Mirələm Musazadə

Hər kəsi əfsunlayan Bakı sakini bir möcüzə gözləyir

1807
(Yenilənib 18:07 20.09.2017)
Paytaxt sakinlərini göz yaşına boğan gənc: "Bir səhv bütün həyatımı məhv elədi"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Bu günlərdə yolum "8-ci km bazarı"na düşmüşdü. Yeraltı keçiddən keçəndə həzin bir səs məni özünə çəkdi. İki gənc qarşılarına kiçik çanta qoyub, gitarada mahnı ifa edirdi. Dinləyicilər isə hərə öz büdcəsinə uyğun çantalarına pul atırdılar.

Əvvəlcə dayanıb gəncin ifasında "Kaman ayrılıq nəğməsi çalır" mahnısını dinlədim. Sonra yaxınlaşıb söhbətləşdik. Adı Mirələmdir — Mirələm Musazadə. Sözlərinə görə, 1992-ci ildə Lənkəran rayonunun Veravul kəndində dünyaya gəlib. Atası, o, uşaq olarkən anasından ayrılıb. Balaca Mirələm anasının himayəsində böyüyüb.

"Anam danışır ki, körpəlikdən musiqisevər olmuşam. Deyir ki, guya ilk dəfə "Əllərim bomboş" mahnısı oxumuşam. 5 yaşında anam məni Lənkəran musiqi məktəbinə qoyub" — danışır.

Sonralar ailəsi Bakıya köçən gənc ifaçı, İncəsənət Gimnaziyasında təhsil almağa başlayıb. Mirələmin yeganə arzusu müğənni olmaq olub. Buna görə də, məktəbdə yaşıdlarından fərqlənməyə çalışıb: "Vokaldan bizə Tükəzban İsmayılova dərs verirdi. O, dünyasını dəyişdikdən sonra Yalçın Rzazadə bizə dərs keçməyə başladı. Ailəmizdə həmin dövrlərdə güclü maddi sıxıntılar var idi. Bu səbəbdən də təhsilim zəifləyirdi. Musiqiyə heç marağım qalmamışdı".

Mirələm 2009-cu ildə gimnaziyanı bitirib. 2011-ci ildə isə hərbi xidmətə yola düşüb: "Böyük qardaşım ağır xəstə idi. Vərəm dispanserində yatırdı. Vəziyyəti çox pisləşdiyi üçün dözməyib, qardaşımı görmək üçün qaçdım. İki gün sonra yenidən hərbi hissəyə qayıtdım. Elə həmin gündən də hərbi hissə komandirləri ilə problemlər yaşamağa başladım".

"Zaman keçdikdə, vəziyyət dözülməz hal alırdı. Heç nə düşünə bilmirdim. Mənim üçün gələcək deyilən bir şey yox idi. Və yenidən hərbi hissədə dalaşıb, qaçdım. 2013-cü ildə Fizuli rayon Hərbi Məhkəməsinin qərarına görə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildim. Bu, mənim həyatda ən böyük səhvim idi. O səhv mənim bütün həyatımı məhv elədi. 2015-ci ilin noyabr ayında şərti azadlığa çıxdım" — həmsöhbətimiz deyir.

Mirələm həbsdən çıxandan sonra bir neçə yerdə çalışıb. Ancaq həbsxanada olması onun bütün gələcəyini məhv edib: "Toylara da dəvət edən yoxdur. İstəyərəm, toya gedim. Mən pul üçün oxumuram ki! Mən içimdən gəldiyi üçün oxuyuram".

Buna görə, indi ümidi ancaq səsinədir. Deyir ki, heç vaxt pul qazanmağa görə oxumayıb. Ancaq vəziyyət elə gətirib ki, iki aydır keçiddə mahnılar oxuyur…

Günə 20-30 manat qazanan gənc ifaçının böyük arzuları var. Amma onun öz arzularının həyata keçəcəyinə inamı yoxdur. Bəlkə də səsinə hüzn gətirən də onun ümidsizliyidir. Deyir ki, bu günə kimi ona söz verənlərin heç biri, sözünə əməl etməyib.

"Bəzən gəzirəm, dolanıram, hər şeydən bezib gəlib başlayıram oxumağa. O zaman daha ürəkdən oxuyuram. Bu günə kimi dinləyicilərdən biri mənə 10 manat verib. Başqaları nəyə gücləri çatdı, verirlər" — o, əlavə edir.

Dediyinə görə, çalışır ki, onun musiqi ifa etdiyi yerə çox adam yığılmasın: "Bilirsiniz də, buna icazə yoxdur. Heç yadımdan çıxmır, bir müddət əvvəl bir qadın pilləkəndə oturub, "Ayrılıq nəğməsi" nə qulaq asıb ağlayırdı. Belə dinləyiciləri görəndə daha da həvəslənirəm".

Sevdiyi qız da var gənc ifaçının. Danışır ki, o qız üçün hər zaman "Ala gözlüm" mahnısı ifa edir. Mirələmin arzusu Türkiyəyə getmək, müsabiqələrdə iştirak etməkdir. Amma bu arzusunu reallaşdıracağına inana bilmir. Arzularının həyata keçməsi üçün isə deyir ki, möcüzəyə ehtiyacı var. Kimsə bu gənc ifaçının möcüzəsini reallaşdıra bilər…

1807
Teqlər:
Mirələm musazadə, yeraltı keçid, "8-ci km bazarı", gitara, ifa, musiqi, səs, mahnı
Əlaqədar
Azərbaycanda fenomen böyüyür
Bakı küçələrində atalı-analı yetimlər: yavrum, qızım, adın nədir...?
Bakıda küçəyə atılmış azyaşlı uşaqlara kimsə sahib çıxmır