Adamlar

Başımızın üstünü kəsdirən böyük təhlükə sovuşdu

6003
(Yenilənib 18:36 07.10.2017)
Bir anlıq təsəvvür edək ki, o hadisə baş verəydi...

BAKI, 2 oktyabr — Sputnik. Son günlərdə ölkədə cəzaların yüngülləşdirilməsi (ya da hüquqi terminologiyada necə deyilir: liberalizasiyası) ciddi müzakirə mövzusuna çevrilib. Yüngülləşdirilməsi təklif olunan onlarla cəza növü içərisində biri xüsusilə diqqət çəkir.

Belə ki, Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Bu təklif parlamentarilər tərəfindən də xeyli dartışılıb. Hətta, millət vəkili Çingiz Qənizadə, parlamentdə "AR Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı, 234.1-ci maddənin Cinayət Məcəlləsindən çıxarılmasını təklif edib.

"Yeni gələn təklifdə 234.1-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı idi. Amma yenə də həmin qaydada gəlib. Biz nəyə görə 234.1-ci maddə ilə insanları həbs etməliyik? Bu gün cəzaçəkmə müəssisələrində cəza çəkənlərin, təxminən 30 faizə qədəri narkotiklə bağlı həbsxanalardadır. 16 min məhkumun, təxminən 5-6 mini bununla bağlıdır. Onların da 50 faizi məhz 234.1-ci maddə ilə cəza çəkir" – deyə deputat etiraz edib.

Daim insan azadlığından, seçim imkanlarının genişliyindən, öz müqəddəratını özünün müəyyənləşdirməsindən yana olmuşam. İndi də eyni fikirdəyəm ki, dövlətin və hökumətin (hətta cəmiyyətin) bütün davranışları insan amili üzərində qurulmalı, bütövlükdə çoxluğun istəyi ayrı-ayrı fərdlərin arzularını əzib-tapdamamalı və ayrılıqda hər kəsin xoşbəxt olduğu bir mühit formalaşdırılmalıdır. İndiki durumda xeyli dərəcədə utopik səslənsə də, əminəm ki, hər kəsə ayrı-ayrılıqda dəyər verilməyən cəmiyyət, bütövlükdə bədbəxt cəmiyyətdir.

Lakin, məşhur hüquq terminində ifadə olunduğu kimi, "sənin azadlığın mənim hüquqlarım başlayan yerdə bitir". Hamımız bu cəmiyyətin məhsuluyuq və içərisində olduğumuz, bir parçası olduğumuz toplumda hakim olan davranış sisteminə, ictimai düşüncə səviyyəsinə bələdik.

Və bir gerçəyi çox gözəl dərk edirik: bizdə nə Avstraliyada olduğu kimi, insanla kenqurunun küçədə yanaşı addımlaması (ya da hoppanması) mümkündür, nə Yaponiyada olduğu kimi, evdən çıxardığımız zibil torbasının üzərinə telefon nömrəmizi yazmağımız (nöqsan varsa, MKİS onun sahibini tapa bilsin deyə) mümkündür, nə də Almaniyada olduğu kimi, yaxınlıqda piyada olmasa belə, avtomobili piyada zolağının qarşısında saxlayıb 5 saniyə səbr etməyimiz.

Bizim öz şərtlərimiz, öz yazılmamış qanunlarımız, öz davranış biçimimiz, özümüzdən başqalarına "məndən ötdü, qardaşıma dəysin" kimi doqmaya çevrilmiş düşüncə tərzimiz var. Bu mənada, qeyd olunan təklifi dəstəkləyənlərin məntiqini anlamaqda çətinlik çəkirəm… Bir anlıq təsəvvür edin ki, narkotikdən şəxsi istifadəyə görə həbs cəzası ləğv olunur:

Hər səhər Yasamalın yaşayış binalarının bloklarından toplanan şprislərin, həyətdə oynayan övladlarınızın adi oyuncağına çevrilməyəcəyinə dair zəmanətimiz varmı? Kəndlərimizdə çəpərlərin dibinə sinib, cəmiyyətdən və qanundan gizlənən, öz "kayfını" gizlicə yaşayan narkomanın, günün günorta çağı, məktəbdən çıxan uşaqlarımızın gözü önündə damarını deşməyəcəyindən əminikmi?

Dediyim kimi, biz fərqli toplumuq, əzizlərim. Bu sadalananların hamısını edə, üstəlik başqalarının balalarına öz taleyimizi yaşada və hətta, get-gedə normal həyat tərzi keçirənlərin üzərində üstünlük hüququ əldə edə bilərik (ki, bu sonuncu faktın, məşhur "Şamplena" hadisəsində şahidi olduq).

Hər halda, hörmətli Çingiz Qənizadə, "Bir nəfərin üzərindən yarım qram, 1 qram nəsə çıxmağa görə azadlıqdan məhrum etmək, hesab edirəm, düzgün deyil. Bu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır" – deyərkən, yuxarıda qeyd olunan böyük təhlükələri nəzərə almayıb. Yoxsa, baltanı bu qədər kökündən vurmağa tələsməzdi.

Milli Məclisin iclası, arxiv şəkli
© Sputnik / Murad Orujov

Yeri gəlmişkən, qismətdən, bu təklif məqbul hesab olunmadı. Yəni, hüquq-mühafizə orqanları, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə) dekriminallaşdırılmasının əleyhinə çıxdı.

Belə əsaslandırıldı ki: "Azərbaycanın yerləşdiyi coğrafi məkan elə bir yerdir ki, burada narkotiklərin qeyri-qanuni yolla tranzit kimi gətirilməsi cəhdləri baş verə bilər. Eyni zamanda, kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq. Bu da cinayətin sayına təsir göstərəcək".

Nəticədə, hüquq-mühafizə orqanlarının rəyi nəzərə alınaraq, şəxsi istifadəyə görə azadlıqdan məhrumetmə cəzasının ləğvi təklifi gündəlikdən çıxarıldı…

6003
Teqlər:
toplum, Çingiz Qənizadə, narkotik maddə, təklif, narkoman, cinayət, qanun, cəza, cəmiyyət, həbs
Əlaqədar
İlk dəfə ələ keçən narkomana güzəşt olunacaq
Millət vəkili: "Üstündən yarım qram narkotik tapılan adamı tutmaq olmaz"
Narkomanlar polislərə hücum etdilər
MTN polkovniki: "O məmurların övladlarının cibindən narkotik tapdıq"
Azərbaycanda narkomanlar həbs olunmayacaqlar
Ciminin adı narkotik alverində hallanır
Avropaya daşınan 6 ton narkotik ələ keçdi