Abdulla, arxiv şəkli

İraqda tapılan azərbaycanlı uşaqların gözyaşardıcı videosu yayıldı

2749
(Yenilənib 20:00 29.09.2017)
Həmin kadrlarda yaralı uşaqlar və onlara yardım göstərən hərbi formalı şəxslər də var

BAKI, 29 sentyabr — Sputnik. Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb. Yeni kadrda balaca Abdulla baş verənləri anladır.

— Siz bombanı hardan gətirdiniz?

— Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam.

Bu dialoq, İraqın Təlafər şəhərində yaralı uşaqlara yardım göstərən hərbi formalı şəxslə, son günlərdə ölkə gündəmini sarsıdan üç yaşlı Abdulla arasında baş verib. Xatırladaq ki, Sputnik Azərbaycan bu günlərdə Bağdaddakı sığınacaqlardan birində rusiyalı jurnalistlər tərəfindən videolentə alınmış azərbaycanlı uşaqlar — 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla barədə məlumat yaymışdı. Ölkə mediasında ictimailəşəndən sonra məsələyə dövlət rəsmiləri də reaksiya vermiş, Xədicə və Abdullanın Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülmüşdü.

Sputnik Azərbaycan, Abdullanın tapıldığı döyüş bölgəsində hərbçilərin yardım etdiyi bir qrup yaralı uşağın yer aldığı kadrları əldə edib. Kadrlarda hərbçilərdən biri Abdullaya türk dilində suallar verir və cavabları ərəb dilinə tərcümə edərək kameraya danışır.

Həmin kadrlarda yaralı uşaqlar və onlara yardım göstərən hərbi formalı şəxslər də var. Yaralı uşaqlardan biri onun yarasını sarıyana "ağrıyır qıçım" deyə qışqırır. Digər yaralı uşağa hərbi formalı adam türk dilində "çay iç" deyir və ona su verir. Suyu içən uşağa "az iç, qusarsan" deyir.

"Qıçım ağrıyır" deyən yaralı uşaq isə "ver-ver" deyə suyu həmin hərbçinin əlindən dartıb alaraq içir. Yerdə daha kiçik və kadrlardan da göründüyü kimi, ayağının biri dağılmış körpə uşaq heysiz halda inildəyir.

Ona tibbi yardım göstərilir. Sonra başqa bir uşaq yaralıların yanına gətirilir. Kadrlardan onun yaralı olduğu və heysiz bir halda qışqırdığı görünür. Hərbçilər onun üzünə su vurur, paltarlarını qayçı ilə kəsərək yaralarını sarımağa başlayırlar.

Kadrlarda arxa planda daşların üstündə oturan, toz-torpağa batmış başqa uşaqlar da görünür. Görünən budur ki, partlayış və bombardman nəticəsində dağılmış tikililərin altında qalan və qəlpə yaraları almış uşaqlar azərbaycanlılardır. Onlar öz valideynlərinin məsuliyyətsizliyi ucbatından yad torpaqlarda fiziki və psixoloji travmalar alıblar.

Üstəlik valideynlərini itirərək dillərini belə bilmədikləri insanların yardımına möhtac qalıblar. 

Kadrlarda ərəb dilində danışan şəxsin verdiyi məlumata görə, anaları özlərini partlatdıqdan sonra uşaqları xilas ediblər.

"Anaları qaçqın adı altında maskalanaraq 9-cu tank diviziyasının bölmələrinin yerləşdiri yerdə partlayış törətməyi planlaşdırıblar. Lakin bizim hərbçilər əvvəlcədən bu qadınların terrorçu-kamikadze olduqları barədə kəşfiyyat məlumatı əldə ediblər. Danışıqlar zamanı qadınlar təslim olmaqdan imtina ediblər və özlərini partladıblar" — deyə ərəb dilində danışan hərbçi bildirib. 

Onun sözlərinə görə, mənsub olduğu hərbi birliyin üzvləri bu qadınları və uşaqları təhlükəsiz yerə köçürmək istəyiblər.  

Sputnik Azərbaycan bu dəhşətli kadrları diqqətinizə təqdim edir. Ürəyi zəif olanlara baxmamağı tövsiyə edirik.

2749
Teqlər:
azərbaycanlı uşaqlar, Abdulla, yaralı, hərbçi, Bağdad, İraq
Əlaqədar
İŞİD-ə qoşulan azərbaycanlıların sayı bilindi
İŞİD-lə əlaqəsi olan 36 nəfər həbs edildi
Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”
İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar
Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

Cənubi Qafqazda bir ilk Azərbaycanda gerçəkləşir - VİDEO

2
(Yenilənib 15:35 13.04.2021)
Azərbaycan paytaxtını turistlər üçün maraqlı olan bölgələrlə birləşdirən yolda yeraltı tunel və ən uzun asma körpü tikilir. İşlərin gedişatını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Ölkəmizdə ilk dəfə olaraq məhz bu yolda asma körpü və yeraltı tunel çəkilir. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olacaq.

Sürücü Cəlal Eyyubov Sputnik Azərbaycan-a deyir ki, qışda həmin yolda sürüşmə çox olur: "Yollar buz bağlayır, sürücülər üçün, yolu yaxşı bilməyən insanlar üçün narahatlıq yaradır. Yayda da çox sıxlıq olur. Yay aylarında gəlib-gedən insanlar çox olur, yol isə dardır, ona görə də çox sıxlıq yaranır".

Digər sürücü Zabit Əzizov da bu qənaətdədir ki, əgər bu yol yenidən təmir olunarsa, inkişafımıza böyük təsiri olar: "Azərbaycanda ilk dəfə asma körpünün olması həm turist cəlb edəcək, həm də ölkənin prespektivli inkişafına böyük təsir edəcək. Asma körpünün qurulması tezliklə başa çatdırılsa, daha yaxşı olar. Tunel də bizdə birinci dəfə olacaq. Bizim bölgə turist bölgəsi olduğu üçün bunların olması daha çox turist cəlb edəcək".

Lahiyə rəhbəri Zahir Həsənovun sözlərinə görə, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində, Ağsu çayı üzərində tikilən asma körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76.5 metr, asma qüllələrin hündürlüyü isə 142 metr olacaq:

"Eyni zamanda yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayının minimuma endirmək və bu yolda baş verə biləcək sürüşmələrin qarşını mümkün qədər almaqdır".

Yol ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsu çayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır. Qeyd edilən körpünün tikintisi və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu region üzrə insanların rahat gediş-gəlişinin təmin edilməsi ilə yanaşı, turizm və kənd təsərrüfatının da inkişafına böyük töhfə verəcək.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

2
Dollar əskinasları və cüzdan, arxiv şəkli

"Dollar avronun devalvasiyası qaçılmazdır"

5
(Yenilənib 15:24 13.04.2021)
Azərbaycanda avro niyə ucuzlaşır? İqtisadçılar ölkədə avronun ucuzlaşmasının səbəblərindən danışıblar. "Ucuzlaşma ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu il ilk dəfə martın 30-da Azərbaycanda avronun məzənnəsi 2 manatdan aşağı düşərək 1,9998 manat olub. Cari ilin yanvarın 7-də ölkədə avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.

Bəs maraqlıdır, Azərbaycanda avronun ucuzlaşmasının səbəbləri nədir və bu proses davam edəcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşması dünya bazarında avro-dollar paritetindən yaranmış nəticədir: "Azərbaycanda manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7000 manat saxlanılıb. Ona görə adətən deyilir ki, manatın məzənnəsi sabitdir. Amma digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır, yəni çarpaz məzənnə hesablaması aparılır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Xüsusilə Co Bayden ABŞ Prezidenti seçiləndən sonra dollar dünya bazarlarında öz mövqeyini möhkəmləndirir. Bu, Azərbaycanda da avronun məzənnəsinin zəifləməsinə gətirib çıxarıb".

"Növbəti aylarda avronun bahalaşması gözlənilirmi?" sualına ekspert belə cavab verib: "Avropada pandemiyanın təsirlərini azaltmaq məqsədilə yumşaq şəkildə monetar və fiskal siyasət həyata keçirməyə çalışacaqlar. Bu da avronun mövqeyinin zəifləməsini şərtləndirə bilər. Əgər belə olsa, bu proses Azərbaycanda da avronun ucuzlaşmasını şərtləndirəcək".

"Ölkədə avronun ucuzlaşması kimlərə sərf edir?" məsələsinə gəlincə, iqtisadçı bildirib ki, bu, vətəndaşın və biznesin mövqeyindən asılıdır: "Avropadan idxal edənlər, Avropa ilə biznes əlaqələri olanlar üçün sərfəlidir. Lakin Avropaya məhsul satanlar üçün sərfəli deyil. Əgər şəxs aktivlərini avroda yerləşdiribsə və avro ucuzlaşırsa, bu, müəyyən itkilərə gətirib çıxarır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşmasının səbəbi ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır: "Avronun devalvasiya prosesi davam edəcək. Dollarda da artıq devalvasiya baş verir. Dolların xüsusi çəkisi dünya ticarətində, dünya iqtisadiyyatında azalır. Dollar və avronun devalvasiya prosesinin baş verməsi qaçılmazdır. Eyni zamanda, Avropa iqtisadiyyatındakı problemlər, qeyri-tarazlıq və s. avronun tədricən ucuzlaşmasına səbəb olacaq".

Professor bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsi əsasən dollarla aparılır: "Amma ümumiyyətlə, ixracat baxımından aparıcı ehtiyat valyutalarının zəifləməsi Azərbaycan üçün problemlərin yaranmasına səbəb olur. Çünki manat sabitdir, amma ixracat nəticəsində ölkəyə gələn valyuta zəifləməkdədir. Belə olan halda bunun ixracata mənfi təsiri olur. Lakin bütün bunlara baxmyaraq, manatın məzənnəsinin sabitliyi qorunmalıdır. Əks-halda, bu, ölkə iqtisadiyyatında ciddi qeyri-tarazlıqların dərinləşməsinə səbəb ola bilər. Ona görə də avronun ucuzlaşmasının beynəlxalq ticarətə, o cümlədən Azərbaycanın xarici ticarətinə təsiri olacaq".

"Biz ixracatda ilk növbədə yüksək texnoloji tutumlu sahələrin xüsusi çəkisinin artırılmasına nail olmalıyıq. Eyni zamanda tədricən texnologiyaların idxalına nail olmalıyıq ki, ölkəmizin rəqabət üstünlüyünün gücləndirilməsinə şərait yarada bilək", - deyə o əlavə edib.

5
Teqlər:
idxal, ixrac, dollar, Azərbaycan, ucuzlaşma, avro