Bağban Tahir Qurbanovun ixtira etdiyi qurğu

Vəhşilərin basqınına məruz qalan rayonumuzda ilginc müdafiə taktikası

1080
(Yenilənib 17:57 28.09.2017)
Azərbaycanda maraqlı yenilik: həm təbiətdən qoruyur, həm təbiətdəki yırtıcılardan

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov, bir neçə ildir ki, özünə məxsus pay torpağında üzüm bağı salıb. Tək olmasına baxmayaraq, etdiyi ixtiralar 1,5 ha-lıq təsərrüfatında onun köməyinə yetişir.

Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov
© Sputnik / Ilham Mustafa
Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov

O, öz təsərrüfatında avtomatlaşdırılmış otbiçən və kükürdsəpəndən istifadə edir. Bağbanın maraqlı ixtiralarından biri də yetişmiş üzüm bağını quşlardan və yırtıcı heyvanlardan qorumaq üçün istifadə etdiyi səs qurğusudur.

Tahir kişinin ixtira etdiyi qurğunun əsasında, yellənən zaman müxtəlif cür səslər çıxaran bu tənəkə qutular durur
© Sputnik / Ilham Mustafa
Tahir kişinin ixtira etdiyi qurğunun əsasında, yellənən zaman müxtəlif cür səslər çıxaran bu tənəkə qutular durur

Sadə formalı, lakin çox səmərəli olan qurğunu düzəltməzdən əvvəl, bağban bütün sahəyə ip çəkərək onlardan müxtəlif növ tənəkə qutular asıb. Sahənin kənarında dayanaraq əli ilə ipləri işə salan Tahir kişi, onu əvəz edəcək avtomatlaşmış qurğu yaratmağı qərarlaşdırıb. Yararsız avtomobillərin üzərindən çıxmış iki şüşəsilən əldə edən bağban, onları dirəyə bərkidərək iplərin bir ucunu mühərrikə birləşdirib.

Qurğunu işə salan mühərrik
© Sputnik / Ilham Mustafa
Qurğunu işə salan mühərrik

Akkumulyator vasitəsilə işə düşən qurğunun fasilələrlə işləməsi üçün isə ona tənzimləyici rele əlavə edib. Beləliklə, hər bir dəqiqədən bir avtomatik olaraq işə düşən qurğu vasitəsilə iplər dartılır və o, müxtəlif səslər çıxarır. Bu səsdən qorxan canlılar isə sahəyə girməyə cürət eləmir.

Kustar üsulla düzəldilmiş qurğunun zahiri görünüşü bir az qəribə olsa da, praktik əhəmiyyəti böyükdür
© Sputnik / Ilham Mustafa
Kustar üsulla düzəldilmiş qurğunun zahiri görünüşü bir az qəribə olsa da, praktik əhəmiyyəti böyükdür

Artıq neçə ildir bu qurğudan istifadə edən T. Qurbanov, Sputnik Azərbaycan-a onun səmərəliliyi haqda danışıb: "Məhsul yetişəndə quşlar və çaqqallar məhsula divan tuturdu. Ziyanvericilərin qarşısını almaqla maraqlandıqda, mənə Türkiyə istehsalı olan qurğu almağı məsləhət gördülər. Aldım gətirib, bir il ondan istifadə elədim".

Üzüm tənəkləri
© Sputnik / Ilham Mustafa
Bağbanın ixtira etdiyi qurğu məhsuldarlığa çox müsbət təsir göstərib

"Partlayış səsi ilə ziyanvericilərdə qorxu yaradan bu qurğu, sahənin yaşayış evlərinə yaxınlığı səbəbindən qonşularda da narahatlığa səbəb olurdu. Eyni zamanda, səsə öyrəşən canlılarda da ona qarşı alışqanlıq yaradırdı və yenə sahələrə hücum edirdilər" — fermer danışır.

Üzüm salxımları
© Sputnik / Ilham Mustafa
Üzüm salxımları

Və o, vəziyyətdən çıxış yolunu özü qurğu hazırlamaqda görür: "Nəticədə öz qurğumu hazırladım. Mənim düzəltdiyim bu qurğuda isə müxtəlif növ qutular asıldığından, çox qarışıq səslər çıxarır və buna qarşı canlılarda öyrəncəlik yaranmır, həm də narahatlığa səbəb olan səs də çıxarmır".

Tahir Qurbanovun kustar üsulla hazırladığı soyuducu
© Sputnik / Ilham Mustafa
Tahir Qurbanovun kustar üsulla hazırladığı soyuducu

Təsərrüfatçının səmərələşdirici ixtiraları bununla bitmir. O, məhsulu qışadək xarab olmadan saxlamaq üçün, həyətində kustar üsulla soyuducu da hazırlayıb. Bunun üçün xüsusi, pəncərəsiz bina tikən sənətkar, soyutmaq üçün tikiliyə iki kondisioner birləşdirib.

Buna təsərrüfatçının bəzən məhsulunu satmaqda çətinlik çəkməsi səbəb olub. O, artıq, becərdiyi məhsulu soyuducuya yığır, tələbat artdıqda isə satışa çıxarır.

1080
Teqlər:
Tahir Qurbanov, Xanlıqlar kəndi, qurğu, sahə, Qazax rayonu, ərazi, üzüm, partlayış, ixtira, məhsul, torpaq
Əlaqədar
Məşhur olmaq istəyən Yevlax sakinindən qeyri-adi ixtira
Arıqlamaq üçün möcüzəvi üsul ixtira olundu
Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər
İxtiraçısına fayda verməyib milyardların işini yüngülləşdirən kəşf