Qandal

Azərbaycanda inqilabi dəyişiklik: Millət vəkili təfərrüatı açıqladı

3595
(Yenilənib 11:50 29.09.2017)
"Bu həll yolu həm cəza sisteminin yüngülləşdirilməsi baxımından, həm də cinayətkarlığın qarşısını almaq üçün effektivdir"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci (azadlığın məhdudlaşdırılması) maddəsi ağır yox, əsasən az ağır və yüngül iqtisadi cinayətlər törətmiş şəxslərə şamil olunacaq. Bu fikri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.

Milli Məclisin deputatı Azay Quliyev
Milli Məclisin deputatı Azay Quliyev

Prezident İlham Əliyevin təqdim etdiyi AR Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin əlavə olunmasını Sputnik Azərbaycan-a şərh edən Azay Quliyev bildirib ki, söhbət cəzaların liberallaşdırılmasından gedir. Deputatın fikrincə, bu alternativ cəza növü böyük ictimai təhlükə yaratmayan cinayətlərin törədilməsi zamanı, ittiham olunan şəxsin həbsinə mütləq zərurət olmayacağı təqdirdə tətbiq ediləcək.

Onun sözlərinə görə, cəzanın liberallaşdırılması siyasəti istintaqın gedişində və məhkəmə hökmünün icrası prosesində təqsirləndirilən şəxsin həbsxana şəraitində olmamasını ehtiva edir: "Burada iki vacib məqam var. Əgər şəxs istintaq orqanları ilə əməkdaşlıq edirsə və onun azadlıqda gəzməsi istintaqın gedişinə mane olmursa, bu şəxs müəyyən şərtlər daxilində azadlıqdan məhrum edilmədən də istintaq hərəkətlərinə cəlb edilə bilər".

"Məhkəmənin hökmünün icrası zamanı məhkum alternativ cəza növü ilə cəzalandırılır. Belə olan təqdirdə xarici ölkələrin təcrübəsindən çıxış edərək elektron bilərziklərdən istifadə edilir. Yəni bu adamın harada olduğunu təsbit etmək üçün, həm istintaqın gedişində, həm də sonrakı dövrdə nəzarətdən kənar qalmaması üçün elektron bilərziklərin taxılması məsələsi var. Bu da məhkumların fiziki əzablara məruz qalmaması, eyni zamanda hüquq-mühafizə orqanlarının nəzarəti altında qalması üçün nəzərdə tutulur" — deyə deputat bildirib.

Quliyev bunu Azərbaycanın qanunvericilik sahəsində inqilabi dəyişiklik adlandırıb. Onun sözlərinə görə, bu həll yolu həm cəza sisteminin yüngülləşdirilməsi baxımından, həm də cinayətkarlığın qarşısını almaq üçün effektivdir.

"Çünki həbsxana həyatı insanların taleyini alt-üst edir, onları normal cəmiyyətdən təcrid edir. Cəza verildikdən sonra insanlar daha çox neqativ istiqamətə yönəlirlər, nəinki qanuna tabe olan vətəndaşa çevrilirlər. Və bu, cəmiyyət üçün yeni problemlər yaradır. Bu sistem vətəndaşları normal həyatdan təcrid etməmək üçün həyata keçiriləcək" — millət vəkili vurğulayıb.

Azay Quliyev hesab edir ki, prezident tərəfindən qanunvericiliyə təqdim olunmuş bu maddə, hətta cinayət törətmiş, qanunu pozmuş vətəndaşa qarşı humanist bir addımdır və biz bunun müsbət nəticələrini görəcəyik: "Hələlik söhbətin hansı iqtisadi cinayətlərdən getdiyi məlum deyil. Yaxın günlərdə qanunun mexanizmləri üzərində iş başa çatacaq. Payız sessiyasında qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək".

Qeyd etmək lazımdır ki, əvvəllər AR CM-da 53 nömrəli maddə (azadlıqların məhdudlaşdırılması) olub, lakin 2011-ci ildə ləğv edilib.

Onu da diqqətə çatdıraq ki, İlham Əliyev 10 fevral 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.

3595
Teqlər:
azadlığın məhdudlaşdırılması, prezident İlham Əliyev, Azay Quliyev, Azərbaycan Respublikası, Milli Məclis, cinayət, deputat, cinayət məcəlləsi, cəza
Əlaqədar
Milli Məclisin deputatının keçmiş fəaliyyəti ilə bağlı cinayət işi açıldı
Rüstəmxanlı: “Bakının cinayətkarlardan təmizlənməsi şərəfli tarixdir”
Sabiq prezidentə qarşı cinayət işi açılıb
İki maddə ilə cinayət işi başlandı
Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsin digər cinayətləri üzə çıxıb
Göygöldə amansız cinayət

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8