köhnə standartlarla çalışırdıq. Ümumiyyətlə, bütün sovet ölkələrində yanğından mühafizəyə yanaşma eyni qaydada idi. Respublikamızda yanğın depolarının sayı çox az idi, yanğın avtomobilləri də köhnə QOST-lara, standartlara uyğun istehsal olunurdu

Standartlara görə, yanğın avtomobillərinin yanğın yerinə çatma müddəti 5 dəqiqəni keçməməli idi. Bu da normalara sığmırdı. Çünki bizdə yanğın depolarının sayı az, çıxış radiusları böyük idi. Yanğın avtomobilləri bəzən 30-40 km yol qət etməli olurdu. Bu zaman sözsüz ki, 5 dəqiqəyə çatmaq mümkün olmurdu. Bakıdakı inzibati ərazilərdə büdcədən maliyyələşən yanğın depoları ilə yanaşı neft sektorunu mühafizə edən yanğın depoları var idi. Biz onları da işə cəlb edirdik. Ancaq bu da bizə kifayət etmirdi. Bu gün Bakının ətrafında yeni qəsəbələr, yeni yaşayış məntəqələri salınıb və çoxmərtəbəli binaların sayı artmaqdadır. Amma məsələn, Hövsan qəsəbəsi yeni qurulmayıb, köhnə qəsəbədir. Biz Hövsan qəsəbəsində yanğınlara Suraxanı, Xətai rayonundan texnika göndərə bilirdik. Amma bu gün bizim Hövsanda bölməmiz var. Planda var ki, bölgələrdə və paytaxtda yeni bölmələr tikilsin. Rayonlar üzrə 86 ədəd yanğın bölməsi, Bakıda 24 yanğın bölməsi tikilməsi planlaşdırılmışdı. Son dövrlərdə Bakıda 19 yanğın bölməsi açılıb. Binəqədi kəndində, Biləcəri, Sulutəpə, Nardaran, Zabrat, Mehdiabad, Novxanı qəsəbələrində yanğın bölmələri tikilib. Təsəvvür edin ki, Binəqədi xidməti 9-cu mikrorayonda yerləşirdi. Biz Novxanıda yanğın baş verdiyi zaman ora Binəqədidən bölmə göndərirdik. İndi düşünün, minik avtomobili ilə Binəqədidən Novxanıya neçə dəqiqəyə getmək olar? Tıxacları da nəzərə alsaq, biz yanğın yerinə 1 saata gedib çıxa bilirdik. Biz bölmələrin sayını artırmaqla yanğınlara çıxış radiuslarını azaltdıq. Çıxış radiusları azaldıqda yanğın yerinə çatma müddəti də azaldı. Məsələn, Novxanı qəsəbəsində yanğın baş verirsə, Novxanı bölməsi həmin yerə gedir və kömək lazım olduqda biz kömək göndəririk. Beləliklə, Bakı şəhəri və bölgələrdə 30 ədəd yeni yanğın bölməsi tikilib, istifadəyə verilib və yeni bölmələrin tikilməsi nəzərdə tutulub. Bu, çox böyük işdir. Bunu sovet dönəmində 50 ilə də etmək mümkün olmazdı. Amma bizim nazirlik bunun öhdəsindən gəldi. Düşünürəm ki, dekabr ayına qədər bir neçə hissə də istifadəyə veriləcək.

Bizim texnikalarımız hamısı köhnəlmişdi. Müasir standartlara cavab vermirdi. Ancaq son dövrlərdə ayrılmış vəsait hesabına Almaniya, Fransa və Rusiya istehsalı olan yeni texnikalar alındı. Bu avtomobillərin göstəriciləri köhnə avtomobillərlə müqayisədə qat-qat üstündür. Bu texnikalar bizə imkan verir ki, yanğın yerində daha çox iş görə bilək.

Şəxsi heyətin döyüş paltarları çatışmırdı. İşçilər özləri axtarıb tapırdı geyimini. Buna görə də, şəxsi heyət yanğında iştirak edəndə onun bədəni tam qorunmurdu. Xəsarət alanlar olurdu. Bu gün yanğınsöndürənlər müasir döyüş paltarları, dəbilqələr, xüsusi geyim forması, xilasetmə avadanlığı, çəkmələri ilə təmin ediliblər. Bu paltarlar müasir standartlara uyğundur, Almaniyadan alınıb. Hazırda Almaniyada, Fransada, İngiltərədə yanğınsöndürənlər bu paltarlardan istifadə edirlər. Biz bu gün bütün şəxsi heyəti bu geyimlərlə təmin etmişik.

Kadrların hazırlanması istiqamətində bizim akademiyamız fəaliyyət göstərir. Hər il 100-ə yaxın gənc zabit bizim sıralarımza qoşulur və bizimlə fəaliyyətə başlayır. Bizim əməkdaşlar qiyabi də olsa, təhsillərini davam etdirilər. Əməkdaşlarımız Ukraynada, Belarusda təhsil alırlar. Kollektivimiz getdikdə cavanlaşır. Yeni gələn əməkdaşlar üzərində işləyir və daim onları nəzarətdə saxlayırıq. Bu 10 il ərazində həddən artıq nailiyyətlərimiz olub.

"Yanğın avtomobilləri o dağlara qalxa bilmir"

- Xarici ölkələrlə, Rusiya, Almaniya ilə müqayisədə bizim xidmətdə nə kimi çatışmazlıqlar var?

— İş olan yerdə hər zaman çatışmazlıqlar olur. Bu gün biz hamımız internetdən istifadə edirik. Həmin saytlarda öz peşəmiz haqqında məlumatlar əldə edə bilirik. İldən ilə yeni texnologiyalar yaranır. Yanğınsöndürməyə aid də yeni texnologiyalar inkişaf edir. Biz istərdik ki, bizi texnikalarımız mütəmadi olaraq təzələnsin. Tutaq ki, avtomobili aldıq, bu o demək deyil ki biz bunu ömrü boyu işlədəcəyik. Hər bir texnikanın istismar müddəti var. Metal da yorulur. Hər il müəyyən texnikalar alınır. Amma mən istərdim ki, yanğınlar müxtəlif olduğu üçün yanğınların müxtəlifliyinə uyğun texnikamız olsun. Məsələn, bir sahənin yanğının digər sahə yanğını üçün nəzərdə tutulmuş texnikalarla söndürə bilməzsən. Bizim neft sahəmiz, meşələrimiz, çoxmərtəbəli binalarımız var. Bunların hər birinə ayrı-ayrılıqda xüsusi texnika tələb olunur. İstərdim ki, bu gün meşə yanğınlarına qarşı tırtıllı texnikamız olsun. Bizim dağlar çox ucadır. Dağlara qalxma dərəcəsi və enişi çox yüksəkdir. Yanğın avtomobilləri o dağlara qalxa bilmir. Yanğın avtomobilləri müəyyən bucaq altında hansısa dağa qalxa bilər. Buna görə də, şimal, şimal-qərb, cənub zonalarında yanğınlar zamanı tırtıllı texnikalara ehtiyac yaranır. Düzdür, meşələr hər zaman yanmır, biz bu texnikanı daim istifadə etməyəcəyik. Amma yaxşı olardı ki, bizim də belə texnikamız olsun və meşə yanğınları zamanı qısa müddət ərazində yanğını söndürə bilək.

Bizim taxıl zəmilərmiz var. Bilirsiniz ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq sərəncamlar verib və bu istiqamətdə müəyyən işlər görülməkdədir. Əgər qeyri-neft sektorunu inkişaf etdiririksə, yanğından mühafizəni də təmin etməliyik. Bunun üçün kənd təsərrüfatında istifadə oluna biləcək xüsusi texnikalar alınmalıdır. Bu gün meşə yanğınlarının söndürülməsi zamanı müasir dövlətlərdə dronlardan istifadə edir. İstərdim ki, bizim də dornlarımız olsun. Çünki meşə yanğınları zamanı helikopterə minib dövrə etmək artıq xərc deməkdir. Yanacaq, helikopterin qalxıb enməsi, dövrə vurması böyük vəsait tələb edir. Bu xərclərə qənaət etmək və operativ məlumat almaq məqsədilə bizim bazamızda dronlar olmalıdır və bu dronlarla yanğının yayılması, hansı istiqamətdə inkişaf etməsi barədə kəşfiyyat məlumatları toplamalıyıq.

Bu gün şəhər və rayonlarımız dəyişir, inkişaf edir, gözəl binalar, otellər, obyektlər tikilir. Bu obyektlər mühüm əhəmiyyət kəsb edən obyektlərdir. Bu gün avtonərdivan avtomobillərimiz çatışmır. Onlar çox bahalıdır. Əvvəllər bu nərdivandan Bakıda cəmi 3-4 ədəd idisə, bu gün bütün inzibati ərazilərimizdə var. Nazirliyimiz xeyli texnika alıb. Amma yenə çatışmayanlar var. Bunun davamı olmalıdır ki, biz onu respublikanın bütün rayonlarına verə bilək.

- Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi zamanı nədən istifadə edilir?

— Çoxmərtəbəli binalarda yanğın zamanı biz xüsusi vasitələrdən, məsələn, xüsusi köpükdən istifadə edirik. Köpükdən, tez alışan mayelərin yanğınının söndürülməsi zamanı istifadə edilir. Mənzillərdə yanğın zamanı əsasən sudan istifadə edirik. Mənzillərdəki yanğının söndürülməsi zamanı digər mənzillərə də zərər dəyir. İnsanlar ömrü boyu işləyir, çalışır və mənzil kiminsə ucbatından yanırsa, biz onu söndürən zaman su aşağı mərtəbələrə də axır. Biz şəxsi heyətdən tələb edirik ki, sudan qənaətlə istifadə etsinlər və su axıb digər evlərə zərər vurmasın. Bizim müasir texnikamız var. Şəhərin Səbail, Yasamal və Nərimanov rayonlarında olan bölmələrimizdə bu yeni texnika var. Su, həmin texnikaların lüləsindən çox az miqdarda toz, buxar şəklində çıxır və hansısa lokal mənbənin qısa müddətdə söndürülməsi həyata keçirilir. Amma iri yanğın olanda belə, avtomobillərin effekti olmur. İstərdim ki, belə avtomobillərdən, buna bənzər texnikadan daha çox olsun. Toz şəklində su verən avtomobillərdən çox olsa, mənzillərdə yanğın söndürülən zaman başqa mənzillərə daha az zərər dəyər.

Bilirsiniz ki, Bakı neft şəhəridir. Şəhərin mərkəzində çənlər, neft saxlanılan yerlər var. Şəhərin kənarında da böyük terminallar var və onlarda neft və ya tez alışan maddələr saxlanılır. İstərdim ki, onların da söndürülməsi üçün xüsusi texnika alınsın. Bizə bu texnikadan var. Amma istərdim ki, hər il daha da müasir texnikalar alınsın. Məsələn, köpüyün uzaq məsafələrdən verilməsini təmin edən texnikalardan.

Bizim yangınsöndürən gəmilərimiz var. Amma həmin gəmilər Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 80-ci illərində gətirilib və artıq istismar müddəti bitib. Bizim daha müasir yanğınsöndürən gəmilərə ehtiyacımız var.

"Sürücülər yanğınsöndürənlərə yol vermirlər"

- Tıxaclarda problem yaşanırmı?

— Əlbəttə! Təəssüf olsun ki, bizdə hələ də sürücülük mədəniyyəti inkişaf etməyib. Özünüz də görürsünüz ki, bizdə qarşı yola çıxma, bir-birinə yol verməmək adi haldır. Qarşındakı sürücü sənə yol vermək istəsə belə, sağ və sol yolla hərəkət edənlər ona yoldan çıxmağa imkan vermirlər. Bizim sürücülərin də bir xasiyyəti var – avtomobilə əyləşən kimi hamı harasa tələsir. Sən evə gedirsən, 5 dəqiqə gecikməklə heç nə olmaz, amma xüsusi texnikaya yol verməlisən.

Biz sürücülərimizə mütəmadi təlimlər keçirik. Avtomobillərimiz yol hərəkəti haqqında qanuna tam riayət etməlidir. Sürücülərimiz o zaman qırmızı işıqda keçə bilər ki, kimsə yol versin. Digər vaxtlarda yanğın avtomobilləri qırmızı işıqda keçə bilməz. Bu tək yanğınsöndürən avtomobillərə deyil, bütün əməliyyat avtomobillərinə şamil edilir. Biz sürücülərə qaydaları başa salırıq və işçilər ilin sonunda imtahan verirlər. İmtahandan keçə bilməyənlərə zaman verilir. Hər gün hissələrdə dərslər keçirilir, obyektlər, ərazilər öyrənilir.

- Yanğınlar zamanı pəncərələr vurulan dəmir barmaqlıqlar narahatlıq yaradırmı və ya yanğının söndürülmə müddətini artırırmı?

— Dəmir barmaqlılar hər zaman bizə problem yaradır. Bakı şəhərində hamı 1 və 2-ci mərtəbəyə dəmir barmaqlıq vurur. İnsanlar çalışır ki, evlərini qorusunlar, oğurluq olmasın. Amma yanğın hadisələri zamanı biz çox çətinlik çəkirik. Bəzi yanğınlar olur ki, biz ora qapıdan deyil, pəncərədən daxil olmalıyıq. Çünki biz yanğının yayilan istiqamətində olmalıyıq. Bu zaman biz müəyyən problemlər yaşayırıq. Dəmir barmaqlığı kəsmək və ya qoparmaq, avtomobilin qoşqusuna bağlayıb dartmaq zaman alır. Bu vaxt ərzində də yanğın artır. Kənardan dayanıb söndürmək mümkün deyil. Yanğınsöndürən içəri daxil olub mənbəyi söndürüb, ətrafı mühafizə etməlidir. Bu gün bizim kəsici, doğrayıcı, xüsusi qoşqulu avtomobillərimiz var. Əvvəllər biz bu qoşqun özümüz düzəldirdik. Amma indi işimiz bir qədər asanlaşıb.

Təcrübəmdə olan bir hadisəni danışım. 1990-cı illərdə Həzi Aslanov 101 ünvanında yanğın baş vermişdi. 3 mərtəbəli qədim bina idi. Orada mənzildə olan yeniyetmə dəmir barmaqlıqlara yapışıb kömək istəyirdi. Alov da arxasınca gəlirdi. Biz orada olan qalın dəmir barmaqlığı böyük çətinliklə araladıq və yeniyetməni çıxardıq. Sonra mən içəri daxil oldum. Çarpayının altına sığınmış 78-80 yaşlı bir qadını ayağından tutub çıxardım. Qadının qarın nahiyəsi yandığı üçün 3-4 gün sonra xəstəxanada vəfat etdi. Amma barmaqlıq olmasaydı, özləri çıxa bilərdilər, qadın da vəfat etməzdi.

Yaxud, valideyn uşaqları evdə qoyub, qapını bağlayıb harasa gedir. Yanğın baş verəndə uşaqlar evdən çıxa bilmir. Belə bir hadisə 10 il əvvəl Biləcəridə baş vermişdi. Həmin hadisədə 3 uşaq yanaraq həlak olmuşdu. Dəmir barmaqlıq olduğuna görə, uşaqlar birinci mərtəbədən çıxa bilməmişdilər. Qapının ağzını alov alır və çıxış bağlanır. Uşaq haradan çıxsın? Körpə uşaqlarda belə bir xüsusiyyət var ki, onlar yanğından qorunmaq üçün şifonerin içinə, çarpayının altına girirlər. Ancaq yanğın elə bir şeydir ki, vaxtında müdaxilə edilməsə hər yeri bürüyür.

Hər bir yanğını yadda saxlamaq olmur. Amma gəmilərdə, platformalarda, çoxmərtəbəli binalarda, xəstəxanalarda, yaşayış binalarında çox yanğınlar söndürmüşəm. Möcüzələrə də şahid olmuşam. Nərimanov rayonunda bir yanğın zamanı Quran kitabı olan ərazi yanmamışdı. Nəsimi rayonunda belə bir hadisə baş vermişdi. Evin içi tam yanmışdı, ancaq Quran olan yer yanmamışdı. Elə bir sahə yoxdur ki, mən orada yanğın söndürməyim. Dənizdə, təyyarədə, metropolitendə, bütün sahələrdə yanğın hadisələrində iştirak etmişəm.

"Baş nazir Prezidentimizə təşəkkür etdi"

- Ötən aylarda Gürcüstanda baş verən yağının söndürülməsində iştirak etdiniz. Oraya getməniz necə oldu?

— Yanğın Borjomi şəhəri ətrafında baş vermişdi. Borjomi Gürcüstanın ən mənzərəli yerlərindən biridir və dağların ortasında yerləşir. Avqustun 22-də bizə göstəriş verildi və mən başda olmaqla 20-yə yaxın texnika burdan çıxdıq, 23-ü səhər saat 4-də əraziyə çatdıq. Orada böyük ərazidə meşələr yanırdı. Ərazilər 3 sektora bölünmüşdü. Onların birində yerli əhali ilə birlikdə gürcü yanğınsöndürənləri çalışırdı. İkincidə də gürcü yanğınsöndürənləri çalışırdı, amma onların sayı az idi. 3-cü sektorda isə erməni yanğınsöndürənləri çalışırdı.

Bizə ikinci sektor təhkim edilmişdi və həmin yer şəhər istiqamətində yayılan yanğın idi. Biz yanğın yerində FHN-in 130-dan artıq şəxsi heyətlə iştirak etdik. Öhdəmizə düşən sektoru iki günə müvəffəqiyyətlə söndürdük. Gürcüstanın baş naziri bizdən birinci sektorun söndürülməsini xahiş etdi. Biz bunu da etdik. Həmin ərəfədə, Gürcüstanın yanğının söndürülməsinə cəlb olunan helikopteri qəzaya uğradı və xoşbəxtlikdən pilotlara heç nə olmadı. Həmin ərazidə helikopterin yanğından mühafizəsini də bizim yanğınsöndürənlər həyata keçirdi. Gürcülər özləri də bizim işimizdən çox razı qalmışdı. Gürcüstanın baş naziri bizim əraziyə gəldi, prezidentimizə və bizə təşəkkür etdi. Bildirdi ki, işimizdən razı qalıblar.

29-u biz geri qayıtdıq və ayın 1-i Qəbələdə meşə yanğınlarının söndürülməsi üçün səfərbər olduq. Qəbələ yanğını Borjomidəki yanğından qat-qat çətin idi. Hər meşənin özünə görə xüsusiyyətləri var. Bizdə kolluq əraziləri daha çoxdur deyə, yanğın daha tez yayılırdı. Bizim dağlar onlardan qat-qat hündürdür. Bizim dağlarda çalışmaq daha çətindir.

1245
Teqlər:
meşə yanğını, Rza Xudiyev, standart, Dövlət Yanğından Mühafizə Xidməti, texnika, FHN, Fövqəladə Hallar Nazirliyi, avtomobil, yanğın
Əlaqədar
Meşə yanğını sürətlə yayılır, ölənlər və itkin düşənlər var
Ticarət mərkəzində baş verən yanğına görə minlərlə insan təxliyə olundu
Bütün ailəsini yanğında itirən sənətkar, mümkün olmayanı bacardı
Ticarət mərkəzində güclü yanğın
Azərbaycandakı meşə yanğını söndürülüb
"Gazelli"də baş verən şiddətli yanğınla bağlı mühüm məqamlar üzə çıxdı