Yaşayış binası, arxiv şəkli

Mənzil sahibləri üçün yenilik: pulu belə ödəyəcəklər

8608
(Yenilənib 18:03 05.10.2017)
"Azəristiliktəhcizat"ın tərkibində daxil olan və isti su ilə təchiz olunan 270-ə yaxın yaşayış binası sayğac ilə təmin olunacaq

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda istilik sayğacları quraşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilib.

Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev

Hesabatda "Azəristiliktəchizat" ASC-nin qarşısında əsasən 3 mühüm problemin durduğu bildirilib. Buraya büdcə təşkilatları üçün müəyyən olunmuş istilik təchizatına tələbat limitlərinin onların faktiki istehlakından çox aşağı olması, istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə deyil, yaşayış sahəsinə tətbiq edilməsi nəticəsində subyektin iri həcmdə maliyyə itkiləri ilə üzləşməsi və istilik təchizatı tariflərinin həddən artıq aşağı olmaqla mövcud xərcləri qarşılaya bilməməsi məsələləri daxildir. Büdcə təşkilatlarının istilik təchizatı üzrə faktiki istehlaklarının onlar üçün müəyyən olunmuş limitlərdən çox olduğunu isbat etməyin ən yaxşı yolu bu müəssisələr üçün istilik sayğaclarının quraşdırılmasında görüb.

Belə olan halda mənzillərdə sayğacların necə quraşdırılacağı, hansı binalara tətbiq olunacağı, nə vaxtdan layihəyə start veriləcəyi kimi suallar yaranır. Yaxın gələcəkdə baş verəcək bütün yeniliklər barədə Sputnik Azərbaycan-a "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə məlumat verib.

- Rafiq bəy, mənzillərimizə sayğaclar necə quraşdırılacaq və aylıq abunə haqları necə hesablanacaq?

— Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair "Strateji Yol Xəritəsi" təşkil olunanda orada nəzərdə tutulan tədbirlərdən biri də istilik və isti su sayğaclarının quraşdırılması idi. Çünki mənzillərə, sosial obyektlərə verilən isti suyu və istiliyi ölçən sayğac olmadığı üçün hesablamalar mənzillərin kvadrat metrinə görə, büdcə təşkilatlarında isə binaların tikinti həcminə görə hesablanırdı. Bundan başqa, mənzillərə verilən isti suya görə mənzildə yaşayan adam sayına görə hər ay 2 kub suyun pulu yazılırdı.

Biz qazanxanalarda temperaturu ətraf mühitin temperaturundan asılı olaraq tənzimləyirik. Daha yüksək temperatur daha çox enerji sərfiyyatı deməkdir. Sayğacın olması enerji sərfiyyatını daha dəqiq hesablamağa kömək edəcək və mənzil sahibləri buna uyğun pul ödəyəcəklər.

- Sayğacların quraşdırılması yeni sistemin qurulması deməkdir, yoxsa bu sayğacları köhnə istilik sistemlərinə də quraşdırmaq mümkün olacaq?

— Sosial obyektlərdə, məktəb, bağça və digər yerlərdə sayğac quraşdırmaq çox asandır. Çünki bir obyekt olduğu üçün sayğac ümumi sərfiyyatı hesablayacaq. Amma SSRİ dövründə tikilən çoxmənzilli yaşayış binaları ilə bağlı məsələ fərqlidir. Onlarda sistem elə quraşdırılıb ki, dayaqlar hər otaqdan keçir. Belə yerlərdə bu gün sayğac quraşdırmaq qeyri-mümkündür. Bir sözlə, bu gün köhnə binalarda isti suya sayğac quraşdırmaq mümkündür, amma istilik sistemlərinə sayğac quraşdırmaq qeyri-mümkündür.

Belə olan halda bir çıxış yolu qalır. Bina mülkiyyətçiləri ilə müqavilələr bağlamaq. Bu halda binanın girişində Enerji Təchizatı Təşkilatı tərəfindən sayğac qoyulur və həmin binada istifadə olunan istiliyin ümumi sərfiyyatı hesablanır. Daha sonra bina sahibi özü aylıq məbləği binada yerləşən mənzillər arasında bölür. Hələlik bina mülkiyyətçiləri tam formalaşmadığından, bu gün bunu da tətbiq edə bilmirik.

Ona görə də, çoxmənzilli yaşayış binalarında istilik sayğaclarının tətbiqi hələlik real görünmür. Amma isti su sayğaclarının tətbiqi realdır. Biz çalışacağıq ki, "Azəristiliktəhcizat"ın tərkibində daxil olan və isti su ilə təchiz edilən 270-ə yaxın yaşayış binası sayğac ilə təmin olunsun.

- Sayğac quraşdırıldıqdan sonra vətəndaş istilik sistemindən istifadədən imtina edə bilər?

— Əlbəttə. Hər bir vətəndaş mənzilindən keçən istilik sisteminin dayaqları qalmaq şərti ilə mənzilini qızdıran radiatorları söndürür və bizə müraciət edir. Çünki dayaqlar qonşulara istiliyin getməsini təmin edir. İşçilərimiz mənzilə gələrək ora istilik verilməməsini aktlaşdırır və orada yaşayan vətəndaşa istilikdən istifadə qadağan olunur.

- Sayğacların quraşdırılmasına nə vaxtdan başlanacaq?

— Biz hökumətə müraciət etmişik ki, sayğaclar pilot layihə olaraq büdcə təşkilatlarının bir neçə binasına quraşdırılsın. Güman edirəm ki, sayğacların quraşdırılmasına gələn ildən start veriləcək.

8608
Teqlər:
istilik sayğacları, "Azəristiliktəchizat" ASC, Sputnik Azərbaycan, su, Rafiq Əliyev, bina, mənzil, qaz, Azərbaycan
Əlaqədar
Elektrik sayğaclarının yanmasının səbəblərinə aydınlıq gətirildi
"Azəriqaz" sayğaclarda balansın artırılmasına limit tətbiq edib