Tiryək, arxiv şəkli

Azərbaycanın 5 rayonunda qəfil əməliyyat: həbslər var

14759
(Yenilənib 14:15 03.10.2017)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyatlarda külli miqdarda bitki ələ keçirildi

BAKI, 2 oktyabr — Sputnik. İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Səfərov tutulub. Polis onun üzərindən 2 kiloqram 412,51 qram marixuana aşkar edərək götürüb. 

Yevlax RPŞ-nin əməkdaşları isə Yuxarı Qarxun kənd sakini Emin Salahovdan 436,12 qram marixuana, Cəlilabad RPŞ-nin əməkdaşları şəhər sakini Həmid Sadıqovdan 0,701 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 475 qram tiryək aşkar edərək götürüblər.

Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Yalama dəmir yolu stansiyasının ərazisində, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Balamirzə Musayevdən 20,814 qram marixuana aşkar edərək götürüblər. Seyidli kəndi ərazisindəki sahədən isə kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu aşkarlanıb.

Qazax RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevin Xanlıqlar kəndi ərazisində gözətçi işlədiyi və yaşadığı kafedəki otağına baxış zamanı oradan 2 kiloqram 503 qram marixuana, habelə Ağstafa çayının sahilində kultivasiya yolu ilə yetişdirdiyi 14 ədəd çətənə kolu, Goranboy RPŞ-nin əməkdaşları Xoylu kənd sakini Seyrəddin Əliyevin evinə baxış zamanı 87 ədəd çətənə kolu aşkar edərək götürüblər.

DİN-in statistik məlumatlarına görə, bu ilin birinci yarımili ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1 608 cinayət aşkarlanıb. Onlardan 435 fakt narkotiklərin satışı ilə bağlıdır. Bu işlə məşğul olan 82 nəfərdən ibarət 34 qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 603 kiloqram narkotik vasitə çıxarılıb. 

Milli Məclisin iclası, arxiv şəkli
© Sputnik / Murad Orujov

Göstərilən dövrdə narkotiklərlə bağlı 1 302 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 1 167 nəfər heç yerdə işləmir və təhsil almayıb. 513 nəfəri isə əvvəllər məhkum edilib. Onların 20-si qadındır.

Xatırladaq ki, prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" ilə bağlı sərəncamına əsasən Cinayət Məcəlləsinin 234.1 maddəsinin (satış məqsədli olmayan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanması) dekriminallaşdırılması məsələsi müzakirəyə çıxarılıb.

Deputatlara narkotik istifadəçilərinin cinayət məsuliyyətindən azad edilməsi, onların xəstə kimi qeydiyyata alınması və müalicəyə göndərilməsi təklif edilib. Lakin CM-nə təklif edilən bu dəyişiklik qəbul edilməyib.

14759
Teqlər:
Nəqliyyatda Baş Polis İdarəsi, İmişli rayon Polis Şöbəsi, Həmid Sadıqov, Emin Salahov, Fariz Səfərov, Xanlıqlar kəndi, Yuxarı Qarxun kəndi, Xaçmaz rayonu
Əlaqədar
Narkomanların sevinci uzun çəkmədi
İlk dəfə ələ keçən narkomana güzəşt olunacaq
Millət vəkili: "Üstündən yarım qram narkotik tapılan adamı tutmaq olmaz"
Narkomanlar polislərə hücum etdilər
MTN polkovniki: "O məmurların övladlarının cibindən narkotik tapdıq"

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

10
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

10
Şəmirkdə təpənin üstündə daşlardan ürək fiquru

Dağa ürək cızan gəncin daşa çevrilən sevgisi

48
(Yenilənib 02:07 16.06.2021)
Şəmkir şəhərinin kənarında hündür təpələrin birinin üzərində çox yerdən görünən ürək və içindən keçən ox fiquru yer alır.

BAKI, 16 iyun — Sputnik. Şəmkir şəhərinin kənarında hündür təpələrin birinin üzərində çox yerdən görünən ürək və içindən keçən ox fiquru yer alır. Təxminən 35-40 kvadratmetr ərazini əhatə edən bu fiqur dağın döşünə daşlardan istifadə edilərək düzülüb və sonradan üzərinə ağ boya çəkilib. 

© Sputnik / Ilham Mustafa
Şəmirkdə təpənin üstündə daşlardan ürək fiquru

Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafayev bu ürəyin oraya neçə çəkilməsi ilə maraqlanıb.

Ətraf ərazidə yaşayanlar bu fiqurun Şəmkir şəhər sakini Elbrus Hüseynov tərəfindən hazırlandığını bildiriblər. Gənc öz sevgisini izhar etmək üçün sevdiyi qızın evlərindən də görünən yerdə bu fiquru düzəldib. Lakin bir il sonra avtomobil qəzası nəticəsndə dünyasını dəyişib.

© Sputnik / Ilham Mustafa
Şəmirkdə təpənin üstündə daşlardan ürək fiquru

E.Hüseynovun yaxın qohumu Ülvi Hüseynov Elbrusun öz sevgisini bu yolla etiraf etdiyini danışıb:

© Sputnik / Ilham Mustafa
Elbrus Hüseynovun şəkli

"Fiquru bibim oğlu 2015-ci ildə çəkib dağa. Onda Elbrusun 17 yaşı olub. Bir qızı sevirdi. Sevgisini bu yolla etiraf  etmişdi. Lakin 2016-cı ildə avtomobil qəzasında rəhmətə getdi. Biz isə onun hər doğum günündə hazırladığı əl işinə gəlib baş çəkirik, qopan daşları səliqəyə salırıq, yağış yuyan rənglərini isə yeniləyirik".

© Sputnik / Ilham Mustafa
Ülvi Hüseynov

Bu fiqur şəhərətrafı yolun və Gədəbəy yolunun üzərində yerləşdiyindən buradan keçən hər kəsin marağına səbəb olur. O, eyni zamanda Şəmkirin bir çox hissəsindən də görünür.

48
Təcili yardım avtomobili

Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

0
(Yenilənib 10:44 16.06.2021)
Milli Məclisin (keçmiş Ali Sovet) sabiq istiqlalçı deputatı İbrahim İbrahimli xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

BAKI, 16 iyun — Sputnik. Milli Məclisin (keçmiş Ali Sovet) sabiq deputatı İbrahim İbrahimli dünyasını dəyişib. Bu barədə onun kürəkəni, tanınmış politoloq Toğrul İsmayıl öz Facebook səhifəsində məlumat verib. 

"Dəyərli dostlar. Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiqlalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir.
Allah rəhmət eləsin! Bütün sevənlərinin, dostlarının və qohumlarının başı sağ olsun", - Toğrul İbrahimli yazıb.

T.İsmayılın sözlərinə görə, İ.İbrahimlidə xərçəng xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, İbrahim İbrahimli 90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra Müsavat Partiyasına üzv olub. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olub. 5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa verib.

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilib 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilib.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

0